Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında» sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında» 2004-cü il noyabrın 5-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 1 mart 2005-ci il.

826-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 aprel 2005-ci il, 75) .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, 3, maddə 137) .


Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında

Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə beynəlxalq əməkdaşlığın və qarşılıqlı yardımın vacibliyindən çıxış edərək, bu məqsədlə bir-birinə daha geniş yardım etmək istəyi ilə aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Terminlərin anlayışı

Bu Sazişin məqsədləri üçün tətbiq edilən terminlər aşağıdakıları ifadə edir:

«vergi qanunvericiliyi»-Tərəfin dövlətinin ərazisində vergiləri, yığımları (rüsumları) və onların tutulması qaydalarını müəyyən edən və vergi öhdəliklərinin yaranması, dəyişilməsi və ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlar sistemidir;

«Vergi qanunvericiliyinin pozulması»-vergi ödəyicisi (vergilərin yığımların (rüsumların) ödəyicisi) tərəfindən vergi qanunvericiliyinin normalarının yerinə yetirilməməsi, yaxud lazımi qaydada yerinə yetirilməməsi ilə ifadə olunan və barəsində hüquqi məsuliyyət müəyyən edilmiş qeyri-qanuni hərəkət və yaxud hərəkətsizlikdir;

«səlahiyyətli vergi orqanları»:

Azərbaycan Respublikasına münasibətdə-Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

Belarus Respublikasına münasibətdə-Belarus Respublikasının Vergilər və Yığımlar Nazirliyi;

«sorğu edən vergi xidməti»-vergi məsələləri üzrə yardım göstərilməsi barədə sorğu (bundan sonra-«yardım haqqında sorğu») verən Tərəfin səlahiyyətli vergi orqanı;

«sorğu edilən vergi xidməti»-yardım haqqında sorğu alan Tərəfin səlahiyyətli vergi orqanı.

Maddə 2. Sazişin tətbiq dairəsi

Vergi qanunvericiliyinə lazımi qaydada əməl olunmasını təmin etmək məqsədilə Tərəflər səlahiyyətli vergi orqanları vasitəsilə bir-birinə aşağıdakı məsələlər üzrə qarşılıqlı yardım göstərirlər:

vergi qanunvericiliyinin pozulmasının qarşısının alınması və aradan qaldırılması;

sorğu və ya təşəbbüs əsasında hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl edilməsi barədə məlumatların təqdim edilməsi;

milli vergi sistemləri və vergi qanunvericiliyinə cari dəyişikliklər barədə məlumatların təqdim edilməsi;

vergi orqanlarının işini təmin edən kompüter sistemlərinin yaradılması və işlənilməsi;

vergi qanunvericiliyinə əməl edilməsinə nəzarətin təmin edilməsi üzrə metodiki tövsiyələrin işlənməsi də daxil olmaqla, vergi ödəyiciləri (vergilərin, yığımların (rüsumların) ödəyiciləri) və vergi orqanları ilə işin təşkili;

kadrların hazırlanması və mütəxəssis mübadiləsi;

birgə fəaliyyət tələb edən digər məsələlər üzrə.

Bu Sazişin müddəaları Tərəflər arasında bağlanmış digər sazişlərə müvafiq olaraq səlahiyyətli vergi orqanlarının əməkdaşlığına mane olmur.

Maddə 3. Yardımın göstərilməsi haqqında sorğunun forması və məzmunu

Yardım haqqında sorğu onun baxılması üçün zəruri olan sənədlər əlavə edilməklə yazılı formada göndərilir. Fövqəladə hallarda yardım haqqında sorğu mümkün qədər qısa müddətdə yazılı surətdə təsdiq edilməklə şifahi formada edilə bilər.

Yardım haqqında sorğuya aşağıdakılar daxil edilməlidir:

sorğu edən vergi xidmətinin adı;

sorğu edilən vergi xidmətinin adı;

sorğunun məqsədi və səbəbi;

barəsində sorğu edilən vergi ödəyicisinin (vergilərin, yığımların (rüsumların) ödəyicisinin) adı (soyadı, adı, atasının adı), ünvanı (olduğu yer, yaxud yaşadığı yer) və/və ya identifikasiya nömrəsi;

baxılan dövr və konkret vergi (yığım, rüsum) növləri göstərilməklə, sorğunun və onunla bağlı hüquqi şəraitin məğzinin qısa şərhi.

Yardım haqqında sorğu rus və ya ingilis dillərində tərtib edilməlidir.

Sorğu edilən vergi xidməti aldığı yardım haqqında sorğu üzrə əlavə məlumat tələb etmək hüququna malikdir.

Maddə 4. Yardım haqqında sorğunun icrası qaydası

Səlahiyyətli vergi orqanları milli qanunvericiliyə müvafiq olaraq və öz səlahiyyətləri çərçivəsində bir-birinə yardım edirlər.

Sorğu edən vergi xidməti onun xahişi əsasında, yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirilən hərəkətlərin vaxtı və həyata keçirilməsi yeri haqqında məlumatlandırıla bilər, onun nümayəndələri isə əlavə razılıq əsasında onların həyata keçirilməsində iştirak edə bilərlər.

Əgər yardım haqqında sorğu, sorğu edilən vergi xidməti tərəfindən icra edilə bilmirsə, o, sorğu daxil olduğu gündən otuz gün ərzində yardım göstərilməsindən imtinanın səbəbi göstərilməklə, sorğu edən vergi xidmətinə bu barədə yazılı məlumat verir.

Yardım haqqında sorğunun icrası sorğu edilən Tərəfin milli qanunvericiliyinə və inzibati təcrübəsinə ziddirsə, bu halda onun icrasından imtina edilə bilər.

Yardım haqqında sorğunun icrası ilə bağlı öz dövlətinin ərazisindəki bütün xərcləri sorğu edilən Tərəf çəkir.

Yardım haqqında sorğuya cavab, həmçinin sorğu üzrə materiallar rus və ya ingilis dilində təqdim edilir.

Maddə 5. Təqdim edilən məlumatın tərtibi

Səlahiyyətli vergi orqanları öz təşəbbüsləri və ya yardım haqqında sorğu əsasında bir-birinə aşağıdakılar barədə məlumatları təqdim edirlər:

olduğu yer, tabeliyi, mülkiyyət forması və başqa məlumatlar da daxil olmaqla, hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin qeydiyyatı barədə;

olduğu yer barədə məlumatlar da daxil olmaqla, fərdi sahibkarların qeydiyyatları barədə;

hüquqi və fiziki şəxslər tərəfindən dövlət və kommersiya banklarında hesabların açılması, habelə bu hesablardakı pul vəsaitlərinin mövcudluğu və hərəkəti barədə, əgər bu məlumatların təqdim edilməsi Tərəflərin milli qanunvericiliyinə zidd deyilsə;

fiziki və hüquqi şəxslərin bu Tərəfin dövlətinin ərazisində əldə edilmiş bütün vergitutma obyekti növləri, ödənilmiş vergi (rüsum) məbləğləri və ya vergitutma ilə bağlı olan digər məlumatlar barədə.

Maddə 6. Sənədlərin və digər materialların təqdim edilməsi

Sorğu edilən vergi xidməti yardım haqqında sorğu əsasında yardım haqqında sorğunun icrası üçün zəruri olan normativ hüquqi aktları, sənədlərin təsdiq edilmiş surətlərini və digər materialları təqdim edir.

Sənədlərin və digər materialların əsli, təsdiq edilmiş surətlər kifayət etmədiyi halda tələb oluna bilər. Sənədlərin və digər materialların verilmiş əsli razılaşdırılmış müddətlərdə geri qaytarılmalıdır.

Materiallar, onların sonradan rəsmi təsdiq edilməsi şərtilə bu materialların şərhi üçün zəruri olan əlavə müşayiətedici məlumat verilməklə, faksimil və ya elektron rabitə vasitələri ilə təqdim edilə bilər.

Zəruri hallarda bir Tərəfin vergi orqanları, hüquqi və fiziki şəxslərin digər Tərəfin dövlətinin ərazisində vergiyə cəlb edilməsi üçün tələb olunan sənədlərini təsdiq edir.

Maddə 7. Məlumatın verilməsi qaydası

Məlumatın verilməsi qaydası səlahiyyətli vergi orqanlarının razılaşması əsasında müəyyən edilir.

Yardım, səlahiyyətli vergi orqanlarının rəhbərləri tərəfindən təyin edilən vəzifəli şəxslərin birbaşa əlaqələri çərçivəsində həyata keçirilir.

Maddə 8. Məxfiliyə əməl edilməsi

Konkret vergi ödəyicilərinə aid olan məlumat məxfi sayılır və Tərəfin milli qanunvericiliyinə və sorğu edilən səlahiyyətli vergi orqanının tələblərinə müvafiq olaraq mühafizə rejimi ilə təmin edilir.

Alınmış məlumatdan, sorğu edən vergi xidməti yalnız bu Sazişdə nəzərdə tutulan məqsədlər, o cümlədən inzibati və məhkəmə təhqiqatı üçün istifadə edə bilərlər. Məlumatdan başqa məqsədlər üçün yalnız sorğu edilən vergi orqanının razılığı ilə istifadə edilə bilər.

Maddə 9. Sazişin icrası

Tərəflər arasında əməkdaşlığın və qarşılıqlı yardım göstərilməsinin konkret forma və üsulları səlahiyyətli vergi orqanları tərəfindən təyin edilən vəzifəli şəxslərin birbaşa əlaqələri yolu ilə müəyyən edilir və həyata keçirilir. Bu məqsədlə, səlahiyyətli vergi orqanları öz vəzifəli şəxslərini təyin edir və onlar barədə bir-birinə məlumat verirlər.

Tərəflərin səlahiyyətli vergi orqanları bu Sazişin şərhi və tətbiqi zamanı yarana bilən mübahisəli məsələlərin həllində qarşılıqlı razılığa nail olmağa çalışacaqlar.

Tərəflərin səlahiyyətli vergi orqanları zəruri hallarda bu Sazişin həyata keçirilməsinin və ona dəyişikliklər edilməsinin məqsədəuyğunluğunun qiymətləndirilməsi ilə bağlı məsləhətləşmələr aparacaqlar. Bu cür məsləhətləşmələrin müddəti əlavə olaraq müəyyən edilir.

Tərəflərin səlahiyyətli vergi orqanları birlikdə bu Sazişin müddəalarının həyata keçirilməsi üçün müvafiq prosedurlar hazırlaya və razılaşdıra bilərlər.

Maddə 10. Digər beynəlxalq müqavilələr

Bu Saziş Azərbaycan Respublikasının və Belarus Respublikasının iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərə toxunmur.

Maddə 11. Əlavə və dəyişikliklər

Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə, onun ayrılmaz hissəsi olan və bu Sazişin 12-ci maddəsinə müvafiq olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 12. Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi

Bu Sazişin Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildirişin alındığı gündən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır. Tərəflərdən heç biri bu müddətin bitməsinə ən azı altı ay qalmış bu Sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq sonrakı beşillik müddətlərə uzadılır.

Bakı şəhərində 5 noyabr 2004-cü il tarixində, hər biri Azərbaycan və rus dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində olan mətn əsas götürülür.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

Belarus Respublikası
Hökunıəti adından
(imza)




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.