Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası vergilər nazirinin
27 iyul 2016-cı il tarixli 1617040101123600 nömrəli əmri ilə təsdiq edilmişdir

(Vergilər Nazirliyinun 19.01.2017-ci il tarixli 1717040100100400 nömrəli,
06.06.2017-ci il tarixli 1717040100845600 nömrəli və 06.10.2017-ci il tarixli
1717040101435800 nömrəli əmrlər ilə edilmiş dəyişikliklərlə)

 

Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi

Q A Y D A L A R I

 

I HİSSƏ

 

1.    Ümumi müddəalar

1.1. “Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, Azərbaycan Respublikasının digər qanunlarının, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının, həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin, digər aidiyyəti hüquqi aktların və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə  uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi, vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar zəruri informasiya ilə təmin edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsində onlara metodiki köməkliyin göstərilməsi, vergi orqanları tərəfindən göstərilən xidmətlərdən, o cümlədən elektron xidmətlərdən istifadənin daha asan formada təşkili və bununla da könüllü əməletmənin yüksəldilməsi istiqamətində dövlət vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətini tənzimləmək məqsədilə hazırlanmışdır.

1.3. Bu Qaydalar vergi ödəyicilərinə göstərilən xidmətlərin istiqamətlərini, xidmətə olan ümumi tələbləri, xidmətlərin göstərilməsi həyata keçirilən yerlərə və xidməti göstərən vergi orqanı əməkdaşının davranış və ünsiyyətinə dair ümumi normaları, göstərilən xidmətlərin məzmununu, həyata keçirilmə forma və prosedurlarını, xidmətin göstərilməsinə nəzarətin təşkili məsələlərini müəyyən edir.

 

2.         Əsas anlayışlar

 Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

2.1. Vergi orqanı – tərkibində vergi ödəyicilərinə xidmət strukturu (əməkdaşı) olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi və ya nazirlik) və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin struktur bölmələri;

2.2. Vergi ödəyicisi – istənilən fiziki şəxs və ya hüquqi şəxsin qanuni təmsilçisi, onların səlahiyyətli nümayəndələri, hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının rəhbərləri və onların səlahiyyətli nümayəndələri; 

2.3. Müvafiq struktur vahid - Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən struktur vahidi;

2.4. Vergi ödəyicilərinə xidmət mərkəzi (bundan sonra - xidmət mərkəzi) – vergi orqanları tərəfindən vergi ödəyicilərinin bu Qaydalara uyğun olaraq qəbul edildiyi və onlara xidmətlərin göstərildiyi məkan;

2.4-1. “ASAN xidmət” mərkəzi - Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan və dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurum;

2.5. Şöbə rəhbəri - vergi orqanının tərkibindəki vergi ödəyicilərinə xidmət strukturunun rəhbəri, o cümlədən şöbə (bölmə) olmayan vergi orqanlarında vergi ödəyicilərinə xidmət üzrə (vergi ödəyicilərinin məlumatlandırılması üzrə) mütəxəssis, əməkdaş;

2.6. Məsul şəxs - bu Qaydalara uyğun olaraq xidmət mərkəzlərində, ünvanlı xidmətlərin göstərilməsi, görüşlərin və digər tədbirlərin keçirilməsi üçün vergi orqanının rəhbər vəzifəli şəxsi  tərəfindən müəyyən edilən vergi orqanı əməkdaşı;

Məsul şəxs eyni zamanda xidmət mərkəzlərində bu Qaydalar və nazirliyin digər normativ aktları ilə müəyyən edilən sənədləri imzalayan və möhürlə təsdiq edən səlahiyyətli vəzifəli şəxsdir.

Xidmət mərkəzlərində, ünvanlı xidmətlərin göstərilməsi, görüşlərin və digər tədbirlərin keçirilməsi prosesində bir təmsilçi olduqda, o eyni zamanda məsul şəxs hesab olunur.

2.7. Təmsilçi – xidmət mərkəzinə müraciət edənləri qəbul edən və xidmət göstərən şəxs,  görüş və ünvanlı xidmətin təşkilində və keçirilməsində iştirak edən, telefon vasitəsilə xidmət göstərən vergi orqanının əməkdaşı;

2.8. Görüş –bu Qaydalara uyğun təşkil olunaraq müəyyən edilmiş şəxslərlə qrup halında, o cümlədən təlim, seminar, dəyirmi masa və s. formatda keçirilən tədbir.

2.9. Təlim – iştirakçıların müvafiq sahədə praktiki vərdişlərə yiyələnməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən tədbir;

2.10. Seminar – iştirakçılara müvafiq sahədə konkret mövzu, xüsusilə yeniliklər barədə daha çox nəzəri biliklərin çatdırılması, onların məlumatlandırılması məqsədilə keçirilən tədbir.

2.11. Dəyirmi masa – aktual mövzu ətrafında kollektiv müzakirələrin, fikir mübadiləsinin aparılması məqsədilə keçirilən tədbir;

2.12. Ünvanlı xidmət – vergi qanunvericiliyinin və vergi inzibatçılığının tələblərinə düzgün əməl olunması, vergi risklərinin minimallaşdırılması məqsədilə vergi ödəyicisinə fərdi qaydada göstərilən xidmət;

2.13. Riskli vergi ödəyiciləri – bu Qaydaların 10.3-cü bəndində göstərilən, Vergilər Nazirliyi, o cümlədən müvafiq struktur vahid tərəfindən müəyyən edilmiş meyarlar əsasında seçilmiş vergi ödəyiciləri;

2.14. Vergi ödəyicilərinə xidmətlərin vahid standartları - vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən bütün xidmətlər - təyinatına görə ayrıca kodu, xidmətin adı, xidmətin göstərilməsi üçün tələb olunan sənədlər, xidmətin göstərilməsinə əsas verən normativ aktlar, icra müddəti, xidmətin göstərilməsinin nəticəsi, elektronlaşdırma səviyyəsi, xidmətin göstərildiyi və emal edildiyi yer (vergi orqanı və onun strukturu) əhatə olunmaqla Vergilər Nazirliyi tərəfindən vahid reyestr formasında qəbul edilən sənəd;

2.15. AVİS - Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi;

2.16. E-qutu - AVİS daxilində elektron sənəd mübadiləsi üçün hər bir istifadəçiyə ayrılmış fərdi elektron qutu (elektron poçt qutusu).

 

3.         Xidmət kanalları

3.1. Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi, məlumatlandırma və maarifləndirmə əsasən aşağıdakı kanallar vasitəsilə həyata keçirilir:

- internet resursları;

- Çağrı mərkəzi;

- xidmət mərkəzləri;

- ünvanlı xidmətlərin göstərilməsi;

 - görüşlərin və digər tədbirlərin keçirilməsi;

- vergi ödəyiciləri ilə yazışmalar;

- kütləvi informasiya vasitələri.

Məlumatlandırma, maarifləndirmə və vergi təbliğatı tədbirləri buklet və digər nəşrlər, reklam daşıyıcıları, sərgilər, müsabiqə və sorğular, fleşmoblar və digər belə vasitələrlə də aparılır.

3.2. Vergilər Nazirliyinin rəsmi internet resursları və çağrı mərkəzi vasitəsilə xidmətlərin göstərilməsi digər aidiyyəti normativ sənədlərə uyğun həyata keçirilir.

3.3. Bu Qaydaların 3.1-ci bəndində göstərilən xidmət kanalları vasitəsilə xidmətlər qəbul edilmiş hüquqi akt və ya razılaşma sənədi əsasında Vergilər Nazirliyi tərəfindən digər dövlət və bələdiyyə orqanları, müəssisələr, habelə qeyri-hökumət təşkilatları, ictimai birliklər və xüsusi dəvət olunmuş mütəxəssislərlə birgə həyata keçirilə bilər.

 

4.         Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi üzrə prinsip və tələblər

4.1. Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin göstərilməsində aşağıdakı prinsipləri rəhbər tutur:

- müraciət yerindən və üsulundan asılı olmayaraq keyfiyyətli xidmətlərin göstərilməsi;

- göstərilən xidmətlərdən razıqalma səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun üstün tutulması;

- vergi qanunvericiliyinə könüllü əməletmənin və vergi ödəyicilərinin intizamlılıq səviyyəsinin yüksəldilməsi;

- daha səmərəli xidmət prosedurlarının tətbiqi, xidmətlərin əlçatan olması və xidmət göstərilmə müddətinin qısaldılması;

- xidmətlərin sadə və asan formada göstərilməsi, məlumat və izahatların hamı üçün anlaşılan tərzdə verilməsi;

- xidmətlərin göstərilməsi həyata keçirilən yerlərdə (xidmət mərkəzlərində, struktur  bölmələrdə, görüşlər və digər tədbirlərin keçiriləcəyi yerlərdə) rahat və səmərəli şəraitin yaradılması;

- xidmət göstərən əməkdaşların peşə hazırlığı səviyyəsinin, bilik və təcrübələrinin artırılması.

4.2. Bu Qaydaların 4.1-ci bəndində qeyd olunan prinsiplər əsas götürülməklə, könüllü əməletmə və vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq struktur vahid tərəfindən vergi orqanının nəzarət əhatəsinə daxil olan ərazi, vergi ödəyicilərinin sayı, mövcud resurs və imkanlar, yerli şərait nəzərə alınmaqla ayrı-ayrı meyarlar üzrə hədəflər müəyyən edilir. Hədəf göstəriciləri aparılan təhlil və araşdırmalar əsasında bir qayda olaraq illik müəyyən edilir, il ərzində zərurət yaranarsa həmin hədəflər dəyişdirilə bilər.

4.3. Vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarının və təmsilçilərin fəaliyyət sahəsi üzrə bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, tələb olunan istiqamətlər üzrə təlimlərin keçirilməsi və müvafiq sahə üzrə onların biliklərinin qiymətləndirilməsi “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”na və “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na uyğun həyata keçirilir.

4.4. Vergilər Nazirliyinin müvafiq struktur vahidi tərəfindən təmsilçilərin iş təcrübəsinin və peşə-ixtisas səviyyəsinin artırılması, vergi qanunvericiliyində və inzibatçılıqda edilən yeniliklərin mənimsənilməsi, habelə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə təlim tələbatları müəyyən edilməklə vaxtaşırı təlimlər təşkil edilir. Təlim tələbatları əsasən aparılan monitorinq və təhlillər, keçirilən sorğular vasitəsilə müəyyən edilir.

4.5. Vergi orqanına yeni təyin olunan əməkdaş müvafiq təlim kursu keçmədən, müstəqil şəkildə xidmətlərin göstərilməsi prosesinə cəlb edilə bilməz. Yeni təyin olunan əməkdaş təlim kursu başlayanadək xidmət prosesində köməkçi funksiyaların yerinə yetirilməsinə cəlb olunmalı, onun praktiki vərdişlərə yiyələnməsi təmin edilməlidir.

4.6. Vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarına keçirilən təlim kurslarına ünsiyyət, davranış, müştəriyə yönümlü xidmət, “çətin” müştərilərlə iş kimi mövzular daxil edilməli və ya bu mövzularda ayrıca təlimlər təşkil edilməlidir. Belə mövzular üzrə təlimlərə kənar mütəxəssislər də cəlb edilə bilər.

4.7. Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi zamanı təmsilçi vergi ödəyicilərinə münasibətdə aşağıdakı peşəkar etiket qaydalarına riayət etməlidir:

- nəzakətli olmalı, vergi ödəyiciləri ilə xoş və mülayim səs tonu ilə danışmalıdır;

- vergi ödəyicilərini diqqətlə dinləməli, onların dediklərini yadda saxlamalı, lazım olduqda eyni məlumatı təkrar soruşmamaq üçün qeydlər aparmalı;

- vergi ödəyicisi ilə başa düşülən tərzdə danışmalı;

- izahatı mümkün qədər sadə, başa düşülən, səhv və ya ikili başa düşülməsini istisna edən formada verməli;

- vergi ödəyicilərinin etimadını qazanmalı;

- xidməti tələsmədən, lakin vaxtında yekunlaşdırmalıdır.

4.8. Vergi ödəyicilərinə münasibətdə aşağıdakılar yolverilməzdir:

- cins, yaş, irq, milliyyət, dil, vətəndaşlıq, siyasi və ya dini əlamətlərinə, sosial, əmlak və ya ailə vəziyyətinə münasibətdə diskriminasiya xarakteri daşıyan istənilən ifadə və ya hərəkət;

- təkəbbürlü tərz, kobudluq, lovğalıq, qeyri-etik ifadələr;

- mübahisələr və normal ünsiyyətə maneçilik törədən hərəkətlər.

4.9. Təmsilçilər vergi ödəyiciləri ilə ünsiyyətdə səbirli olmalı və vergi ödəyiciləri tərəfindən qeyri-adekvat davranışa, o cümlədən aqressivliyə hazır olmalıdırlar. Vergi ödəyicisinin konflikt davranışı halında əməkdaş emosional gərginliyinin aradan qaldırılmasına çalışmalı, sakit formada məsələnin həll olunma qaydasını izah etməlidir.

4.10. Vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşları, o cümlədən xidmətlərin göstərilməsi prosesinə cəlb edilmiş digər strukturların əməkdaşları göstərdikləri xidmətlərin qeydiyyatını (rəsmiləşdirilməsini) müəyyən olunmuş qaydada və müddətdə apararaq, AVİS-in müvafiq altsisteminə daxil etməlidirlər.

  

II HİSSƏ

5.    Vergi ödəyicilərinin qəbulu və xidmətlərin göstərilməsi

5.1. Vergi ödəyicilərinin qəbulu və onlara aidiyyəti xidmətlərin göstərilməsi vergi ödəyicilərinə xidmətlərin göstərilməsinə cəlb olunan vergi orqanı əməkdaşları – təmsilçilər tərəfindən xidmət mərkəzlərində həyata keçirilir.

5.2. Xidmət mərkəzlərinə müraciət edənlərin qəbulu və onlara xidmətin göstərilməsi bu Qaydalara, “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları”na və Vergilər Nazirliyinin aidiyyəti təşkilati-sərəncamverici sənədlərinə uyğun həyata keçirilir.

5.3. Xidmət mərkəzləri qanunvericiliklə müəyyən edilmiş iş günləri saat 09:00-dan saat 18:00-dək fasiləsiz xidmət göstərir. Zəruri hallarda xidmət mərkəzləri mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeyri-iş vaxtlarında fəaliyyət göstərə bilər.

Hər ay üzrə xidmət mərkəzinin məsul şəxsi, təmsilçilər (nəzərdə tutulduğu halda qəbulu tənzimləyən əməkdaş) və onların nahar fasiləsinə çıxma rejimi göstərilməklə şöbə rəhbəri tərəfindən qrafik hazırlanır və həmin ayın başlanmasına azı 1 iş günü qalanadək vergi orqanının rəhbəri tərəfindən təsdiqlənir. Qrafik AVİS vasitəsilə məlumat üçün təmsilçilərə, aidiyyəti vəzifəli şəxslərə və müvafiq struktur vahidə göndərilir.

Xidmət sahəsində resurslardan səmərəli istifadə məqsədilə, müraciətlərin  intensivliyindən asılı olaraq sonradan iş qrafikində dəyişiklik edilməklə, təmsilçi bir xidmət mərkəzindən digərinə və ya digər xidmət işinə cəlb edilə bilər.

Qrafikin hazırlanması, təsdiqlənməsi, habelə ona dəyişikliyin edilməsi AVİS-də bu məqsədlə hazırlanmış müvafiq proqram təminatı vasitəsilə həyata keçirilə bilər.

5.4. Vergi ödəyicilərinə xidmətlərin asan və səmərəli formada göstərilməsi məqsədilə xidmət mərkəzləri gözləmə və qəbul zonasından ibarət olmaqla aşağıda göstərilən tələblərə uyğun təşkil edilir:

5.4.1. Xidmət mərkəzinin girişində onun aid olduğu vergi orqanı, rayon (şəhər) və ya nömrəsi və adı göstərilən lövhə, iş vaxtını göstərən məlumat asılmalıdır.

5.4.2. Baxış üçün münasib yerlərdə məlumat lövhəsi və lövhədə ən çox istifadə olunan sənədlərin nümunəvi formaları, zəruri elan, bildiriş və digər sənədlər olmalıdır. Məlumatlar aktual, başa düşülən formada olmalı, mətnlər asan oxunan şriftlə çap olunmalı, ən vacib yerləri fərqlənməlidir.

5.4.3. Gözləmə zonasında oturmaq üçün yerlər, sənədlərin tərtibatı üçün masalar və onların üzərində yazı ləvazimatları olmalı, korlanmış, istifadə olunmuş kağız və sənədlərin və kənar əşyaların vaxtında yığışdırılması nəzarətdə saxlanılmalıdır.

5.4.4. Elektron növbə və xidmətin monitorinq sistemləri (videomüşahidə, səsyazma və qiymətləndirmə) quraşdırılmalı, videoekran ilə təchiz olunmalı və bu ekranda vergilərə dair aktual mövzular (roliklər) nümayiş etdirilməlidir.

5.4.5. Təmsilçilər üçün xidmət yerləri vergi ödəyicilərinin qəbulu üçün rahat şəkildə dizayn edilməklə aşağıdakılardan ibarət olmaqla təşkil edilir:

- kompüter, dolab, telefon aparatı, printer, skaner, surətçıxartma və xidmətlərin göstəilməsi, o cümlədən yerində emal edilməklə vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulan sənədlərin hazırlanması üçün tələb olunan digər zəruri avadanlıqlar;

- kompüterlərdə AVİS-ə (xidmətə zəruri olan bütün proqram təminatına), vergi qanunvericiliyinə aid normativ-hüquqi bazaya çıxış imkanı;

- müraciət edənin təmsilçi ilə birgə elektron xidmətlərdən istifadə etməsi, öz məlumatlarına baxış və identifikasiyası üçün təmsilçinin kompüterinə bağlı ikili monitor və məlumat daxiletmə qurğuları;

- xidmət prosesini (danışıqları) yazan və arxivləşdirən sistem.

5.4.6. Vergi ödəyicilərinin istifadəsi üçün nəzərdə tutulan özünəxidmət kompüterləri olmalı, bu kompüterlər zəruri proqram təminatları, normativ-hüquqi baza ilə təchiz edilməlidir. 

5.5. Xidmət mərkəzində səliqə-səhman təmin edilməli, üst geyimləri, çantalar, stəkanlar və s. bu kimi əşyalar görünən yerdə saxlanılmamalı, vergi ödəyicilərini qəbul edən təmsilçinin iş masasında diqqəti yayındıran, xidmət üçün zəruri olmayan kənar əşyalar olmamalıdır.

5.6. Xidmət mərkəzinin divar, qapı və pəncərələrinə pərakəndə formada müxtəlif elanlar, bildirişlər, reklam və şəkillər asılmamalı (yapışdırılmamalı), bütün bunlar standart formada  dizayn edilməklə və ya xüsusi lövhələrdə yerləşdirilməlidir.

5.7. Təmsilçinin üzərində özü barədə məlumat – müəyyən edilmiş qaydada tanınma nışanı olmalıdır. Tanınma nışanı iplə boyundan asılmış formada və ya yaxaya bərkidilməklə istifadə edilməlidir. Əlavə olaraq əməkdaş barədə məlumat müəyyən edilmiş formaya uyğun təmsilçinin iş masasında da yerləşdirilə bilər.

5.8. Bu Qaydaların 5.4.4-5.4.6-cı yarımbəndlərində göstərilən tələblər, o cümlədən xidmət yerlərinin sayı və avadanlıqlarla təchizat həmin ərazidə (rayonda) fəaliyyət göstərən vergi ödəyicilərinin sayı, iqtisadi aktivlik və müraciətlərin intensivliyi nəzərə alınmaqla hər xidmət mərkəzi üzrə müvafiq struktur vahid və vergi orqanı tərəfindən müəyyən edilir.

5.9. Vergilər Nazirliyinin tabeliyində olan rayon vergilər şöbələri və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları tərəfindən bu Qaydaların 5.11.3-cü və 5.11.4-cü yarımbəndlərindəki xidmətlərin göstərilməsinin təşkili mümkün olmadıqda, həmin işlər (xidmətlər) “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”na uyğun aparılır.

5.10. Xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu

5.10.1. Xidmət mərkəzlərinə gələn vergi ödəyiciləri növbəlilik qaydasında təmsilçi  tərəfindən qəbul edilərək onlara müvafiq xidmətlər göstərilir.

Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada nümunəvi vergi ödəyicisi və partnyor vergi ödəyicisi statusunu almış vergi ödəyiciləri xidmət mərkəzlərində növbədənkənar qəbul edilirlər.

5.10.2. Hazır sənədlərin verilməsi xidməti ilə bağlı müraciət edən şəxslər digər xidmətlər üzrə olan növbədən kənar qəbul edilə, habelə bu məqsədlə xidmət mərkəzində ayrıca masa (pəncərə) ayrıla bilər. Bu halda hazır sənədlərin verilməsi xidməti, o cümlədən onlayn növbəyə yazılmış müraciətlər (randevu) üzrə ayrıca növbə sıralaması tətbiq edilməlidir.

Sağlamlıq imkanları məhdud şəxslərin, hamilə qadınların növbədən kənar qəbulu növbədə gözləyən digər şəxslərin razılığı ilə həyata keçirilir.

5.10.3. Əvvəlki dövrlərin orta göstəricilərinə əsasən xidmət mərkəzində gün ərzində qəbul edilən vergi ödəyicilərinin sayı 70 nəfərdən çox olduqda və ya növbə terminalı ilə qəbul yeri arasında divar və digər arakəsmə olduğu halda qəbulun nizama salınması məqsədilə tənzimləyici funksiyasını yerinə yetirən əməkdaş ayrılmalıdır. Digər hallarda vergi ödəyicilərinin qəbulunun tənzimlənməsi təmsilçi tərəfindən həyata keçirilir.

Tənzimləyici funksiyasını yerinə yetirən əməkdaş eyni zamanda, vergi ödəyicilərinin xidmət mərkəzinə gəlişinin məqsədinə, almaq istədikləri xidmətə uyğun sənədlərin mövcudluğunu (düzgünlüyünü, etibarlılığını) soruşaraq müəyyən etməli, müvafiq xidmət üzrə sənədləri qaydasında olmayan vergi ödəyicisinə vaxt itirməmək üçün lazım olan sənədləri gətirdikdən sonra qəbula gəlməsini izah etməlidir. İstənilən halda vergi ödəyicisi qəbuldan məcburi qaydada kənarlaşdırıla bilməz.

5.10.4. Təmsilçi xidmət zamanı müraciət edən şəxsi növbə sırasına müvafiq olaraq qəbul etməli, onu salamlamalı, özünü təqdim etməyini təklif etməklə ona “Siz” deyərək müraciət etməlidir.

5.10.5. Təmsilçi əvvəlcə müraciət edən şəxsin kimliyini müəyyənləşdirməlidir. Bu məqsədlə ona VÖEN-ni, VÖEN yoxdursa və ya xatırlamırsa şəxsiyyət vəsiqəsindəki FİN-i, onu da xatırlamırsa soyadını, adını, atasının adını və doğum tarixini bildirməsi təklif olunur.

Müraciət edən şəxs özünü təqdim etdikdən sonra, təmsilçi AVİS-in imkanlarından və şəxsin təqdim etdiyi sənədlərdən istifadə etməklə onun kimliyini müəyyənləşdirməlidir.

Qəbul zamanı xüsusi diqqət yetirilməli məqamlardan biri də, müraciət edənin kimliyi nəzərə alınmaqla kommersiya sirrinin qorunması və müraciət edən şəxsin təmsilçi ilə birgə müvafiq əməliyyatlar etmək hüququnun olub-olmamasıdır.

5.10.6. Təmsilçi müraciət edən şəxsi dinləməli, lazım gəldikdə onun təqdim etdiyi sənədlərlə tanış olmaqla və dəqiqləşdirici suallar verməklə müraciətin məzmununu və mahiyyətini müəyyənləşdirməlidir.

5.10.7. Təmsilçi xidmətin tam və dolğun göstərilməsi üçün vergi ödəyicisinin AVİS-dəki məlumatlarından, habelə onun təqdim etdiyi sənədlərdən istifadə etməlidir. Bununla yanaşı, müraciət edən şəxsin əvvəl oxşar məzmunlu müraciətlərinin olub-olmaması araşdırılmaqla, belə müraciətlər olduğu təqdirdə onlar nəzərdən keçirilir.

5.10.8. Qəbul vaxtı vergi ödəyicisinin suallarının cavablandırılması və ya hər-hansı digər əməliyyatın aparılması mövcud qanunvericiliyə uyğun olmalı, xidmətin göstərilməsi prosesində vergi ödəyicisinin qanunvericiliyə uyğun olmayan ifadə və hərəkətlərinə düzəliş edilməlidir.

5.10.9. Vergi ödəyicisinin suallarına cavab dolğun və başadüşülən olmalı, müraciətin praktiki həll yolları izah edilməli, mümkün olduğu halda əyani nümayiş etdirilməli, təmsilçi tərəfindən vergi ödəyicisinin müraciətinin həlli üçün bu Qaydalara, mövcud qanunvericiliyə uyğun olaraq bütün addımlar atılmalıdır.

Qəbul zamanı vergi ödəyicisinin toxunmadığı, lakin müraciətin həlli üçün əhəmiyyətli olan, həmin dövr üçün aktual hesab edilən məsələlər (ödənilməli vergi borcu, bəyannamədə və uçot məlumatlarında olan uyğunsuzluqlar, e-qutuda oxunmamış məktubların olması və s.) vergi ödəyicisinin diqqətinə çatdırılmaqla, ona uyğunsuzluqların aradan qaldırılmasında lazımi köməklik göstərilməli, vergi ödənişlərinin xidmət mərkəzində və ya yaxın ərazidə quraşdırılan ödəniş terminalı vasitəsilə qısa müddətdə və asanlıqla ödənilməsi imkanı bildirilməli, zərurət olduqda ödənişin yerinə yetirilməsi qaydası izah edilməlidir.

5.10.10. Təmsilçi qəbul zamanı vergi ödəyicisinin suallarının cavablandırılmasında, xidmətlərin göstərilməsində çətinlik çəkdikdə və ya tərəddüd etdikdə kömək üçün digər təmsilçiyə, məsul şəxsə və ya şöbə rəhbərinə müraciət edə, nazirliyin internet saytının “sual-cavab” və digər aidiyyəti bölmələrindən istifadə edə bilər.

5.10.11. Təmsilçi qəbul zamanı ətrafındakı adamlarla göstərilən xidmətə aid olmayan paralel danışıqlar aparmamalı, vergi ödəyicisinin qəbulu zamanı telefon zənginə cavab vermək zərurəti yaranmışdırsa, xidmət prosesi ləngidilmədən telefon zəngi ən qısa formada cavablandırılmalıdır.

5.10.12. Qəbul zamanı vergi ödəyicisi təmsilçinin qarşısında (üzbəüz) oturmalı, xidmətin göstərilməsi prosesində vergi ödəyicisinin təmsilçi ilə yanaşı (təmsilçiyə aid xidmət yerində) dayanması hallarına yol verilməməlidir.

5.11. Göstərilən xidmətlər

5.11.1. Xidmət mərkəzində göstərilən xidmətlərin onların məzmununa və göstərilmə formasına görə qruplaşdırılması aşağıdakı kimidir:

- Şifahi xidmətlər;

- Sənəd qəbulu xidmətləri;

- Hazır sənədlərin verilməsi.

5.11.2. Şifahi xidmətlər

Şifahi xidmətlərə vergi ödəyicilərinə ərazi (vergi uçotu) prinsipi nəzərə alınmadan göstərilən aşağıdakı xidmətlər aiddir:

5.11.2.1. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, izahatların verilməsi, o cümlədən;

- vergi növləri barədə;

- vergi uçotu və vergi orqanlarında qeydiyyat məsələləri barədə;

- vergi hesablamaları və uyğunsuzluqlar barədə;

- vergi borcları və ödənişi barədə;

- vergilərə aid digər məlumatın verilməsi.

5.11.2.2. Vergi bəyannamələrinin və hesabatların tərtibatına və elektron formada göndərilməsinə köməklik, o cümlədən;

- sadələşdirilmiş vergi bəyannaməsinin onlayn tərtib olunması və göndərilməsi;

- digər vergi bəyannamələrinin tərtib olunması və elektron formada göndərilməsi;

- dövlət rüsumunun tutulması barədə hesabatın tərtib olunması və elektron formada göndərilməsi;

- digər vergi hesabatlarının və arayışların tərtib olunması və elektron formada göndərilməsi.

Təmsilçi bu bənddəki xidmətləri göstərməklə yanaşı, vergi ödəyicisinə gələcəkdə həmin xidmətlərdən sərbəst istifadə edə bilməsi üçün, bu Qaydaların 7.5-ci bəndinə əsasən təşkil edilən təlimlərdə iştirak etməsini tövsiyyə etməli, təlimlərin keçirilmə yeri və vaxtı barədə onu məlumatlandırmalıdır.

5.11.2.3. Elektron xidmətlərdən istifadəyə köməklik (bu Qaydaların 5.11.2.2-ci yarımbəndində göstərilən xidmətlər istisna olmaqla), o cümlədən;

- Vergilər Nazirliyinin göstərdiyi elektron xidmətlər;

- tətbiq edilən digər elektron xidmətlər;

- özünəxidmət kompüterindən istifadəyə köməklik.

Vergi ödəyicisi xidmət mərkəzindəki özünəxidmət kompüterindən sərbəst istifadə edirsə bu təmsilçilərin göstərdiyi xidmətlərə aid edilmir.

5.11.3. Sənəd qəbulu xidmətləri  

5.11.3.1. Bu Qaydalara uyğun xidmət mərkəzlərində kağız daşıyıcısında sənədlərin qəbulu vergi ödəyicilərinə xidmətlərin daha asan formada göstərilməsi, sənədlərin düzgün tərtibatı, göndərilməsi və nəticəsi barədə vergi ödəyicilərinə izahatların verilməsi ilə şərtləndirilir.

Əgər sənədin göndərilməsi elektron xidmətlərdən istifadə edilməklə mümkündürsə, təmsilçi müvafiq elektron xidmət və onun üstünlükləri barədə vergi ödəyicisinə məlumat verməklə sənədin elektron formada göndərilməsini tövsiyə etməli və həmin şəxsin seçiminə uyğun xidmət göstərməlidir.

5.11.3.2. Elektron qaydada göndərilən (qəbul edilən) sənədlər sənəd qəbulu xidmətinə aid olmayıb, bu Qaydaların 5.11.2.2 və 5.11.2.3-cü yarımbəndlərində göstərilən xidmətlərə şamil olunur.

Sənəd qəbulu prosesində onların tərtibatına köməklik, izahatın verilməsi ayrıca xidmət olmayıb sənədlərin qəbulu xidmətinə daxildir.

5.11.3.3. Aşağıda göstərilən sənədlər vergi ödəyicilərindən ərazi prinsipi nəzərə alınmaqla xidmət mərkəzlərində kağız daşıyıcısında qəbul olunur (Asan imza sertifikatı xidmətləri, elektron sənəd mübadiləsi haqqında yeni müqavilə bağlanılmadan istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi) üzrə sənədlər və partnyor vergi ödəyicisi statusunu almış vergi ödəyiciləri tərəfindən təqdim edilən sənədlər ərazi prinsipi nəzərə alınmadan bütün xidmət mərkəzlərində qəbul olunur):

- vergi uçotuna və vergi orqanlarında qeydiyyata aid sənədlər;

- elektron sənəd mübadiləsi (istifadəçi kodu, parol və şifrənin verilməsi) üzrə sənədlər;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzin alınması üçün ərizə;

- Asan imza sertifikatı xidmətləri üzrə sənədlər;

- fəaliyyət üzrə ərizələr (arayış, sertifikat, DTA formaları və s.);

- bəyannamə, hesabat, arayış və məlumat formalarının qəbulu.

Bu bənddə göstərilən sənədlərin xidmət mərkəzində qəbul edildiyi vaxt, onlar vergi orqanına təqdim edildiyi vaxt sayılır.

5.11.3.4. Xidmət mərkəzində qəbul edilən, yerində emal olunması nəzərdə tutulmayan sənədlər vergi orqanlarına (koordinasiya strukturuna) göndərilir və cavablandırılmalı sənədlər üzrə cavabın (hazır sənədin) vergi ödəyicisi tərəfindən xidmət mərkəzindən əlbəəl götürülməsi tələb olunduqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və vaxtda icra olunaraq hazır sənəd, vergi ödəyicisinin seçiminə uyğun olaraq Sənəd qəbulu Bildirişində (Qaydalara 1 nömrəli Əlavə) göstərilən xidmət mərkəzində vergi ödəyicisinə təqdim olunur.

5.11.3.4-1. Aşağıdakı sənədlər vergi orqanının inzibati binasından kənarda yerləşən xidmət mərkəzlərində qəbul edildikdən sonra, yerində emal olunaraq səlahiyyətli vəzifəli şəxs tərəfindən təsdiqlənməklə hazır sənəd bu Qaydaların 3 nömrəli əlavəsində qeyd olunan jurnala imza etdirilməklə vergi ödəyicisinə təqdim olunur:

5.11.3.4-1.1. Fiziki şəxsin ilkin vergi uçotu ərizəsi; ərizə xidmət mərkəzində qeydiyyata alınaraq emal edilir və vergi uçotuna alınmanı təsdiq edən “Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə” çap edilir. Şəhadətnamənin imzalanması, möhürlənməsi və üzlənməsi xidmət mərkəzlərində həyata keçirilir və hazır sənəd vergi ödəyicisinə təqdim edilir.

5.11.3.4-1.2. Elektron sənəd mübadiləsi haqqında ərizə; ərizə fiziki şəxsin ilkin vergi uçotuna alınması vaxtı və ya vergi uçotunda olan elektron sənəd mübadiləsinə qoşulmayan, həmçinin elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən alınması (dəyişdirilməsi) üçün müraciət edən vergi ödəyicisindən qəbul edilir. İlkin vergi uçotuna alınma vaxtı Elektron sənəd mübadiləsi haqqında müqavilə 2 nüsxədə hazırlanaraq vergi ödəyicisi və səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə (hüquqi şəxs olduqda) təsdiq edilir, müqavilənin bir nüsxəsi, eyni zamanda elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə xüsusi kağızda çap edilərək qapalı zərfdə vergi ödəyicisinə təqdim edilir.

Elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən alınması (dəyişdirilməsi) üzrə ərizə yerində emal edilərək vergi ödəyicisinə istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi) həyata keçirilir.

5.11.3.4-1.3. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzin alınması üçün ərizə; ərizə xidmət mərkəzində qıbul edildikdən sonra təmsilçi müvafiq ərizə məlumatlarının düzgün tərtib edilməsini, həmin şəxsin fəaliyyət növünə, fəaliyyət göstərdiyi ərazi üzrə tətbiq edilən əmsallara və dövrlərə (aylıq, rüblük, yarımillik, illik) uyğun müəyyən olunmuş vergi məbləğinin ödənilməsini yoxlayır. Yoxlama zamanı uyğunsuzluq aşkar edildikdə bu barədə vergi ödəyicisinə məlumat verilir, həmin uyğunsuzluğun yerindəcə aradan qaldırılması mümkün olmadığı halda vergi ödəyicisinə uyğunsuzluğu aradan qaldırdıqdan sonra yenidən müraciət etməsi tövsiyə olunur. Uyğunsuzluq aşkar edilmədikdə Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş forma üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” çap edilir, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanaraq möhürlə təsdiq edildikdən sonra vergi ödəyicisinə təqdim edilir.

5.11.3.4-1.4. Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün ərizə; ərizənin xidmət mərkəzində qəbulu, emalı, Asan imza sertifikatı ilə bağlı digər xidmətlər vergilər nazirinin 29.02.2016-cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”na uyğun həyata keçirilir.

5.11.3.5. Sənədləri təqdim edən şəxsin təmsil etdiyi şəxs adından çıxış etmək səlahiyyəti olmadıqda sənədlərin qəbulundan səbəbi izah edilməklə imtina olunur.

Sənədləri təqdim edən şəxs vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi olduqda təmsilçi sənədləri qəbul edərək, sənədləri qəbul etdiyini təsdiqləyən sənədi - Sənəd qəbulu Bildirişini çap edir (5.11.3.4-1-ci yarımbənddə göstərilən müraciətlər istisna olmaqla). Sənəd qəbulu Bildirişi iki hissədən ibarət olub, burada sənədin aid olduğu vergi ödəyicisi barədə məlumatlar, qəbul edilmiş sənədin (sənədlərin) adı, nüsxə və vərəq sayı, sənədlərin qəbul olunduğu tarix, sənəd icra üçün olduqda onun hazır (xidmət mərkəzində) olacağı tarix göstərilir və müvafiq hissəsi xidmət mərkəzinin ştampı (Qaydalara 7 nömrəli Əlavə) vurulmaqla vergi ödəyicisinə təqdim edilir.

Təmsilçi Sənəd qəbulu Bildirişində vergi ödəyicisinin istəyinə görə hazır sənədin poçt vasitəsilə göndərilməsini və ya xidmət mərkəzində təqdim edilməsini qeyd edir. Hazır sənədin xidmət mərkəzində təqdim edilməsi nəzərdə tutulduğu halda, təmsilçi vergi ödəyicisinə sənədi Sənəd qəbulu Bildirişində göstərilən tarixdə saat 15:00-dan sonra götürə biləcəyini bildirməlidir.

5.11.3.6. Təmsilçi sənəd qəbulu xidməti üzrə qəbul edilmiş icra sənədlərini tələb olunan formada AVİS-ə daxil edərək vergi orqanının koordinasiya strukturuna ötürür.

5.11.3.7. Xidmət mərkəzinin məsul şəxsi gün ərzində Sənəd qəbulu Bildirişi üzrə qəbul edilmiş sənədlərin reyestrini (Qaydalara 2 nömrəli Əlavə) tərtib edir və iş gününün sonunda onların həmin vergi orqanının koordinasiya strukturuna təhvil verilməsini təmin edir.

Xidmət mərkəzi vergi orqanı ilə eyni inzibati binada yerləşdiyi halda qəbul edilmiş sənədlər reyestr tərtib edilməklə məsul şəxs tərəfindən gün ərzində bir neçə dəfə koordinasiya strukturuna təhvil verilə bilər.  

5.11.3.8. Vergi orqanının koordinasiya strukturu Qaydalara uyğun olaraq xidmət mərkəzi tərəfindən göndərilmiş sənədləri gün ərzində AVİS vasitəsilə qəbul edir, onları aidiyyəti üzrə göndərir və həmin sənədlər kağız daşıyıcısında daxil olduqda onları icraçı struktura çatdırır.

5.11.3.9. Sənədi icra edən struktur vahidi cavabı (hazır sənədi) vergi ödəyicisinin e-qutusuna göndərir, Sənəd qəbulu Bildirişində sənədin poçt vasitəsilə göndərilməsi və ya xidmət mərkəzində təqdim edilməsi nəzərdə tutulduğu halda hazır sənədi Vergi ödəyicilərinə xidmətlərin vahid standartlarında nəzərdə tutulmuş müddətdən ən geci 1 iş günü əvvəl koordinasiya strukturuna təqdim edir.

Sənəd qəbulu Bildirişində hazır sənədin xidmət mərkəzində təqdim edilməsi, habelə  vergi ödəyicisinin elektron (onlayn) müraciəti əsasında hər hansı sənədin kağız daşıyıcısında alınması (təqdim edilməsi) xidmət mərkəzində nəzərdə tutulduğu halda, koordinasiya strukturu sənədi (sənədləri) icraçı struktur tərəfindən təqdim edilən günün sonunadək reyestr tərtib etməklə xidmət mərkəzinə çatdırılması üçün şöbə rəhbərinə və ya inzibati binada yerləşən xidmət mərkəzinin məsul şəxsinə təqdim edir.

Şöbə rəhbəri koordinasiya strukturundan qəbul edilmiş sənədlərin növbəti gün saat 13:00-dək aidiyyəti üzrə inzibati binadan kənarda yerləşən xidmət mərkəzlərinə çatdırılmasını təmin edir.

5.11.3.10. Vergi qanunvericiliyində və inzibatçılığında edilən dəyişikliklərə, tətbiq edilən yeniliklərə uyğun olaraq, xidmətlərin göstərilməsində operativliyin təmin edilməsi məqsədilə bəzi xidmətlər bu Qaydalarda və “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları”nda nəzərdə tutulmuş müddətdən daha tez vaxtda, o cümlədən xidmət mərkəzinə gələn vergi ödəyicisindən sənədin qəbulu və hazır sənədin verilməsi eyni vaxtda (sənədin qəbulu, baxılması və hazır sənədin təqdim edilməsinin bir xidmət kimi göstərilməsi) həyata keçirilə bilər. Xidmətin bu formada göstərilməsi bu Qaydalara və nazirliyin digər təşkilati-sərəncam sənədlərinə, bu sənədlərə edilən əlavələrə uyğun olaraq təşkil edilir.

5.11.4. Hazır sənədlərin verilməsi

5.11.4.1. Sənəd qəbulu Bildirişində hazır sənədin xidmət mərkəzində təqdim edilməsi nəzərdə tutulduğu halda vergi ödəyiciləri xidmət mərkəzinə müraciət edərək cavabı (hazır sənədi) alırlar. Sənədin əlbəəl götürülməsi nəzərdə tutulduğu digər halda hazır sənəd Sənəd qəbulu Bildirişində göstərilən ünvanda (vergi orqanında) vergi ödəyicisinə təqdim edilir.

5.11.4.2. Hazır sənədi götürmək üçün müraciət etmiş şəxsin vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi olduğu, şəxsiyyəti təsdiq edən sənədlər əsasında  müəyyənləşdirildikdən sonra sənədlər ona təqdim edilir, əks halda sənədlərin təqdim edilməsindən səbəbi izah olunmaqla imtina edilir.

5.11.4.3. Hazır sənəd xidmət mərkəzinə daxil olan gündən sonrakı 2 iş günü ərzində götürülmədikdə, məsul şəxs vergi ödəyicisi ilə telefon vasitəsilə əlaqə saxlayaraq ona sənədinin hazır olduğunu və onu xidmət mərkəzindən götürə biləcəyini bildirir. Hazır sənədin götürülməsi üçün əlaqə saxlamaq mümkün olmadıqda, eləcə də vergi ödəyicisi ilə əlaqə saxlanıldıqdan sonra 5 iş günü ərzində sənəd sahibi tərəfindən götürülmədikdə, vergi orqanı tərəfindən məqsəduyğun hesab edilərsə, sənədin çatdırılması üçün bu Qaydalara uyğun ünvanlı xidmət təşkil edilə bilər.

Hazır sənəd xidmət mərkəzinə daxil olan gündən sonrakı 30 gün ərzində vergi ödəyicisi sənədini götürmədikdə belə sənəd (sənədlər) reyestr tərtib edilməklə vergi orqanının aidiyyəti strukturuna təhvil verilir.

5.11.4.4. Hazır sənədlərin vergi ödəyicisinə təhvil verilməsi bu barədə hər bir xidmət mərkəzində aparılan “Təhvil verilmiş sənədlərin qeydiyyat jurnalı”nda (Qaydalara 3 nömrəli Əlavə) imza etdirilməklə həyata keçirilir. 

5.11.4.5. Hazır sənədi götürən vergi ödəyicisi digər xidmət almaq istədikdə və həmin vaxtda xidmət mərkəzində növbədə gözləyən olmadıqda, ona əlavə digər xidmət də  göstərilir, növbə olduqda isə o, ümumi qaydada növbə tutaraq digər xidmətlərdən istifadə edir.

5.12. Vergi ödəyicilərinə göstərilən xidmətin qeydiyyatı və yekunlaşdırılması

5.12.1. Təmsilçi tərəfindən qəbul edilmiş vergi ödəyicisi və ona göstərilən xidmət barədə məlumatın AVİS-də qeydiyyatının aparılması prosesi bu Qaydaların 5.10.5-ci bəndində göstərilən dəqiqləşdirmənin aparılması zamanı başlanmalı, xidmət göstərilməsi zamanı həyata keçirilməli və xidmətin yekunlaşması zamanı (növbəti vergi ödəyicisi qəbula çağırılanadək) başa çatdırılmalıdır.

5.12.2. Təmsilçi vergi ödəyicisinin müraciətinə uyğun olaraq ona müvafiq sənədləri (bildiriş, qəbz və ya digər sənədləri, hesabat və ərizə formalarını, vergilərə aid müxtəlif çap materiallarını və s.) təqdim etməlidir. Qəbul zamanı vergi ödəyicisinə təqdim edilən vergilərə aid buklet və digər maarifləndirici çap materialları barədə AVİS-də müvafiq qeyd aparılır.

5.12.3. Qəbul zamanı edilən müraciət üzrə xidmət yekunlaşdıqda, təmsilçi vergi ödəyicisinin əlavə bir sualının olub-olmadığını soruşmalı, vergi ödəyicisinin əlavə sualı olduğu təqdirdə ona müvafiq xidmət göstərilməli, olmadığı təqdirdə ona (qiymətləndirmə sistemi olduqda) xidmət səviyyəsinin ölçülməsi ilə bağlı sorğuda iştirak etmək təklif edilərək xidmət yekunlaşdırılmalıdır. 

Bu zaman təmsilçi sorğunun anonim keçirildiyini müraciət edən şəxsə bildirməli və sorğunun cavablandırılmasında iştirak etməməlidir.

Sonda vergi ödəyicisinə müraciətinə görə təşəkkür edilməlidir.

5.12.4. Xidmət mərkəzinidə elektrik enerjisinin, internetə və şəbəkəyə qoşulmanın kəsilməsi baş verdikdə vergi ödəyicisinin qəbulu dayandırılmamalı, birbaşa internetə bağlılıq tələb olunan elektron xidmətlər istisna olmaqla digər xidmətlər, o cümlədən sənədlərin qəbulu və hazır sənədlərin verilməsi xidmətləri göstərilməlidir. Bu məqsədlə şöbə rəhbəri tərəfindən zəruri olan sənəd formalarının ehtiyat nüsxələrinin xidmət mərkəzlərində saxlanılması təmin edilməlidir. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra göstərilən xidmətlərin AVİS-də qeydiyyatı aparılır.

5.12.5. Təmsilçi vergi ödəyicilərinin qəbul edilməsi və xidmət göstərməsi prosesində, onlarla ünsiyyət zamanı vergi orqanı üçün zəruri əhəmiyyət kəsb edən məlumatlar (o cümlədən təklif, problem, risk ehtimalı) olduqda, onları ayrıca qeyd etməli, iş gününün sonunda ümumiləşdirərək məsul şəxsə, o da öz növbəsində şöbə rəhbərinə təqdim etməlidir.

Həmin məlumatlar vacibliyi nəzərə alınmaqla vergi orqanının rəhbərinə və yuxarı vergi orqanına təqdim edilir.

 

5-1. “ASAN xidmət” mərkəzlərində xidmətlərin göstərilməsi

5-1.1. “ASAN xidmət” mərkəzlərində aşağıdakı xidmətlər göstərilir:

5-1.1.1. Kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı (o cümlədən qeyd olunan ərizənin qəbulu zamanı ƏDV-nin məqsədləri üçün qeydiyyat, elektron sənəd mübadiləsi barədə müqavilə bağlanması və bankda hesab açılması üçün müraciətlər);

5-1.1.2. Fiziki şəxslərin ilkin vergi uçotu (o cümlədən qeyd olunan ərizənin qəbulu zamanı ƏDV-nin məqsədləri üçün qeydiyyat, elektron sənəd mübadiləsi barədə müqavilə bağlanması və bankda hesab açılması üçün müraciətlər);

5-1.1.3. Vergi ödəyicilərinə qeydiyyat və ya uçota alınma barədə şəhadətnamələrin yeni nüsxəsinin verilməsi;

5-1.1.4. Asan imza sertifikatı xidmətləri.

5-1.2. “ASAN xidmət” mərkəzlərində qəbul edilən müraciətlərin emal olunmaq üçün aidiyyəti vergi orqanına təhvil verilməsi və həmin vergi orqanından emal edilmiş (hazırlanmış) sənədlərin təhvil alınması bu Qaydaların 2 -li əlavəsində göstərilmiş reyestrlə (reyestrlər məsul şəxslər tərəfindən imzalanmalıdır), qapalı zərflərdə kuryer xidməti vasitəsi ilə həyata keçirilir.

5-1.3. “ASAN xidmət” mərkəzlərində qəbul edilmiş bu Qaydaların 5-1.1.1 və 5-1.1.3-cü bəndlərində nəzərdə tutulmuş müraciətlər üzrə, habelə bankda hesab açılması üzrə ərizələr və həmin ərizələrin tərtib olunmuş reyestrinin (Qaydalara 2 əlavə) növbəti gün saat 09:00-da aidiyyəti vergi orqanına təhvil verilməsi təmin edilməlidir. Vergi orqanında emal edilərək, hazırlanmış sənədlərin isə növbəti gün saat 09:00-da reyestr (Qaydalara 2 əlavə) tərtib edilməklə aidiyyəti “ASAN xidmət” mərkəzinə təhvil verilməsi təmin edilməlidir. Qaydaların 5-1.1.2 və 5-1.1.4-cü bəndlərində nəzərdə tutulmuş ərizələr (bankda hesab açılması üzrə ərizə istisna olmaqla) təmsilçilər tərəfindən “ASAN xidmət” mərkəzində emal edilərək müəyyən edilmiş müddətdə vergi ödəyicisinə (səlahiyyətli nümayəndəsinə) təqdim edilməlidir.

5-1.4. “ASAN xidmət” mərkəzlərində hazır sənədlərin təhvil verilməsi növbəlilik prinsipi əsasında həyata keçirilir. Hazır sənədlər “Təhvil verilmiş sənədlərin qeydiyyatı jurnalı”na (Qaydalara 3 əlavə) imza etdirilməklə vergi ödəyicisinə (səlahiyyətli nümayəndəsinə) təqdim edilməlidir.

5-1.5. “ASAN xidmət” mərkəzlərində xidmət vergi orqanlarından ezam edilmiş əməkdaşlar tərəfindən həyata keçirilir və əməkdaşların sayı mərkəzlərə edilmiş müraciətlərin sayından asılı olaraq tənzimlənir. “ASAN xidmət” mərkəzlərinə əməkdaşların ezam edilməsi və dəyişdirilməsi əməkdaşların ştat üzrə fəaliyyət göstərdiyi vergi orqanının təqdimatı əsasında Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

5-1.6. “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş əməkdaşların iş qrafiki, mərkəzin iş rejiminə uyğunlaşdırılmaqla aidiyyəti vergi orqanı tərəfindən təsdiqlənir. “ASAN xidmət” mərkəzlərində qəbul edilmiş və “ASAN xidmət” mərkəzlərinə verilən sənədlərin təhvil-təslimi aidiyyəti vergi orqanında təyin edilmiş əməkdaşlar tərəfindən həyata keçirilir.

5-1.7. “ASAN xidmət” mərkəzlərində Vergilər Nazirliyi tərəfindən xidmətlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın tələblərinə uyğun göstərilir. Digər hallarda bu Qaydalara uyğun xidmət mərkəzlərinə aid müddəalar “ASAN xidmət” mərkəzlərinə də şamil edilir.

 

6.    Ünvanlı xidmətin göstərilməsi

6.1. Vergi ödəyicilərinə ünvanlı xidmət aşağıdakı hallarda və müddətlərdə göstərilir:

6.1.1. Ünvanlı xidmətin göstərilməsi barədə müraciət etmiş vergi ödəyicisinə - belə müraciət daxil olduğu gündən sonrakı 15 iş günü müddətində;

Əgər vergi ödəyicisinin müraciəti ünvanlı xidmətin daha tez müddətdə keçirilməsini şərtləndirirsə (hesabat dövrünün başa çatması, vergi nəzarəti tədbirlərinin aparılması, vergi ödəyicisinin hüquqlarının və ya fəaliyyətinin məhdudlaşdırılması üzrə tədbirlər və s.) bu halda daha tez müddətdə ünvanlı xidmət göstərilir.

Vergi ödəyicisinin müraciəti əsasında ona eyni məsələ (mövzu) üzrə, həmin məsələnin mahiyyəti dəyişməmişdirsə yalnız bir dəfə ünvanlı xidmət göstərilir.

6.1.2. Bu Qaydaların 2.13-cü bəndində göstərilən riskli vergi ödəyicilərinə - AVIS-in müvafiq bölməsi vasitəsilə daxil olan (göndərilən) icrada nəzərdə tutulan müddətdə;

6.1.3. Vergilər Nazirliyinin qərar, əmr və göstərişləri ilə və ya həmin göstərişlərə əsasən müəyyən edilmiş vergi ödəyicilərinə - göstərişin tələblərinə uyğun qaydada və müddətdə (müddət göstərilmədikdə - 30 gün müddətində).

6.1.4. Vergi orqanı tərəfindən könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan təhlillər əsasında seçilmiş və ünvanlı xidmətin (metodiki köməkliyin) göstərilməsi zəruri hesab edilən, o cümlədən digər məlumatlandırma tədbirlərinin görülməsi səmərəli və ya mümkün olmayan vergi ödəyicilərinə - vergi orqanının rəhbəri tərəfindən müəyyən edilən, lakin 30 gündən çox olmayan müddətdə.

6.2. Bu Qaydalara əsasən ünvanlı xidmət göstərilməli olan vergi ödəyicilərinin sayı çox olduqda və Qaydaların 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərində göstərilən müddətlərdə onların hamısına ünvanlı xidmət göstərilməsi mümkün olmadıqda, vergi orqanı həmin müddətin uzadılması barədə Vergilər Nazirliyinə müraciət edə bilər.

6.3. Uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən vergi ödəyicisinə və ya onun təsərrüfat subyektinə ünvanlı xidmət, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi ərazi üzrə vergi orqanı tərəfindən göstərilir.

6.4. Ünvanlı xidmət bir qayda olaraq vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvanda - təsərrüfat subyektində (obyektində) göstərilir. Vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərinə görə bu mümkün olmadıqda ünvanlı xidmətin göstərilməsi vergi orqanında və ya vergi ödəyicilərinə xidmət mərkəzində onunla, əvvəlcədən razılaşdırılmış vaxtda həyata keçirilir.

6.5. Vergi orqanının sərəncamında vergi ödəyicilərinə xidmət strukturlarına ayrılmış xüsusi nəqliyyat vasitəsi olduqda, ünvanlı xidmət həmin avtomobildən istifadə edilməklə həyata keçirilir. Ünvanlı xidmətin daha səmərəli göstərilməsi, o cümlədən uyğunsuzluqların və kənarlaşmaların yerində aradan qaldırılması, uçotsuz vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin yerində qeydiyyata alınması məqsədilə nəqliyyat vasitəsi printer (skan etmə və surətçıxarma xüsusiyyətləri olan), rəsmi internet resurslarına, vergi qanunvericiliyinə aid normativ-hüquqi bazaya çıxış imkanı olan kompüter (noutbuk) və digər zəruri avadanlıqlarla təchiz edilə bilər.

6.6. Vergi ödəyicisinə əvəllər ünvanlı xidmət göstərməmiş və ya vergi ödəyicilərinə xidmət strukturuna yeni təyin (cəlb) olunmuş əməkdaş ünvanlı xidmətin icraçısı olan təmsilçi ilə birgə belə xidmətin göstərilməsinə cəlb edilə bilər. Təhlil və araşdırma nəticəsində vergi ödəyicisinin fəaliyyətinə xüsusi və daha əhatəli yanaşma zərurəti yarandıqda və həmin vergi ödəyicisinə ünvanlı xidmətin göstərilməsinə bir neçə təmsilçi cəlb olunarsa, onlardan daha təcrübəli olanı əsas icracı (məsul şəxs) təyin edilir.

6.7. Şöbə rəhbəri, bu Qaydaların 6.1-ci bəndinə əsasən ünvanlı xidmət göstərilməli vergi ödəyiciləri barədə məlumat (siyahı) AVİS vasitəsilə daxil olduqdan (ona icraya verildikdən) sonra 2 iş günü ərzində, AVİS-in müvafiq altsistemi vasitəsilə həmin vergi ödəyicilərinin siyahısını iş həcmi və ərazi (dislokasiya) prinsipi nəzərə alınmaqla bölüşdürərək təmsilçilərə icraya verir.

Şöbə rəhbəri təmsilçilər tərəfindən ünvanlı xidmətin bu Qaydaların tələblərinə uyğun və keyfiyyətli şəkildə göstərilməsinə nəzarəti həyata keçirir.

6.8. Təmsilçi ünvanlı xidmət göstərilməli vergi ödəyicisi barədə məlumat (siyahı) AVİS-lə ona göndərildikdən sonra icra müddətlərinin ardıcıllığı, ünvanlı xidmətin məqsəd və xarakteri nəzərə alınmaqla aşağıdakı addımları atır:

6.8.1. Vergi orqanında olan məlumatlar əsasında vergi ödəyicisi barədə məlumatlarla tanış olur, həmin məlumatlar əsasında mövcud və ya mümkün risk amillərini, yanaşma və asan həll məsələlərini nəzərdən keçirir. O cümlədən ünvanlı xidmətdən əvvəl aşağıdakı halları araşdırır:

- vergi uçotu məlumatları (mükəlləfiyyəti, fəaliyyət növü, fəaliyyətinin aktiv olub-olmaması, təsərrüfat subyektinin (obyektinin), nəzarət-kassa aparatının, POS-terminalın, bank hesabının olub-olmaması, vergi ödəyicisinin ünvanı, şəhər və mobil telefon nömrəsi, e-mail ünvanı);

- təqdim edilməli bəyannamələrinin olub-olmaması;

- vergi borcunun və ya artıq ödəməsinin olub-olmaması;

- təqdim edilmiş hesabatlarda (əgər varsa) həll edilməmiş uyğunsuzluqların olub-olmaması;

- elektron sənəd mübadiləsinə qoşulub-qoşulmaması;

- muzdlu işçilərinin olub-olmaması;

- e-qutuda oxunmamış məktublarının olub-olmaması;

- vergi orqanına ünvanladığı müraciətlərinin həlli vəziyyəti.

6.8.2. Təmsilçi vergi ödəyicisi barədə vergi orqanında olan məlumatlarla tanış olaraq, bu barədə ünvanlı xidmət zamanı yerində dəqiqləşdirmək üçün öz qeydlərini aparır.

6.8.3. Ünvanlı xidmət göstərilməsi müəyyən edilən vergi ödəyicisinə bu barədə əvvəlcədən məlumat verir, ünvanlı xidmətin keçirilmə yerini, vaxtını və vergi ödəyicisinin özünün və ya nümayəndəsinin iştirakını dəqiqləşdirir.

Əgər ünvanlı xidmətin hər hansı lokal ərazi (məhəllə, ticarət mərkəzi, qəsəbə, kənd və s.), fəaliyyət növü və digər meyarlar (qruplar) üzrə göstərilməsi nəzərdə tutulursa, həmin vergi ödəyicisinə bu barədə əvvəlcədən məlumat verilməsi tələb olunmur.

6.8.4. Vergi ödəyicisinə ünvanlı xidmətin göstərilməsi məqsədilə onun ünvanına və ya təsərrüfat subyektinə (obyektinə) gedilir.

Vergi ödəyicisinin ünvanında olmaması, təsərrüfat subyektinin (obyektinin) fəaliyyət göstərməməsi, bağlı olması, həmin təsərrüfat subyektində (obyektdə) digər şəxsin fəaliyyət göstərməsi müəyyən edildikdə, habelə vergi ödəyicisi ünvanlı xidmətin göstərilməsindən imtina etdikdə bu barədə ünvanlı xidmətin göstərilməsinin mümkün olmaması barədə akt (Qaydalara 4 nömrəli Əlavə) tərtib olunur. Bu barədə AVİS-in “Ünvanlı xidmət” bölməsində müvafiq qeydlər edilir.

Ünvanlı xidmətin göstərilməsi mümkün olmayan vergi ödəyicilərinə sonradan müvafiq xidmətlərin göstərilməsi imkanları nəzarətdə saxlanılır və belə imkan, habelə həmin vaxt xidmətin göstərilməsinə zərurət olduqda ünvanlı xidmətin göstərilməsi təmin edilir.

6.8.5. Təmsilçi ünvanlı xidmətin göstərilməsinə başlamazdan əvvəl vergi ödəyicisi ilə salamlaşmalı, xidməti vəsiqəsini göstərərək özünü təqdim etməli, gəlişinin məqsədini bildirməlidir.

Təmsilçi görüşdüyü şəxsin ünvanlı xidmət göstərilməli vergi ödəyicisi olduğunu dəqiqləşdirməli, bu məqsədlə ona vergi uçotu şəhadətnaməsini və ya şəxsiyyətini təsdiq edən sənədin təqdim olunmasını təklif etməlidir.

Dəqiqləşdirmələrin aparılmasının səbəblərinin ilk növbədə vergi ödəyicisinin hüquqlarının və kommersiya sirrinin qorunması ilə bağlı olduğu görüşülən şəxsə izah edilməlidir.

6.8.6. Ünvanlı xidmət göstərən zaman təmsilçi vergi ödəyicisi ilə pozitiv ünsiyyət qurmalı, onu ünvanlı xidmətin mövzusu, vergi ödəyicisinin hüquq, vəzifə və öhdəlikləri barədə məlumatlandırmalı, mahiyyəti üzrə verilən sualları cavablandırmalı, vergi qanunvericiliyinin tətbiqi üzrə məsələlərdə vergi ödəyicisinə izahat verməli, praktiki köməklik göstərməlidir.

6.8.7. Ünvanlı xidmət göstərən təmsilçi vergi ödəyicisi barədə vergi orqanında olan bu Qaydaların 6.8.1-ci bəndində göstərilən məlumatları vergi ödəyicisinin iştirakı ilə yerində dəqiqləşdirməli, mövcud uyğunsuzluqlar (kənarlaşmalar) vergi ödəyicisinə bildirilməli və onların aradan qaldırılması üçün vergi ödəyicisinə lazımi köməklik göstərilməlidir.

6.8.8. Ünvanlı xidmət zamanı müəyyən edilmiş uyğunsuzluqları elekton xidmətlər vasitəsilə aradan qaldırmaq mümkün olduqda, onların vergi ödəyicisinin iştirakı ilə aradan qaldırılması təmin edilməlidir.

Uyğunsuzluqların yerində (qısa müddətdə) aradan qaldırılması mümkün olmadıqda onların aradan qaldırılması üçün hansı hərəkətlərin edilməli olduğu vergi ödəyicisinə izah edilməli və bu işdə ona metodiki köməklik göstərilməlidir.

Bütün hallarda ünvanlı xidmət göstərən təmsilçi vergi qanunvericiliyinə və inzibatçılığına düzgün əməl edilməsi, bu sahədə vergi ödəyicisinin fəaliyyətində uyğunsuzluq olduqda, onun aradan qaldırılmasının zəruriliyi, uyğunsuzluq aradan qaldırılmadıqda yaranan risklər barədə vergi ödəyicisinə ətraflı məlumat verməlidir.

6.9. Təmsilçi tərəfindən ünvanlı xidmətin göstərilməsi barədə protokol (Qaydalara 5 nömrəli Əlavə) tərtib olunur, ünvanlı xidməti göstərən təmsilçi (təmsilçilər) və vergi ödəyicisi (və ya onun nümayəndəsi) tərəfindən imzalanır.

Ünvanlı xidmətin göstərilməsi barədə protokolda ünvanlı xidmət göstərilən tarix, yer, vergi ödəyicisi və təmsilçi barədə məlumatlar, ünvanlı xidmət göstərilməsinə əsas, mövzu, göstərilən xidmət, aşkar olunan uyğunsuzluqlar və onların aradan qaldırılması barədə qeydlər olur.

Ünvanlı xidmət göstərilməsi zamanı vergi ödəyicisinin mövcud baza məlumatları ilə faktiki məlumatlar arasında aşkar edilən uyğunsuzluqları (kənarlaşmaları) təsdiq edən sübutlar (müqavilə, çek, qəbz və s.) protokola əlavə edilir.

Vergi ödəyicilərinin təsərrüfat subyektlərinin (obyektlərinin) uçotna alınması, fəaliyyətinin dayandırılması barədə müraciətlər üzrə ünvanlı xidmət qaydasında aparılan müşahidə-baxış tədbirlərinin nəticələrinə dair Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş normativ sənədlərin tələblərinə uyğun qaydada akt tərtib edilir.

6.10. Ünvanlı xidmət zamanı tərtib edilmiş protokol (ona əlavə edilən sənədlərlə birgə),  ünvanlı xidmət qaydasında aparılan müşahidə-baxış tədbirlərinin nəticələrinə dair tərtib edilmiş akt ünvanlı xidmətin keçirildiyi gündən sonrakı 3 iş günü ərzində AVİS-in müvafiq altmoduluna daxil edilir və həmin vergi ödəyicisi üzrə müvafiq qeydlər aparılır.

6.11. Ünvanlı xidmət zamanı müəyyən olunmuş, vergi ödəyicisindən asılı olmayan səbəbdən yaranmış uyğunsuzluqların aradan qaldırılması üçün ünvanlı xidmətin göstərildiyi gündən sonrakı 3 iş günü ərzində aidiyyəti üzrə xidməti məktubla müraciət edilir.

6.12. Ünvanlı xidmət zamanı müəyyən olunmuş və yerində həll edilməsi mümkün olmayan uyğunsuzluqların aradan qaldırılması, xüsusilə vergi ödəyicisi tərəfindən edilməli olan hərəkətlər nəzarətdə saxlanılır.

 

7.    Görüşlərin təşkili və keçirilməsi

7.1. Vergi orqanı tərəfindən görüşlərin keçirilməsinin əsasları aşağıdakılardır:

- vergi qanunvericiliyində edilən dəyişikliklər;

- vergi inzibatçılığında edilən yenilik və dəyişikliklər;

- maarifləndirmə və vergi təbliğatı üzrə Vergilər Nazirliyinin göstəriş və tapşırıqları;

- vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla əlaqədar aktual olan (ən çox sual yaranan və izahına ehtiyac olan) məsələlər;

- müvafiq struktur vahid və vergi orqanı tərəfindən aparılmış təhlillər nəticəsində aşkarlanmış risklər.

7.2. Görüşün məzmununa uyğun iştirakçıların tərkibi aşağıdakılardan ibarət olmaqla müəyyən edilir:

- vergi ödəyiciləri;

- vergi agentləri;

- yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, o cümlədən bələdiyyələrin vergi xidməti orqanlarının nümayəndələri;

- “Vergi dostları” layihəsinin iştirakçıları;

- təhsil müəssisələrinin müəllim, şagird və tələbələri;

- ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri.

Müəyyən sahədə aktual hesab olunan mövzular üzrə görüşlər ünvanlı şəkildə - vergi ödəyiciləri fəaliyyət istiqamətlərinə görə (istehsal, pərakəndə ticarət, ictimai iaşə, nəqliyyat xidməti, təmir-tikinti, tibb, təhsil fəaliyyəti və s.) qruplaşdırılmaqla keçirilir.

7.3. Görüş bir qayda olaraq əvvəlcədən müəyyən edilmiş rüblük qrafikə uyğun keçirilir. Qrafik şöbə rəhbəri tərəfindən hazırlanır və ən geci növbəti rübün başlanmasına 3 iş günü qalanadək vergi orqanının rəhbəri tərəfindən təsdiq olunur.

Qrafikdə görüşün keçiriləcəyi vaxt, yer, mövzusu, məruzəçilər, təşkilinə məsul şəxsin adı, soyadı və telefon nömrəsi göstərilir.

7.4. Qrafik tərtib edilərkən görüşün movzusuna Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş tədbirlər planları, iş qrafikləri, əmr və digər sərəncam sənədlərində göstərilən, vergi qanunvericiliyi və inzibatçılığı üzrə müvafiq rüb üçün aktual olan məsələlər daxil edilməlidir.

7.5. Vergi orqanı tərəfindən vergi ödəyiciləri üçün vergi öhdəliklərinin yerinə yetirilməsinin asanlaşdırılması, elektron xidmətlərdən istifadədə özünəxidmət bacarıqlarının artırılması, vergi bəyannamələrinin, hesabatların, ərizə, arayış və digər sənədlərin tərtib edilməsi və göndərilməsi, vergilərin hesablanması üzrə müntəzəm qaydada təlimlər təşkil edilir. Hər bir vergi orqanı təlimlərin keçirilməsi günlərini müstəqil təyin edir və təqvim ili ərzində onun keçirilmə tarixi və vaxtı dəyişdirilmir.

Bu təlimlər görüşlərin rüblük qrafikinə daxil edilir. Zəruri hallarda təlimlərin sayı tələbatdan asılı olaraq artırıla və ya azaldıla bilər.

7.6. Vergi ödəyicilərinin və digər maraqlı şəxslərin keçiriləcək görüşlər barədə əvvəlcədən məlumatlandırılması məqsədilə təsdiq olunmuş qrafik vergi orqanında və vergi ödəyicilərinə xidmət mərkəzlərində görünən yerdə asılır, habelə onun digər vasitələrdən istifadə olunmaqla vergi ödəyicilərinə çatdırılması təmin edilir.

7.7. Qrafikin bir nüsxəsi təsdiq olunduğu gün AVİS vasitəsilə müvafiq struktur vahidə göndərilir. Vergi orqanları üzrə ümumiləşdirilmiş görüşlərin qrafiki və ya böyük qrup şəklində keçirilən görüşlər barədə məlumat Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilə bilər.

Görüşdə iştirak etmək arzusunda olanlar internet vasitəsilə, telefonla zəng etməklə, vergi orqanına və ya xidmət mərkəzinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

7.8. Vergi orqanı aktual mövzu üzrə rüblük qrafikdə nəzərdə tutulmayan görüş keçirə bilər. Belə görüş barədə, habelə qrafiklə müəyyən edilmiş görüşün vaxtı dəyişdirildikdə və ya görüş təxirə salındıqda məlumatın verilməsi bu Qaydalara uyğun həyata keçirilir.

7.9. İştirakçıların siyahısı görüşün keçirilməsinə ən azı 3 gün qalmış şöbə rəhbəri tərəfindən vergi orqanının rəhbərliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Görüş keçirilən günədək görüşdə iştirak etmək üçün müraciət etmiş şəxslərin adları siyahıya daxil edilir.

7.10. İştirakçıların görüşün keçirilməsinə ən azı 2 gün qalmış görüşün tarixi, yeri və mözusu bildirilməklə görüşə dəvəti aşağıdakı qaydada həyata keçirilir:

- telefon vasitəsi ilə (zəng etməklə, SMS göndərməklə);

- məktub (dəvət) göndərməklə;

- onlayn kargüzarlıq vasitəsilə vergi ödəyicisinin e-qutusuna və ya elekton poçtuna məktub göndərməklə (elektron ünvana (e-qutuya) göndərilən məktubun vaxtında oxunub-oxunmaması nəzərə alınmalıdır).

Göstərilən hallarla yanaşı, görüş keçirilən vaxtadək iştirakçılarla telefon vasitəsi ilə danışılaraq əlavə məlumatlandırma aparılmalı və görüşdə iştirak dəqiqləşdirilməlidir.

Bu Qaydaların 7.9-cu və 7.10-cu bəndlərinin müddəaları bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulan təlimlərə gələn (vergi orqanının dəvəti olmadan, görüşdə iştirak üçün əvvəl müraciət etməmiş) vergi ödəyicilərinə şamil edilmir.

7.11. Görüşün keçiriləcəyi yer iştirakçıların sayından asılı olaraq tədbirin keçirilməsi tələblərinə (iştirakçıların yerləşdirilməsi, məkanın yerləşdiyi ərazi, zalda yerlərin sayı və s.) cavab verməlidir. Görüşün daha səmərəli keçirilməsi üçün texniki avadanlıqlardan (kompüter, mikrofon, proyektor və s.) istifadə edilməlidir.

Görüş vergi orqanının inzibati binasında və kiçik qruplarla xidmət mərkəzlərində, eləcə də vergi orqanından kənarda keçirilə bilər. Şagird və tələbələrlə keçirilən görüşlər əsasən təhsil müəssisələrində təşkil edilir.

Görüş iştirakçılarına vergilər və ya görüşün mövzusu barədə buklet, kitabça, yaddaş, vergilərlə bağlı digər təbliğat vasitələrinin əldə edilməsi imkanı yaradılır. 

7.12. İştirakçıların sayı, tərkibi, mövzuya uyğun olaraq görüş – təlim, seminar, dəyirmi masa formatında təşkil oluna bilər.

7.13. Görüş əvvəlcədən müəyyən edilmiş proqram əsasında keçirilir. Məsul şəxs tərəfindən görüş başlanmazdan əvvəl iştirakçıların qeydiyyatı aparılır.

Vergi orqanı tərəfindən və ya “vergi dostları” ilə birgə şagird və tələbələrlə keçirilən görüşlərdə və digər tədbirlərdə reyestr tərtib edilmədən iştirakçıların sayı görüşün prorokolunda qeyd edilir.

Dəyirmi masa formatında keçirilən tədbirlərdə, habelə iştirakçıların sayı 50-dən çox olan digər görüşlərdə, o cümlədən Vergilər Nazirliyinin, yerli icra hakimiyyətinin rəhbər vəzifəli şəxlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə şöbə rəhbərinin, vergi orqanının rəhbərinin (müavininin və ya aidiyyəti vəzifəli şəxslərin) iştirakı zəruridir.

7.14.  Görüşdə iştirak edən vergi orqanının yüksək vəzifəli şəxsi görüşü açır və görüşün keçirilməsinin məqsədi, mövzusu və iştirak edənlər barədə qısa məlumat verir.

Məruzəçi kimi vergi orqanının digər vəzifəli şəxsləri, ekspert və ya mütəxəssis kimi dəvət edilən şəxs çıxış edərək mövzu barədə ətraflı məlumat verir.

Vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı vergi ödəyiciləri ilə keçirilən görüşdə, xüsusilə də təlimlərdə məruzəçi konkret misallar və nümunələrdən istifadə etməli, təqdimat formatına (xüsusi lövhə və ya proyektordan istifadə etməklə) üstünlük verməlidir.

7.15. Görüş zamanı əsas mövzu barədə çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılmalı, yaranmış suallar məruzəçilər tərəfindən cavablandırılmalıdır. Müzakirələrə, sualların cavablandırılmasına ayrılan vaxt görüşün ümumi vaxtının üçdə bir hissəsindən az olmamalıdır.

7.16. Görüş zamanı iştirakçıların aidiyyəti üzrə verdikləri təkliflərin, yerində cavablandırılması mümkün olmayan sualların, aşkar olunan uyğunsuzluqların qeydiyyatı aparılmalı, görüşün protokolunda qeyd edilməli və bu məsələlərə vergi orqanı tərəfindən müəyyən edilmiş qaydada baxılmalıdır.

7.17. Görüşün davam etmə müddəti əhatə edilən mövzulardan və iştirakçıların sayından asılı olaraq müəyyən edilir. 90 dəqiqə və daha çox müddətdə davam edən görüşdə 10-15 dəqiqəlik fasilə verilə bilər.

7.18. Vergi ödəyiciləri ilə görüş zamanı iştirakçılar arasında vergilərlə bağlı sorğular keçirilə bilər. Bu halda sorğu anketləri iştirakçılara görüşdən əvvəl və ya fasilə zamanı paylanılır.

7.19. Vergi orqanı tərəfindən dəyirmi masa formatında keçirilən tədbirlərin, habelə Vergilər Nazirliyinin, yerli icra hakimiyyətinin rəhbər vəzifəli şəxlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərin foto və ya videoçəkilişinin aparılması, kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilməlidir.

7.20. Görüşdən sonra məsul şəxs tərəfindən vergi orqanı tərəfindən keçirilən görüşün protokolu (Qaydalara 6 nömrəli Əlavə) tərtib edilir. Görüşün keçirilməsi barədə tərtib edilmiş protokol (ona əlavə olunmuş siyahı, məlumat, fotoşəkil və s. ilə birgə) məsul şəxs tərəfindən 2 iş günü müddətində AVİS-də qeydiyyata alınır.

7.21. Görüş zamanı keçirilmiş sorğu anketləri məsul şəxs və vergi ödəyicilərinə xidmət strukturunun digər əməkdaşları tərəfindən təhlil edilir və ümumiləşdirilir. Nəticəsi, eləcə də görüş vaxtı səslənən təklif və problemlər, uyğunsuzluqlar, onların həlli istiqamətində təkliflər barədə şöbə rəhbəri tərəfindən vergi orqanının rəhbərinə məruzə edilir və bu məsələlər nəzarətdə saxlanılır.

7.22. Vergi orqanı tərəfindən digər dövlət və bələdiyyə orqanları, müəssisələr, habelə qeyri-hökumət təşkilatları, ictimai birliklər ilə birgə görüşlər təşkil edilə bilər. Belə görüşün əsas təşkilatçısı vergi orqanı olduqda görüşün təşkil və keçirilməsi bu Qaydalarla tənzimlənir.

 

8. Telefon vasitəsilə məlumatlandırma

8.1. Bu Qaydalara əsasən telefon vasitəsilə  məlumatlandırma (xəbərdar etmə, məlumat və izahat vermə, dəqiqləşdirmə) vergi ödəyicilərinə zənglərin edilməsindən və aidiyyəti üzrə daxil olan zənglərin cavablandırılmasından ibarətdir.

Vergi ödəyicilərinə zənglərin edilməsi Vergilər Nazirliyinin  Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərinin telefon vasitəsi ilə əlaqə yaradılaraq məlumatlandırılması (Outbound Call Centre) Qaydaları”nın və bu Qaydaların tələblərinə uyğun həyata keçirilir.

8.2. Telefon vasitəsilə məlumatlandırma daha çox fərdi xarakter daşımaqla vergi ödəyicisinin fəaliyyəti və digər xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. Vergi ödəyicilərinə kütləvi şəkildə eyni məzmunda məlumatın çatdırılması tələb olunduqda, belə məlumatın müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən xidməti məktub (sifariş) yazılmaqla SMS formasında vergi ödəyicilərinə göndərilməsi həyata keçirilir.

8.3. Telefon vasitəsilə əsas məlumatlandırma və əlaqə istiqamətləri aşağıdakılardır:

- riskli vergi ödəyiciləri ilə iş üzrə;

- vergi bəyannamələrinin və hesabatların təqdim edilməsi üzrə;

- vergi uçotu məlumatlarının, mükəlləfiyyətin dəqiqləşdirilməsi üzrə;

- vergi ödəyicisinin təqdim etdiyi hesabat və digər sənədlərdəki uyğunsuzluqlar üzrə;

- vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə;

- görüşlərin və ünvanlı xidmətlərin təşkili və keçirilməsi üzrə;

- hazır sənədlərin götürülməsi üzrə.

8.4. Vergi ödəyicilərinə zənglərin edilməsi

8.4.1. Təmsilçi vergi ödəyicisinə zəng etməzdən əvvəl ona veriləcək məlumatların (və ya sualların) siyahısını tərtib etməli, danışıq zamanı lazım ola biləcək sənədləri hazır saxlamalıdır.

8.4.2. Telefon zəngi salamlaşmadan başlanmalı, təmsilçi özünü təqdim etdikdən sonra dəstəyi qaldıran şəxsin kim olduğunu dəqiqləşdirməlidir. Qarşı tərəf dəstəyi qaldırarkən özünü təqdim etsə və ya təşkilatın adını bildirsə, salamlaşmadan sonra dəqiqləşdirmə aparılmamalıdır.

Zəngi qəbul edən soruşulan şəxs özü deyilsə, təmsilçi onun telefona dəvət olunmasını  xahiş etməlidir.

8.4.3. Təmsilçi dərhal əsas məqsədə keçməli, danışıq zamanı mövzudan kənara çıxmamalıdır. Danışıq konstruktiv, onun müddəti mümkün qədər qısa olmalıdır. Danışığı təmsilçi bitirməli və danışığın sonunda ona yekun vurmalı, qarşı tərəfə ayırdığı vaxta və diqqətə görə öz minnətdarlığını bildirməlidir.

8.4.4. Zəng avtocavabçıya yönəldiyi halda vergi orqanının adı, əməkdaşın soyadı, adı, vəzifəsi bildirilməklə zəngin məqsədi barədə qısa məlumat verilməlidir.

8.5. Daxil olan zənglərin cavablandırılması

8.5.1. Telefon zənginə cavab (daxili nömrəli zənglər istisna olmaqla), zəng daxil olmuş vergi orqanının adı, zəngi qəbul etmiş təmsiçi barədə məlumatın verilməsindən başlanmalı, qarşı tərəfə özünü təqdim etmək (adı, soyadı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı) təklif olunmalıdır.

8.5.2. Vergi ödəyicisinə verilən cavab aydın və informativ olmalıdır. Təmsilçi cavab vermək üçün əlavə araşdırma aparmalıdırsa, zəngin vaxtı vergi ödəyicisi ilə razılaşdırılmaqla yenidən telefon əlaqəsi yaradılmalıdır.

8.5.3. Danışığın sonunda təmsilçi söhbətə yekun vurmalı və problemin həlli üçün zəruri tədbirləri sadalamalıdır (kim, nə vaxt və nə etməlidir).

8.6. Təmsilçi vergi ödəyicisini diqqətlə dinləməli, danışıq zamanı ətrafdakı adamlarla paralel danışıqlar aparmamalı, verilən sualları tez və düzgün cavablandırmalı, qarşı tərəfdən qeyri-adekvat davranışa yol verildiyi halda təmkinli və səbirli olmalıdır.

8.7. Bu Qaydalara uyğun olaraq telefon vasitəsilə məlumatlandırma xidmətinin səmərəli təşkili məqsədilə vergi ödəyicilərinə xidmət strukturlarının xidməti istifadəsində olan telefon nömrələrində şəhərlərarası və mobil operatorlara çıxış imkanı yaradılmalıdır.

 

9. Vergi ödəyiciləri ilə yazışma

9.1. Vergi ödəyiciləri ilə əlaqə vasitələrindən biri də işgüzar yazışmadır (məktubdur). İşgüzar məktubun məzmun və formasına məktubu göndərənin və alanın xüsusiyyətləri, konkret vəziyyət təsir göstərir. Vergi orqanları ilə vergi ödəyiciləri arasında yazışmalar “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”na əsasən aparılır.

9.2. Məktubun yazılması müəyyən yaradıcılıq elementlərini nəzərdə tutsa da, onun məzmununa qoyulan əsas tələblər aşağıdakılardır:

- məktub mümkün qədər yığcam olmalı;

- məktubun mətni aydın və başadüşülən olmalı;

-məktubda mürəkkəb və mənası çətin anlaşılan sözlərdən və ifadələrdən istifadə edilməməli;

- məktub aid olduğu təşkilatın xüsusiyyətlərini əks etdirməlidir.

9.3. Vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyəti üzrə yazışmaların istiqamətləri aşağıdakılardır:

- daxil olmuş sorğu (informasiya) xarakterli müraciətlərin cavablandırılması;

- edilən müraciət əsasında arayışların, çıxarışların və digər bu kimi sənədlərin verilməsi;

- vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə göndərilən məlumatlar.

9.4. Daxil olmuş müraciətə cavab AVİS-in imkanlarından və qanunvericilik bazasından istifadə edilməklə, araşdırma aparılmaqla, zəruri olduğu halda digər struktur vahidi və bölmələrinə də müraciət edilərək qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanmalı və aidiyyəti üzrə təqdim edilməlidir.

9.5. Cavab məktubunun məzmunu və ayrılıqda cümlələr mümkün qədər qısa olmalı, bir-birilə ziddiyyət təşkil etməməli və mətndə məntiqi ardıcıllıq gözlənilməlidir. Məktubun başlanğıcında müraciətin qısa məzmunu, sonra müraciətin sadə, qısa və dəqiq cavabı, cavabın əsaslandırılması, lazım olarsa əlavə məlumat əldə etmə mənbələri qeyd edilməlidir.

9.6. Daxil olmuş müraciətə uyğun arayışların və digər sənədlərin hazırlanması və verilməsi müəyyən edilmiş standart formada və mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

9.7. Vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə göndərilən məlumatlar məktub, elan, bildiriş, dəvət və s. formalarda tətbiq edilir. Belə məlumatlar səmərəliliyi nəzərə alınmaqla vergi ödəyicisinin İnternet vergi idarəsindəki e-qutusuna, elektron poçt ünvanına, poçt rabitəsi vasitəsilə hüquqi ünvana göndərilə və ya əlbəəl təqdim edilə bilər.

Vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinə məlumatlar bu Qaydaların 7.1-ci və 8.3-cü bəndlərində göstərilən əsaslar və istiqamətlər üzrə göndərilir.

 

10. Riskli vergi ödəyiciləri ilə iş

10.1. Bu Qaydalara əsasən riskli vergi ödəyiciləri ilə iş - riskli vergi ödəyicilərinin müəyyən edilməsi, onların qruplaşdırılmaqla bölgüsünün aparılması, həmin vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə riayət edilməsi istiqamətində məlumatlandırma-izahat tədbirlərinin, o cümlədən qabaqlayıcı (profilaktik) tədbirlərin həyata keçirilməsindən və görülmüş işlərin nəticələrinin təhlilindən ibarətdir.

10.2. Müəyyən edilmiş meyarlar üzrə riskli vergi ödəyiciləri barədə məlumatların (siyahının) daxil olması və həmin məlumatlar üzrə görülən işlər AVİS-də bu məqsədlə yaradılmış bölmədə əks etdirilir.

Şöbə rəhbəri tərəfindən riskli vergi ödəyiciləri üzrə işlərin bölgüsü və ona nəzarət bu Qaydaların 6.7-ci bəndində göstərilən qaydada həyata keçirilir.

10.3. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən müvafiq məlumatlandırma-izahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulan və bununla məhdudlaşdırılmayan əsas risk qrupları (istiqamətləri) aşağıdakılardır:

10.3.1. bəyannamə təqdim etməli olan, lakin əvvəlki hesabat dövrü (dövrləri) üzrə bəyannməsini təqdim etməmiş və ya gecikmə ilə təqdim etmiş vergi ödəyiciləri;

10.3.2. bəyannamələrindəki uyğunsuzluqlarla əlaqədar müvafiq işlərin görülməsi bilavasitə xidmət strukturlarına həvalə olunan vergi ödəyiciləri;

10.3.3. fəaliyyət növü ilə faktiki mükəlləfiyyətləri və uçot məlumatları arasında uyğunsuzluq mövcud olan vergi ödəyiciləri;

10.3.4. hesabat dövründə fəaliyyətini dayandırmış, fəaliyyətinin dayandırma müddəti bitmiş,  nəzarət tədbirləri nəticəsində fəaliyyəti aktivləşmiş vergi ödəyiciləri;

10.3.5. müəyyən meyarlara uyğun vergi borcu yaranan vergi ödəyiciləri; 

10.3.6. elektron sənəd mübadiləsinə qoşulmuş, lakin əvvəlki hesabat dövrü (dövrləri) üzrə bəyannaməni kağız formatında təqdim etmiş vergi ödəyiciləri;

10.3.7. müəyyən edilmiş vaxtda və daha artıq müddətdə e-qutuda oxunulmamış məktub mövcud olan vergi ödəyiciləri;

10.3.8. Fəaliyyət növünə uyğun aldıqları “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in qüvvədə olma müddəti bitmiş vergi ödəyiciləri.

10.4. Bu Qaydaların 10.3-cü bəndində göstərilən risk istiqamətlərinə görə konkret icra meyarları AVİS-də proqram təminatı və ya müvafiq struktur vahid tərəfindən müəyyən edilir.

Vergilər Nazirliyi tərəfindən aparılan təhlillər, araşdırmalar, monitorinqlər əsasında risk qrupları və meyarları müəyyən dövr ərzində aktuallıq prinsipinə görə dəyişdirilə və yeni meyarlar müəyyən edilə bilər.

10.5. Riskli vergi ödəyiciləri üzrə iş bütün vasitələrindən istifadə edilməklə aparılmalı, risk qrupundan, vergi ödəyicisindən, əldə edilən nəticədən asılı olaraq, az resurs tələb edən xidmət kanalından başlanılmaqla bir və ya bir neçə vasitədən istifadə edilməklə aşağıdakı ardıcıllığa uyğun təşkil olunur:

-    e-qutuya məktubun (bildiriş, xəbərdarlıq və s.) göndərilməsi;

-    SMS və ya səsli mesajın göndərilməsi;

-    telefon əlaqəsinin yaradılması;

- poçt vasitəsilə məktubun göndərilməsi;

- vergi orqanında və ya xidmət mərkəzində fərdi qəbul;

- ünvanlı xidmətin göstərilməsi;

- görüşlərin keçirilməsi;

-    internet və digər kütləvi informasiya vasitələri ilə məlumatlandırma (ardıcıllıq gözlənilmədən aparılır).

10.5.1. Müəyyən edilmiş risk meyarı üzrə digər strukturlar tərəfindən və ya proqram təminatı vasitəsilə vergi ödəyicisinin məktub göndərilmişdirsə, xidmət strukturları tərəfindən eyni hala görə vergi ödəyicisinə məktub göndərilmir və müvafiq tədbirlər digər (növbəti) kanallardan istifadə edilməklə aparılır.

Poçt vasitəsilə məktub e-qutusu olmayan, fəaliyyətini dayandırmış və son 6 ay müddətində e-qutusuna göndərilən məktubları oxunmamış vergi ödəyicilərinə göndərilir.   

10.5.2. Riskli vergi ödəyicilərinə SMS və ya səsli mesajın göndərilməsi Vergilər Nazirliyi tərəfindən həm mərkəzləşdirilmiş, o cümlədən avtomatlaşdırılmış qaydada, həm də vergi orqanı tərəfindən yazılmış xidməti məktub (sifariş) əsasında həyata keçirilir.

10.6. Riskli vergi ödəyiciləri ilə iş bu Qaydaların 10.5-ci bəndində göstərilən ardıcıllığa uyğun aparılır və nəticə əldə edilən mərhələdə tamamlanır.

Bu bənddə nəticə dedikdə, hər hansı bir risk meyarı üzrə vergi ödəyicisi ilə əlaqə yaratmaqla və ya görüşməklə onun məlumatlandırılması, riski şərtləndirən halın aradan qaldırılması və sonradan təkrarlanmaması üçün vergi ödəyicisinə zəruri metodiki köməkliyin göstərilməsi, risk amili aradan qaldırılmadıqda vergi ödəyicisinin məruz qalacağı maliyyə itkiləri, tətbiq olunacaq sanksiya və cərimələr barədə izahatın verilməsi nəzərdə tutulur.

10.6.1. Vergi orqanının göndərdiyi uyğunsuzluq məktubuna cavab olaraq vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya digər təsdiqedici sənədlər təqdim edildikdə, müəyyən olunmuş vergi öhdəliyini yerinə yetirildikdə (vergi borcu ödənildikdə) həmin hal üzrə vergi ödəyicisi risklilər siyahısından silinir və icradan çıxarılır (müvafiq proqram təminatı olduqda avtomatik qaydada).

10.6.2. Xidmət strukturları tərəfindən vergi borcu barədə vergi ödəyicisinə verilən məlumat və izahat əsasən aşağıdakıları əhatə edir:

-           ümumi vergi borcunun məbləği;

-           ümumi vergi borcunun tərkibində əsas vergi borcunun, maliyyə sanksiyaları və inzibati cərimələrin, faizlərin ayrıca məbləğləri;

-           vergi borclarının yaranma səbəbləri;

-           vergi borcunun dövlət büdcəsinə ödəniməsi qaydası;

-           vergi borcu ödənimədikdə qanunvericiliyə uyğun onun məcburi qaydada alınması tədbirləri, vergi ödəyicisinə qarşı görüləcək məsuliyyət tədbirləri;

-           vergi ödəyicisinin özü tərəfindən vergi borcunun olub-olmaması barədə məlumatın daha tez necə öyrənilə bilməsi barədə (Çağrı Mərkəzinə zəng etməklə, İnternet Vergi İdarəsinə daxil olmaqla, SMS göndərməklə).

10.7. Bu Qaydaların 10.8-cı bəndində göstərilən hallar istisna olmaqla hər bir riskli vergi ödəyicisi ilə iş, onun məlumatı bu Qaydaların 10.2-ci bəndində göstərilən qaydada AVİS-də yaradılmış bölməyə daxil olduğu gündən başlanılır və 30 gün müddətində müvafiq tədbirlər görülməklə yekunlaşdırılır.

10.8. Hesabat dövrlərinə görə müvafiq meyarlar üzrə vergi ödəyicilərinin müəyyən edilməsi  aşağıdakı müddətlərdə həyata keçirilir;

- aylıq hesabat (tədiyələr) üzrə hesabat ayından sonrakı ayın birinci 5 iş günü ərzində,

- rüblük hesabat (tədiyələr) və illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə hesabat rübündən (ilindən) sonrakı ayın birinci 10 iş günü ərzində;

- illik hesabat (tədiyələr) üzrə (illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi istisna olmaqla) hesabat ilindən sonrakı ay ərzində.

Bu bəndə uyğun müəyyən edilən riskli vergi ödəyiciləri üzrə işlər hesabat (tədiyələr) üzrə vəzifə və öhdəliyin yerinə yetirilməsi müddətinin sonuna - aylıq və rüblük hesabat dövrləri üzrə 3 gün, illik hesabat dövrləri üzrə 10 gün qalanadək aparılır və həmin müddətlərdə yekunlaşdırılır.

10.9. Riskli vergi ödəyiciləri ilə aparılan izahat-məlumatlandırma işlərinin nəticələri dövrü olaraq hər bir risk meyarının sayının dinamikasına əsasən aşağıdakı qaydada təhlil edilir:

10.9.1. Riskli vergi ödəyicisi ilə izahat-məlumatlandırma işi aparılmış, müvafiq xidmət göstərilmişdir (riskin aradan qaldırılmasının sənədlərlə rəsmiləşdirilməsi nəzərdə tutulmadığı halda);

10.9.2. Riskli vergi ödəyicisi ilə izahat-məlumatlandırma işi aparılmış, müvafiq xidmət göstərilmiş və risk amili aradan qaldırılmışdır (riskin aradan qaldırılmasının sənədlərlə rəsmiləşdirilməsi və ya öhdəliyin icra edilməsi nəzərdə tutulduğu halda);

10.9.3. Riskli vergi ödəyicisi ilə izahat-məlumatlandırma işi aparılmış, müvafiq xidmət göstərilmiş, lakin nəzərdə tutulan icra müddətində riskin aradan qaldırılması mümkün olmamışdır;

Riskin aradan qaldırılmasını nəzərdə tutulan icra müddətində mümkün olmayan vergi ödəyiciləri üzrə məlumat AVİS-də yaradılmış xüsusi bölməyə (“gözləmə pəncərəsi”) ötürülür və gələcək (növbəti) hesabat dövrü üzrə eyni risklərin yaranmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həmin vergi ödəyicilərinin fəaliyyəti nəzrətdə saxlanılır.

10.9.4. Riskli vergi ödəyicisi ilə izahat-məlumatlandırma işi aparılması mümkün olmamışdır.

Vergi ödəyicisi bütün əlaqə vasitələrindən istifadə edilməsinə baxmayaraq tapılmadıqda, ölkə ərazisində olmadıqda və ya azadlıqdan məhrumetmə yerlərində saxlanıldıqda bu barədə müvafiq qeyd aparılmaqla, həmin vergi ödəyiciləri üzrə məlumat AVİS-də yaradılmış xüsusi bölməyə (“tapılmayanlar pəncərəsi”) ötürülür.

10.9.5. Müəyyən olunmuş risk meyarları üzrə xidmət strukturları tərəfindən izahat-məlumatlandırma işinin aparılmasına, bu sahədə əməli köməklik göstərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən həll edilməli uyğunsuzluqlar aradan qaldırılmadıqda və digər vəzifə və öhdəliklər yerinə yetirilmədikdə, bu barədə riskin aradan qaldırılması üçün nəzərdə tutulan icra müddəti bitdikdən sonra 5 iş günü ərzində AVİS-in müvafiq altmoduluna müvafiq qeydlər aparılır və zəruri hallarda xidməti məktubla aidiyyəti strukturlara müraciət edilir.

10.10. Bir vergi ödəyicisi eyni dövrdə bu Qaydalara uyğun müəyyən edilən bir neçə risk qrupuna daxil edildiyi halda, həmin vergi ödəyicisi üzrə məlumatlar bir sənəddə (icrada) birləşdirilməklə təmsilçiyə icraya verilir və görüləsi tədbirlər bütün meyarları əhatə etməklə başa çatdırılır.

Riskli vergi ödəyicisi digər təmsilçilər tərəfindən xidmət mərkəzində qəbul zamanı və ya digər xidmət kanalları (e-qutu istisna olmaqla) vasitəsilə müvafiq risk halı üzrə bu Qaydaların 10.6-cı bəndinə uyğun məlumatlandırılmışdırsa, bu barədə AVİS-in altmoduluna müvafiq qeyd aparılmaqla icra bağlanılır.

10.11. Vergi orqanları tərəfindən riskli vergi ödəyiciləri ilə görülən işlərin səmərəliliyinin qiymətləndirilməsi əldə edilən faktiki nəticəyə uyğun aparılır.

 

11.    Yeni vergi uçotuna alınmış vergi ödəyiciləri ilə iş 

11.1. Yeni vergi uçotuna alınmış vergi ödəyiciləri ilə iş, onların vergi uçotuna alınması üçün müraciət etdiyi vaxtdan başlamaqla, əsas tədiyə üzrə hesabatın vergi orqanına təqdim edilmə müddətinədək davam edir.

11.2. Vergi uçotuna alınması üçün müraciət edən şəxsə təmsilçi tərəfindən sahibkarlıq fəaliyyətinin növü, xüsusiyyətləri nəzərə alınmaqla vergi qanunvericiliyinin müddəaları, vergi ödəyicisinin öhdəlikləri, vəzifə və hüquqları, elektron xidmətlərdən istifadə barədə məlumat verilməli, zəruri bələdçi vasitələr, buklet, yaddaş təqdim edilməlidir.

11.3. Əgər vergi ödəyicisi elektron qaydada qeydiyyatdan keçərək vergi uçotuna alınmışdırsa, bu Qaydaların 11.2-ci bəndinə uyğun məlumatlar onun e-qutusuna göndərilir, digər kanallar vasitəsilə çatdırılır.

Elektron qaydada uçota (qeydiyyata) alınmış e-qutusu olmayan vergi ödəyiciləri ilə "Elektron sənəd mübadiləsi haqqında Müqavilə"nin bağlanmasını təmin edən zəruri tədbirlər görülür.

11.4. İlk hesabat dövründə vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqində köməklik və nəzarətin edilməsi məqsədilə, sahibkarlıq fəaliyyəti göstərən yeni vergi uçotuna alınmış vergi ödəyicilərinin təmsilçilər arasında bölgüsünün təşkili bu Qaydaların 6.7-ci bəndində göstərilən qaydada həyata keçirilir.

11.5. Təmsilşi, ona həvalə edilmiş yeni vergi uçotuna alınmış vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaqla, müvafiq dövr üzrə vergi öhdəliklərinin yerinə yetirilməsi, hesabatın vaxtında təqdim edilməsi məqsədi ilə onlara bu Qaydalara uyğun zəruri köməklik göstərməlidir.

11.6. Yeni qeydiyyatdan keçmək istəyən şəxslərə qeydiyyat üzrə, qeydiyyatdan keçdikdən sonra yeni vergi ödəyicilərinə onların vergi öhdəlikləri, hüquqları və vəzifələri barədə məlumatlandırma xidmətlərinin göstərilməsi və təlimlərin keçirilməsi üzrə tələblər “Yeni qeydiyyatdan keçən (vergi uçotuna alınan) vergi ödəyiciləri ilə iş üzrə Metodiki Vəsait” ilə tənzimlənir.

 

III HİSSƏ

12.    Xidmətlərin monitorinqi

12.1. Vergi orqanları tərəfindən bu Qaydalara uyğun xidmətlərin təşkilinə və göstərilməsinə, habelə vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinə, müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinə nəzarət, onların monitorinqi (bundan sonra - xidmətlərin monitorinqi) müvafiq struktur vahid tərəfindən aparılır.

12.2. Xidmətlərin monitorinqi aşağıdakı formalardan istifadə edilməklə həyata keçirilir:

12.2.1. Vergi orqanlarında, xidmət mərkəzlərində, xidmət göstərilən digər yerlərdə keçirilən müşahidə-baxış tədbirləri vasitəsilə;

12.2.2. Xidmət göstərilən yerdə  xidmətin göstərilməsi prosesi izlənilməklə (müşahidə etməklə);

12.2.3. Texniki avadanlıqlar vasitəsilə xidmətin göstərilməsi prosesinin birbaşa (canlı) və arxivləşmiş resursdan istifadə etməklə videomüşahidəsi aparılmaqla və səs yazısı dinlənilməklə;

12.2.4. Xidmətin göstərilməsi prosesində qəbul edilən, təqdim edilən, tərtib edilən, icra edilən sənədlərə, onların müəyyən edilmiş tələblərə uyğunluğuna AVİS vasitəsilə və ya yerində baxılmaqla;

12.2.5. “Gizli müştəri” formasında xidmət mərkəzlərində qəbul edilməklə, göstərilən xidmətlərdən istifadə edilməklə; 

12.2.6. Göstərilən (göstərilməli) xidmətlər üzrə AVİS-də aparılan (aparılmalı) əməliyyatlar yoxlanılmaqla.

12.3. Xidmətlərin monitorinqinin təşkili məqsədilə müvafiq struktur vahid tərəfindən monitorinq planı hazırlanaraq təsdiq edilir. Monitorinq planı yarımillik və ya rüblük dövrü əhatə edilməklə hazırlana bilər.

12.4. Monitorinq planına aşağıdakılar daxil edilir:

- monitorinq olunan vergi orqanı, xidmət mərkəzi, xidmət sahəsi;

- monitorinq ilə əhatə olunan dövr (müddət);

-  monitorinq olunan istiqamət (istiqamətlər), xidmət növü (növləri);

- monitorinqin başlanılması və bitmə tarixləri;

- monitorinqin aparılması forması (stasionar və ya səyyar);

12.5. Edilən müraciətin (şikayətin) araşdırılması, müxtəlif vasitələrlə daxil olan məlumatlar (siqnallar) əsasında Vergilər Nazirliyinin və müvafiq struktur vahidin rəhbərlərinin göstərişi ilə aparılan nəzarət və müşahidə-baxış tədbirləri monitorinq planına daxil edilmədən həyata keçirilir.

12.6. Monitorinqin səmərəli aparılması məqsədilə müvafiq struktur vahid tərəfindən monitorinq olunan sahə və ya istiqamət üzrə ardıcıllıq qaydasında əhatə olunan məsələlər, araşdırma meyarları və prosedurları, eləcə də vergi orqanlarında, xidmət mərkəzlərində keçirilən monitorinq zamanı vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarına aidiyyəti üzrə əməli-metodiki köməkliyin göstərilməsi halları nəzərə alınmaqla yaddaş hazırlanmalı, monitorinq ona uyğun keçirilməlidir.

12.7. Monitorinqin nəticəsi barədə monitorinqi aparan vəzifəli şəxs (şəxslər) tərəfindən arayış tərtib edilir. Arayış giriş hissədən, təsviri hissədən və yekun (nəticə) hissədən ibarət olmaqla tərtib edilir. Monitorinqin xüsusiyyətinə və nəticəsinə görə arayışa təkliflər də əlavə edilə bilər.

Giriş hissəsində monitorinq keçirilməsinin əsasları və monitorinq planına daxil edilən məlumatlar faktiki vəziyyətə uyğun göstərilməklə qeydlər aparılır.

Arayışın təsviri hissəsində monitorinq zamanı aşkar olunmuş çatışmazlıqlar, kənarlaşmalar və bu Qaydaların, mövcud normativ-hüquqi aktların tələblərinin pozulması halları və səbəbləri, bu nöqsanlara yol vermiş şəxslərin adları, normativ aktların pozulmuş müddəaları və bunun səbəbləri, eyni zamanda monitorinq olunan istiqamət, xidmət növü üzrə çatışmazlıq, kənarlaşma olmadıqda bu barədə qeydlər əks etdirilir. Habelə monitorinq zamanı əməli köməkliyin göstərilməsi halları, müəyyən edilmiş tələblərə tam əməl edən, nümunəvi xidmət göstərən təmsilçilər barədə də qeydlər arayışda əks etdirilə bilər.

Arayışın yekun (nəticə) hissəsində aşkar edilmiş çatışmazlıqlar və nöqsanlar, monitorinq olunan istiqamət üzrə vergi orqanı və ya xidmət mərkəzinin fəaliyyətinin səmərəliliyi, o cümlədən müsbət hallar və xidmətlər ümumiləşdirilərək konstatasiya olunur.

Arayışın təklif hissəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması və gələcəkdə bu cür nöqsanlara yol verilməsinin qarşısının alınması barədə konkret təkliflər verilir.

12.8. Monitorinq nəticəsində tərtib edilmiş arayış aidiyyəti üzrə müvafiq struktur vahiddə baxılır. Həmin arayış, əgər eyni (yaxın) dövrdə bir neçə monitorinq keçirilmişdirsə, onların nəticələri barədə ümumiləşdirilmiş arayış müvafiq struktur vahidin rəhbərinin imzası ilə Vergilər Nazirliyinin rəhbərliyinə (dərkənara verilməklə) təqdim edilir.

12.9. Xidmət strukturlarının, o cümlədən təmsilçilər tərəfindən göstərilən xidmətlərin qiymətləndirilməsi Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada və meyarlara uyğun aparılır.

 

13.    Məsuliyyət

13.1. Vergi orqanlarında bu Qaydalarla müəyyən edilmiş xidmətlərin göstərilməsinin təşkilinə vergi orqanının rəhbəri, vergi ödəyicilərinə xidmət strukturuna nəzarət (kuratorluq) həvalə olunmuş vergi orqanının rəhbərinin müavini cavabdehdir.

13.2. Şöbə rəhbəri və məsul şəxs təmsilçilərin iş vaxtı xidmət yerlərində olmalarına, növbə rejiminə, nəzərdə tutulmuş qaydada tanınma nişanlarından istifadəyə, geyim qaydalarına əməl etmələrinə, vergi ödəyicilərindən sənədlərin qəbul edilməsinə, vaxtında aidiyyəti üzrə çatdırılmasına, hazır sənədlərin təhvil verilməsinə, xidmət mərkəzində olan avadanlıqlardan, xüsusi nəqliyyat vasitəsindən təyinatı üzrə istifadə edilməsinə, göstərilən xidmətlərin qeydiyyatının düzgün aparılmasına nəzarəti təmin etməlidirlər.

13.3. Təmsilçilər xidmət prosesində kommersiya sirrinin pozulmaması məqsədilə, vergi ödəyicisi adından müraciət edən şəxsin kimliyini müəyyən etməli və müraciət edən şəxsin təmsilçi ilə birgə müvafiq əməliyyatlar aparmaq hüququnun olub-olmamasını dəqiqləşdirməlidir.

Təmsilçi vergi ödəyicisindən istifadəçi kodunu və digər məxfi məlumatları almamalı, onların açıqlanmasına şərait yaratmamalıdır.

13.4. Bu Qaydaların tələblərinin pozulmasına görə əməkdaşlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinə əsasən intizam məsuliyyəti daşıyır.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.