Axtar
az|рус|eng
Qanunvericilik

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

442

Bakı şəhəri, 17 oktyabr 2017-ci il

N 442


"Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi barədə

 "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 645-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1356 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. "Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 8, maddə 1141, 12, maddə 2247; 2017, 3, maddə 506, 7, maddə 1478) ləğv edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsinlər.


Azərbaycan Respublikasının Baş naziri

Artur Rasi-zadə


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmişdir. (6 mart 2018-ci il tarixli, 76 nömrəli, 18 sentyabr 2018-ci il tarixli, 399 nömrəli  qərarlara təsdiq eidlmiş əlavə və dəyişikliklərlə).


Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından Azərbaycan Respublikası Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) hesabına köçürülən vəsaitdən (bundan sonra - büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.

1.2. Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin toplanılması və təyinatı üzrə istifadəsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra - Maliyyə Nazirliyi) Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyinin xüsusi xəzinə hesabı (bundan sonra - xüsusi xəzinə hesabı) açılır.

1.3. Büdcədənkənar vəsaitin uçotu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimata uyğun həyata keçirilir.

1.4. Büdcədənkənar vəsaitin toplanılmasına və həmin vəsaitdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

1.5. Büdcədənkənar vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dək Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.

1.6. Büdcədənkənar vəsait Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, Vergilər Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

2. Büdcədənkənar vəsaitin formalaşdırılması, gəlir və xərclər smetasının təsdiq edilməsi prosedurları

2.1. Xüsusi xəzinə hesabına vəsaitin ayrılması hesabat dövrünün faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir. Bu azalma neft və qeyri-neft sektorları üzrə daxilolmaların ümumi daxilolmada xüsusi çəkisinə uyğun aparılır.

2.2. Büdcədənkənar vəsaitin hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-sı (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) xüsusi xəzinə hesabına köçürülməsini Maliyyə Nazirliyi təmin edir.

2.3. Büdcədənkənar vəsait üzrə gəlirlərin və xərclərin məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti il üzrə xüsusi xəzinə hesabının gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə, cari ilin iyul ayının 1-dək aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

2.3.1. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

2.3.2. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.3.3. növbəti il üçün təklif olunan vəsaitlər üzrə gəlirlərin məbləği (büdcə gəlirlərinin təsnifatının kodları üzrə);

2.3.4. növbəti il üçün gəlirlərin və xərclərin proqnozuna dair hesablamalar;

2.3.5. növbəti il üçün gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) layihəsi;

2.3.6. izahat məlumatları.

2.4. Maliyyə Nazirliyi cari ilin iyul-avqust aylarında Vergilər Nazirliyi ilə növbəti il üçün büdcədənkənar vəsait üzrə gəlirlərin və xərclərin layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq, gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) protokolla rəsmiləşdirilir.

2.5. Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar Maliyyə Nazirliyi tərəfindən baxılarkən, məqsədyönlü, səmərəli və düzgün istifadə edilməsinə diqqət yetirilir.

2.6. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 1 ay müddətində protokolla rəsmiləşdirilmiş büdcədənkənar vəsait üzrə gəlir (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Smetanın bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələr isə Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə təqdim edilir.

2.8. Büdcədənkənar vəsait üzrə gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) layihələri üzrə aparılmış müzakirələrin nəticələrinə dair protokolla rəsmiləşdirilmiş məbləğlər, habelə təsdiq edilmiş smetasında dəyişikliklər yalnız əsaslandırılmış arayış əsasında həyata keçirilir.

3. Büdcədənkənar vəsaitdən istifadə istiqamətləri

3.1. Büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırıl-masına;

3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

3.1.3. işçilərə maddi yardımın göstərilməsinə;

3.1.4. vergi orqanlarının işçiləri üçün səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;

3.1.5. vergi orqanlarının işçiləri üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;

3.1.6. vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə;

3.1.7. vergi orqanı işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi;

3.1.8. vergi orqanlarının xidmət heyətinə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş müavinətlərin ödənilməsinə;

3.1.9. sosial sığorta haqlarının (vergi orqanlarının işçiləri ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün) ödənilməsinə.

3.2. Vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə büdcədənkənar vəsait aşağıdakı istiqamətlərə xərclənir:

3.2.1. malların (işlərin və xidmətlərin) alınmasına;

3.2.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

3.2.3. maddi-texniki bazanın möhkəmləndirilməsinə və vergi sahəsində elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə;

3.2.4. inzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

3.2.5. Vergilər Nazirliyi tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsinə, həmçinin beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

3.2.6. məqsədli təqaüdlərin ödənilməsinə.

3.2.7. Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımının ayrılmasına.

3.3. Büdcədənkənar vəsaitin 50 faizi faizinədək olan məbləği (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş məqsədlər üçün ayrılır.

4. İşçilərin mükafatlandırılması

4.1. Vergi orqanlarının işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə Azərbaycan Respublikasının vergilər naziri (bundan sonra - nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

 5. Yekun müddəalar

5.1. Bu Qaydanın 3.1-ci bəndinə əsasən ödənilən vəsaitdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.

5.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"na

əlavə

 

 

Azərbaycan Respublikasının

Vergilər Nazirliyi

"Təsdiq edirəm"

_________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

"__" _____________ 20 __ il

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

"Təsdiq edirəm"

__________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

"__" _____________ 20 __ il

 

 

 

20 _____ il üçün

 

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN BÜDCƏDƏNKƏNAR VƏSAİTLƏRİ ÜZRƏ GƏLİRLƏR VƏ XƏRCLƏR SMETASI

Gəlir və xərclərin adı

Kod

Məbləğ

(min manatla)

Cari ildə əldə edilən digər gəlirlər,

o cümlədən:

gəlirlərin növləri üzrə

Cari ildə cəmi gəlirlər:

 

 

Cari ildə cəmi xərclər:

o cümlədən:

təsnifatda nəzərdə tutulmuş maddələr üzrə

 

 

       

 

Qeyd. Smetaya gəlir və xərc maddələri üzrə haqq-hesablar və izahat vərəqəsi əlavə edilir.

 

 

_________________________

 

 

______________

(smetanı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

(imza)

 

 

"___" _______________20 ___ il

 

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2018

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.