Axtar
az|рус|eng
Qanunvericilik

AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

196

Bakı şəhəri, 4 may 2017-ci il

"Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın  təşkili  və  keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 4 may tarixli 196 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi  ilə elektron hərracın təşkili və keçirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları" (bundan sonra - Qaydalar) "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərrac vasitəsilə satışının təşkili və həyata  keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan "elektron hərrac" anlayışı  icra məmurunun sifarişi əsasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytı vasitəsilə elektron qaydada ixtisaslaşdırılmış açıq hərraclarda satışı mənasını ifadə edir.

1.3. Elektron hərracın təşkili və keçirilməsi ilə bağlı digər məsələlər Vergi Məcəlləsi və digər aidiyyəti hüquqi aktlarda nəzərdə tutulmuş qaydada tənzimlənir.

1.4. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə icra məmurları tərəfindən siyahıya alınmış əmlakların elektron hərrac vasitəsilə satılması üçün elektron hərracın təşkilatçısına sifarişlər verilir.

1.5. Elektron hərrac zamanı aşağıdakılara yol verilmir:

1.5.1. elektron hərracın hər hansı bir iştirakçısına digərlərindən fərqli və (və ya) qanunvericilikdə nəzərdə tutulmayan güzəştlərin verilməsinə;

1.5.2. elektron hərracın təşkilatçısı tərəfindən iştirakçıların rəqabət aparmasına məhdudiyyətin qoyulmasına.

1.6. Elektron hərracla əlaqədar elektron hərracın təşkilatçısının rəsmi internet saytında (bundan sonra - rəsmi internet saytı) bu Qaydalarla müəyyən edilmiş formada qeydiyyatdan keçən iştirakçı elektron hərracın şərtlərini qəbul edir və onlara əməl etməyi öhdəsinə götürür.

1.7. Elektron hərracın təşkilatçısı qeydiyyat zamanı iştirakçılar tərəfindən verilən məlumatların məxfiliyini təmin etməlidir.

1.8. Elektron hərracın təşkilatçısı tərəfindən elektron hərracın keçirilməsi haqqında ictimaiyyətə məlumatlar kütləvi informasiya vasitələri, özünün rəsmi internet saytı, digər internet saytları, sosial şəbəkələr və SMS yolu ilə çatdırılır. Belə məlumatları avtomatik şəkildə əldə etmək istəyən şəxslər rəsmi internet saytına daxil olmaqla abunə ola bilərlər.

1.9. Elektron hərracın gedişində baş verən hər hansı dəyişikliklər barədə məlumatlar elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytında yerləşdirilir.

1.10. Elektron hərracın təşkilatçısının hüquq və vəzifələri Vergi Məcəlləsi, bu Qaydalar və digər aidiyyəti hüquqi aktlarla tənzimlənir.

2. Elektron hərracın keçirilməsi qaydası

2.1. Elektron hərracın təşkilatçısı icra məmurunun sifarişini və sifarişə əlavə edilmiş Vergi Məcəlləsinin 90.3.3-cü maddəsində göstərilən sənədləri aldıqdan sonra elektron hərracın keçiriləcəyi tarixə ən azı 10 gün, yararlılıq müddəti başa çatmaqda, habelə yararsız hala düşmək təhlükəsi olan ərzaq və qeyri-ərzaq məhsulu olan əmlak satıldıqda isə ən azı 5 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elektron hərraca çıxarılacaq əmlaklar barədə elan yerləşdirir. Elanda Vergi Məcəlləsinin 90.3.5-ci maddəsində nəzərdə tutulan məlumatlar yerləşdirilir.

2.2. Elektron hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər rəsmi internet saytının "Qeydiyyat" bölməsinə daxil olaraq tələb olunan məlumatları (fiziki şəxslər üçün istifadəçi adı, parol, e-mail, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, adı, soyadı, atasının adı, əlaqə nömrələri (mobil, ev, iş), qeydiyyat ünvanı, hüquqi şəxslər üçün isə göstərilənlərdən əlavə olaraq hüquqi şəxsin        VÖEN-i, hüquqi şəxsin tam adı, rəhbərinin adı, soyadı, atasının adı, habelə digər zəruri məlumatları) doldurmaqla qeydiyyatdan keçirlər. Elektron hərracın təşkilatçısı gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyatdan keçmək istəyən şəxslərə texniki imkan yaratmalı və yuxarıda qeyd olunan məlumatların qorunması və məxfiliyinin təmin olunması üçün yüksək təhlükəsizlik tədbirləri görməlidir. Bundan sonra elektron hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər saytın "Şəxsi kabinet" bölməsinə daxil olaraq  "elektron hərracda iştirak barədə ərizə" formasını (Qaydalara 1 və 2 nömrəli əlavələr) elanda göstərilən müddətdə dolduraraq elektron şəkildə göndərir və elanda göstərilən bank hesabına nağdsız qaydada beh məbləğinin ödənilməsini təmin edirlər. Elektron hərracın təşkilatçısı elektron hərracın keçiriləcəyi günə qədər müvafiq bank təşkilatlarından nağdsız qaydada ödənilmiş beh məbləğləri barədə məlumatları əldə etməlidir.

2.3. Ərizədə tələb olunan məlumatlar düzgün və tam şəkildə göstərilməlidir. Ərizə elektron şəkildə göndəriləndən sonra  ərizəçiyə ərizənin 2 iş günü ərzində yoxlanılıb nəticəsi haqqında məlumat veriləcəyi barədə elektron şəkildə məlumat göndərilməlidir.

2.4. Elektron hərracın təşkilatçısı 2 iş günü ərzində verilmiş ərizələrin düzgün doldurulub-doldurulmamasını yoxlayır və nəticəsi barədə ərizəçiyə elektron şəkildə məlumat göndərir. Ərizənin düzgün doldurulmaması halı aşkar edildikdə, ərizənin qeydiyyatdan keçirilməsindən imtina edilir. Bu zaman ödənilmiş beh bu Qaydaların 2.18-i bəndində göstərilən qaydada və müddətdə ərizəçiyə geri qaytarılır. Ərizə düzgün doldurulduqda, elektron hərracın təşkilatçısı tərəfindən iştirakçıların elektron hərracda iştiraketmə nömrəsini əks etdirən bilet ərizəçiyə elektron şəkildə göndərilməlidir.

2.5. Elektron hərracda iştirak etmək məqsədi ilə ərizənin verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan ərizələr qəbul olunmur.

2.6. Ərizəçi elektron hərraca Vergi Məcəlləsinin və bu Qaydaların tələblərinə əməl etməklə elektron hərracın istənilən mərhələsində qoşula bilər.

2.7. Elektron hərracda alıcı kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər iştirak edə bilərlər.

2.8. Ərizəçi öz ərizəsini ərizənin verilməsi üçün müəyyən edilmiş müddət başa çatanadək geri götürə bilər. Bunun üçün şəxs rəsmi internet saytının "Şəxsi kabinet" bölməsinə daxil olaraq "Hərracda iştirak etməkdən imtina et" əməliyyatını yerinə yetirir və elektron hərracın təşkilatçısını bu barədə elektron şəkildə məlumatlandırır. Bu zaman ödənilmiş beh bu Qaydaların 2.18-i bəndində göstərilən qaydada və müddətdə ərizəçiyə geri qaytarılır.

2.9. Elektron hərracın keçirilməsində iştirak etmək hüququ olan iştirakçılar biletdə göstərilən tarixdə və saatda elektron hərracda iştirak etməlidirlər. Yalnız elektron hərracda iştirak etmək hüququ yaranmış iştirakçıların "Şəxsi kabinet"lərində "Hərracda iştirak et" düyməsi aktivləşir və iştirakçı həmin düyməni sıxdıqdan sonra elektron hərracda iştirak edə bilər.

2.10. Elektron hərraca çıxarılan əmlak barədə elan yerləşdirildiyi andan Vergi Məcəlləsinin 90.3.6-cı maddəsinə  uyğun olaraq icra məmuru tərəfindən elektron hərracda iştirak etmək hüququnu əldə etmiş şəxslərə satışa çıxarılan əmlakla yerində tanış olmaq imkanı yaradılır.

2.11. Elektron hərraca çıxarılan əmlakın ilkin satış qiyməti rəsmi internet saytında yerləşdirilir. Elektron hərracın iştirakçıları tərəfindən satışa çıxarılan əmlakın satış qiymətinin artırılmasına dair verilən hər təklifdən sonra 5 dəqiqəlik geri sayım başlanılır və bu hər elektron hərrac iştirakçısının "Şəxsi kabinet"ində əks olunur.

2.12. Elektron hərracın iştirakçıları satışa çıxarılan əmlakın satış qiymətinin artırılması niyyətini bildirmək üçün "Şəxsi kabinet" bölməsində "Məbləği artır" düyməsini sıxmaqla, bundan əvvəlki məbləğdən daha yüksək məbləğ təklif edə bilərlər.

2.13. Elektron hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin artırılmasına dair heç bir təklif olmadıqda həmin qiyməti ödəmək niyyətini ilk bildirən iştirakçı, yaxud ilkin satış qiymətinin artırılmasından sonra həmin məbləğin yenidən artırılmasına dair təkliflər olmadıqda sonuncu daha yüksək məbləği təklif etmiş iştirakçı elektron hərracın qalibi hesab edilir. İştirakçının qalib olması barədə müvafiq bildiriş ona elektron şəkildə göndərilməlidir.

2.14. Birinci elektron hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, elektron hərracın təşkilatçısı hər növbəti elektron hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, özünün rəsmi internet saytında, digər internet saytlarında və sosial şəbəkələrdə elektron hərraca çıxarılacaq əmlaklar barədə elan yerləşdirir. Elanda Vergi Məcəlləsinin 90.3.5-ci maddəsində nəzərdə tutulan məlumatlar yerləşdirilir.

2.15. Sonrakı elektron hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır.

2.16. Elektron hərracda iştirak edən, lakin hərracın qalibi olmayan şəxslərin behi bu Qaydaların 2.18-i bəndində göstərilən qaydada və müddətdə geri qaytarılır.

2.17. Elektron hərracda iştirak üçün müraciət edilmədikdə və ya müraciət etmiş iştirakçılardan heç biri elektron hərracda iştirak etmədikdə, yaxud ilkin qiymət və ya əmlakın növbəti elektron hərracda aşağı salınmış qiyməti elan olunduqdan sonra 48 saat ərzində iştirakçılardan heç biri əmlakın alınmasına dair niyyətlərini bildirmədikdə elektron hərrac baş tutmamış hesab edilir. Elektron hərrac baş tutmadıqda, beh iştirakçılara bu Qaydaların 2.18-i bəndində göstərilən qaydada və müddətdə geri qaytarılır.

2.18. Bu Qaydaların 2.4-cü, 2.8-ci, 2.16-cı və 2.17-ci bəndlərinə əsasən behin geri qaytarılması məqsədi ilə elektron hərracın təşkilatçısının 3 iş günü ərzində behin köçürüldüyü banka yazılı şəkildə verdiyi ödəmə tapşırığı əsasında beh məbləği 3 bank günü ərzində:

2.18.1. beh məbləğinin ödənilməsi "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən ərizəçinin bank hesabından elektron hərracın təşkilatçısının bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirildikdə, ərizəçinin müvafiq bank hesabına avtomatik şəkildə geri qaytarılır;

2.18.2. beh məbləğinin ödənilməsi "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.2-ci və 3.1.3-cü maddələrinə əsasən ödəniş terminalları ilə, yaxud birbaşa nağd qaydada elektron hərracın təşkilatçısının bank hesabına köçürülməklə həyata keçirildikdə, ərizəçinin behin ödənilməsini təsdiq edən qəbzlə birlikdə müvafiq banka müraciəti əsasında ona geri qaytarılır. Belə hallarda elektron hərracın təşkilatçısı tərəfindən ərizəçiyə hansı bank təşkilatına müraciət etməli olduğu barədə əvvəlcədən (ən geci 3 iş günü ərzində) elektron şəkildə məlumat göndərilməlidir.

2.19. Elektron hərracın təşkilatçısı ilə bağlı olan texniki nasazlıq səbəbindən elektron hərrac baş tutmadıqda, elektron hərracın yenidən keçirilməsi təmin edilir.

2.20. Elektron hərracın yekunları haqqında məlumat hərracın keçirildiyi gündən 5 təqvim günü müddətində hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytında yerləşdirilir.

2.21. Baş tutmamış elektron hərrac üzrə satılmayan əmlak barədə məlumatlar elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytından çıxarılır.

2.22. Elektron hərracın nəticəsinə dair protokolun tərtib edilməsi, tərəflər arasında müqavilənin imzalanması və əmlaka (lota) mülkiyyət hüququnun hərracın qalibinə keçməsi Vergi Məcəlləsinin 90.3.20.8-ci, 90.3.20.9-cu, 90.3.22-ci və 90.3.23-cü maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.23. Əmlakın satışından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.

2.24. Vergi Məcəlləsinin 90.4-cü maddəsinin 2-ci abzasına əsasən əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərracda satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədi ilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər.

3. Yekun müddəalar

3.1. Elektron hərracın keçirildiyi rəsmi internet saytı 3 dildə (Azərbaycan, ingilis, rus dilləri) fəaliyyət göstərir.

3.2. İştirakçıların keçirilmiş elektron hərracın nəticələrinə dair məlumat almaları üçün elektron hərracın təşkilatçısı tərəfindən rəsmi internet saytında keçirilmiş elektron hərracın nəticələri arxivləşdirilir.

3.3. Rəsmi internet saytında elektron hərraca çıxarılan bütün əmlaklar ümumi siyahıda göstərilməklə yanaşı, hərracın mərhələsinə, əmlakların qiymətinə, kateqoriyasına, yeni və ya işlənmiş olmasına görə təsnifləşdirilir.

3.4. İştirakçıların kompüter və yaxud internetə qoşulmaq və ya bilavasitə elektron hərracın təşkilatçısı ilə bağlı olmayan yaranmış texniki nasazlıq səbəbindən elektron hərracda iştirak edə bilməmələrinə görə elektron hərracın təşkilatçısı məsuliyyət daşımır.

3.5. Elektron hərracın təşkilatçısı keçirilmiş, başa çatmış və ya baş tutmamış hərraclar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq Nazirliyə təqdim edir.

3.6. Hərracın təşkili və keçirilməsi ilə bağlı məlumatlar iştirakçıların rəsmi internet saytındakı "Şəxsi kabinet"lərinə və elektron şəkildə e-mail ünvanlarına, həmçinin tərəflər arasındakı qarşılıqlı razılıq əsasında iştirakçıların mobil telefonlarına  göndərilir.

 

 

 

     "Vergi  ödəyicisinin siyahıya  alınmış

    əmlakının satışı məqsədi ilə elektron

   hərracın təşkili və keçirilməsi

   Qaydaları"na

             1 nömrəli əlavə

 

__________________________________________

(elektron hərracın təşkilatçısı olan fiziki şəxsin soyadı,

adı, atasının adı və ya

 

__________________________________________

hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı,

atasının adı)

                                                                  

___________________________________________

______________ ünvanda qeydiyyatda olan

__________________________________________

(fiziki şəxsin soyadı,adı, atasının adı, şəxsiyyətini təsdiq

edən sənədin seriya

 __________________________________________

və nömrəsi, vergi ödəyicisi olduğu təqdirdə,

həmçinin VÖEN-i)

 tərəfindən

 Əlaqə nömrəsi:_________________                                                 

  E-mail:________________

 

Ə R İ Z Ə

 

Yazıb sizdən xahiş edirəm ki, 20__-ci "____" __________ il

tarixində keçiriləcək elektron hərracda________________ satışı

                                                            (əmlakın təsviri)

 üçün ödədiyim __faiz behi, yəni _____________  manat məbləği

                                                 (behin məbləği)                                                                      

qəbul edərək elektron hərracda iştirak etməyimə icazə verəsiniz.

 

 Adı,soyadı:________________

 Tarix:____________________

 

 

 

 

        "Vergi  ödəyicisinin siyahıya  alınmış

      əmlakının satışı məqsədi ilə elektron

  hərracın təşkili və keçirilməsi

 Qaydaları"na

         2 nömrəli əlavə

 

__________________________________________

(elektron hərracın təşkilatçısı olan fiziki şəxsin soyadı,

adı, atasının adı və ya

__________________________________________

hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı,

atasının adı)

_________________________________________

________________ünvanda qeydiyyatda olan

__________________________________ rəhbəri 

         (hüquqi şəxsin tam adı, VÖEN-i)

 

__________________________________________

 (soyadı,adı, atasının adı, şəxsiyyətini təsdiq edən

sənədin seriya və nömrəsi )

 tərəfindən

 

 Əlaqə nömrəsi:_________________                                                 

 E-mail:________________

  Ə R İ Z Ə

 Yazıb sizdən xahiş edirəm ki, 20__-ci "____" __________ il

tarixində  keçiriləcək  elektron  hərracda________________ satışı

                                                            (əmlakın təsviri)

 üçün ödədiyim __faiz behi, yəni ________________  manat məbləği

                                                   (behin məbləği)                                                                      

qəbul  edərək  elektron  hərracda  iştirak  etməyimə  icazə  verəsiniz.

 

Adı,soyadı:________________

 

Tarix:____________________




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.