Axtar
az|рус|eng
Qanunvericilik

Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2003-cü il

478-IIQ

 


 

 

Azərbaycan Respublikasının 2003-cü il

17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Bələdiyyələrin vergi xidməti orqanı haqqında

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1.1. Bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir.

1.2. Bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, "Büdcə sistemi haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada təfsir edilir.

 

II. Bələdİyyələrİn vergİ xİdmətİ orqanının təşkİlİ

 

2.1. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyələrin qərarına əsasən bələdiyyələrin icra aparatının strukturunda yaradılır.

2.2. Ərazi, maliyyə imkanları, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin sayı və digər meyarlardan asılı olaraq bir neçə bələdiyyə saziş əsasında onlara xidmət göstərən vergi xidməti orqanı yarada bilər. Sazişdə vergi xidməti orqanının xidmət göstərdiyi bələdiyyələrin adı, sazişin qüvvədə olma müddəti, bələdiyyənin sazişdən çıxma şərtləri, vergi xidməti orqanının saxlanılması xərclərinin bələdiyyələr arasında bölgüsü qaydası göstərilməlidir.

2.3. Bələdiyyələrə yerli (bələdiyyə) vergi və ödənişlərin düzgün hesablanmasında, tam məbləğdə və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə riayət edilməsində metodiki rəhbərlik müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

III. Bələdİyyələrİn vergİ xİdmətİ orqanının vəzİfələrİ və hüquqları

 

3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır:

3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir;[1]

3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir;

3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir;

3.1.4. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin artıq ödədikləri məbləğlərin qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzləşdirilməsini yaxud geri qaytarılmasını təmin edir;

3.1.5. qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunu aparır;

3.1.6. müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar verir;

3.1.7. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərindən daxil olmuş sorğuların, müraciətlərin və təkliflərin qeydiyyatını aparır, onları qruplaşdırır və təhlil edir;

3.1.8. səlahiyyətlərinə aid olan məsələlər üzrə bələdiyyələrə təkliflər verir;

3.1.9. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə yerli vergilərə dair normativ hüquqi aktlar və bələdiyyələrin qərarları barədə məlumat verir;

3.1.10. yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicilərinin vergi və kommersiya sirrini qoruyur;

3.1.11. səlahiyyətinə aid məsələlər üzrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinə arayışlar (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) və izahatlar verir;[2]

3.1.12. bələdiyyələrin qərarlarını icra edir;

3.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır:

3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək;

3.2.2. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək;

3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək;

3.2.4. yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicilərinin ayrı-ayrı kateqoriyalarının bu vergi və ödənişləri ödəməkdən qanunvericiliyə müvafiq olaraq azad edilməsi yaxud onlara güzəştlərin tətbiqi barədə bələdiyyələrə təkliflər vermək;

3.3. Bələdiyyələrin vergi xidməti orqanı bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə ərazisində mehmanxanadan və sanatoriya-kurort müəssisələrindən alınan yerli ödənişlərin hesablanmasının və ödənilməsinin düzgünlüyünü araşdırmaq məqsədi ilə dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər. Bunun üçün bələdiyyə bu bənddə göstərilən səyyar vergi yoxlamalarında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə dövlət vergi orqanına müraciət etməlidir.

 

IV. Bələdİyyələrİn vergİ xİdmətİ orqanının vəzİfəlİ şəxslərİ

 

4.1. Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə qulluqçularıdır.

4.2. Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri bələdiyyə sədrinin təqdimatı ilə bələdiyyə tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.

4.3. Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində bələdiyyə qulluqçuları üçün qulluqla bağlı qadağalar nəzərə alınmaqla, sahibkarlıq fəaliyyəti ilə və elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.

 

V. Yerlİ (bələdİyyə) vergİlərİn və ödənİşlərİn ödənİlməsİnə nəzarətİn təşkİlİ

 

5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir.

5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir.

5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir.

5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər.

5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır.

5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir.

5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir.

5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.

5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir.

5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir.

5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər.

5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

 

VI. Bələdİyyələrİn vergİ xİdmətİ orqanı İlə yerlİ (bələdİyyə) vergİlərİn və ödənİşlərİn ödəyİcİlərİnİn münasİbətlərİ

 

6.1. Bələdiyyələrin vergi xidməti orqanı ilə yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin münasibətləri Azərbaycan Respublikası Vergi Məcəlləsinə, digər qanunvericilik aktlarına və bu Əsasnaməyə müvafiq olaraq həyata keçirilir.

6.2. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyənin qərarlarından, bələdiyyənin sədrinin (onun müavininin) hərəkətlərindən (hərəkətsizliyindən) müvafiq olaraq bələdiyyə sədrinə (onun müavininə) və (və ya) məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına şikayət etmək hüququna malikdirlər. Bələdiyyə və bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsləri hüquqa zidd hərəkətləri və ya hərəkətsizliyi yaxud qərarları nəticəsində ödəyicilərə dəymiş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.[3]

6.3. Ödəyicinin bələdiyyə sədrinə (onun müavininə) şikayət verməsi onun eyni vaxtda yaxud sonradan məhkəməyə, digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə mane olmur.[4]

6.4. Bələdiyyə vergi xidməti orqanının aktlarından, bələdiyyənin sədrinin (onun müavininin), bələdiyyə vergi xidməti orqanı vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən), habelə bələdiyyə qərarlarından şikayət müvafiq olaraq bələdiyyənin sədrinə (onun müavininə) yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisi tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi gündən 3 ay müddətində verilir. Ödəyici üzrlü səbəbdən bu bənddə göstərilən müddəti buraxmışdırsa, həmin müddət bələdiyyə sədri (onun müavini) tərəfindən bərpa edilə bilər.[5]

6.5. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə ödəyici tərəfindən şikayətin verilməsi, bu Əsasnamənin 6.5-1-ci maddəsinə əsasən vergilərin və ödənişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, onların ödənişini dayandırmır. Ödəyici, şikayətinə baxılma müddətində ona tətbiq olunmuş maliyyə sanksiyalarını ödəməyə bilər. [6]

6.5-1. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə şikayət verildiyi hallarda, vergilərin və ödənişlərin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. [7]

6.6. Bələdiyyə tərəfindən yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicisinin şikayətinə həmin şikayət alındığı gündən 30 gün müddətində baxılmalıdır. Qəbul edilmiş qərar barəsində şikayətçiyə 10 gün ərzində yazılı məlumat verilməlidir.

 

VII. Bələdİyyələrİn vergİ xİdmətİ orqanının fəalİyyətİnə nəzarət

 

7.1. Bələdiyyənin vergi xidməti orqanının fəaliyyətinə nəzarət müvafiq bələdiyyə (bələdiyyələr) tərəfindən, habelə qanunvericiliklə müəyyən edilmiş digər qaydada həyata keçirilir.

7.2. Bələdiyyələrin vergi xidməti orqanlarının fəaliyyəti ildə bir dəfədən az olmayaraq müvafiq bələdiyyənin (bələdiyyələrin) iclasında müzakirə olunur və müzakirə nəticəsində qərar qəbul edilir.

7.3. Bələdiyyələrin vergi xidməti orqanının vəzifəli şəxsləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 67)

2.       16 dekabr 2014-cü il tarixli 1147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2015-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 87)

3.       16 dekabr 2014-cü il tarixli 1149-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2015-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 89)

4.       17 may 2016-cı il tarixli 239-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 1 iyul 2016-cı il, 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 983)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 16 dekabr 2014-cü il tarixli 1149-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2015-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 89) ilə Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə nin 3.1.1-ci maddəsində tam məbləğdə sözlərindən sonra banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə sözləri əlavə edilmişdir.

 

[2] 16 dekabr 2014-cü il tarixli 1147-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2015-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 87) ilə Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə nin 3.1.11-ci maddəsində arayışlar sözündən sonra (o cümlədən, hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə arayışlar) sözləri əlavə edilmişdir.

 

[3] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 67) ilə "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"nin 6.2-ci bəndindən ",bələdiyyə şurasına" sözləri çıxarılmışdır.

 

[4] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 67) ilə "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"nin 6.3-cü bəndindən "yaxud bələdiyyə şurasına" sözləri çıxarılmışdır.

 

[5] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 67) ilə "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"nin 6.4-cü bəndindən ",bələdiyyə şurasına" sözləri çıxarılmışdır.

 

[6] 17 may 2016-cı il tarixli 239-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 1 iyul 2016-cı il, 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 983) ilə Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə nin 6.5-ci maddənin birinci cümləsinə şikayətin verilməsi sözlərindən sonra , bu Əsasnamənin 6.5-1-ci maddəsinə əsasən vergilərin və ödənişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, sözləri əlavə edilmişdir.

 

[7] 17 may 2016-cı il tarixli 239-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 1 iyul 2016-cı il, 140, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 6, maddə 983) ilə Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə nə yeni məzmunda 6.5-1-ci maddə əlavə edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.