Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının
2017-ci il  27 yanvar tarixli 1717050000006200 nömrəli
Qərarı ilə təsdiq edilmişdir 

Əlavə - 2

 

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası

 

1. Ümumi müddəalar

1.1. “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydası” (bundan sonra - Qayda) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.     

1.2. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 24.0.7-2-ci və 165.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada təşkil edilən ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin vergi orqanları tərəfindən qeydiyyatının aparılması üzrə prosedurları müəyyən edir.

1.3. Bu Qaydanın məqsədləri üçün satıcı dedikdə ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün qeydiyyata alınan ƏDV ödəyicisi başa düşülür.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Vergi Məcəlləsində müəyyən edilmiş mənaları ifadə edir.  

 

2. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

2.1. Satıcı ticarət festivallarının təşkili qaydasının tələbləri nəzərə alınmaqla qeydiyyata alınmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:         

2.1.1. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir;

2.1.2. pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır;

2.1.3. pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinə (obyektinə), həmin təsərrüfat subyektində (obyektində) vergi qanunvericiliyinə uyğun olaraq quraşdırılmış nəzarət kassa aparatına və işlək vəziyyətdə olan POS-terminala malik olmalıdır;

2.1.4. Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmamalıdır.

2.2. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün kağız daşıyıcıda və ya elektron formada bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən olunmuş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Vergi ödəyicisi bir ərizə ilə eyni zamanda bir neçə təsərrüfat subyekti (obyekti) üzrə satıcı kimi qeydiyyata alınması üçün müraciət edə bilər.

2.3. Satıcı ərizəni elektron formada  vergi orqanına göndərmək üçün gücləndirilmiş elektron imza ilə İnternet Vergi İdarəsi portalının “Onlayn” kargüzarlıq bölməsində bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən olunmuş ərizə formasının müvafiq xanalarını doldurmalıdır.

2.4. Kağız formasında ərizə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir.

2.5. Elektron və kağız formasında təqdim edilmiş ərizələr emal edilmək məqsədi ilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə” pəncərəsinə ötürülür.

2.6. Ərizənin emalı həyata keçirilərkən satıcı kimi qeydiyyatdan keçmək istəyən vergi ödəyicisinin ərizəsinin məlumatlarının bu Qaydanın 2.1-ci bəndinin tələblərinə uyğunluğu yoxlanılır. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması barədə bu Qaydanın 2 nömrəli Əlavəsinə uyğun olaraq “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması üçün təqdim etdiyi ərizədəki çatışmazlıqlar barədə bildiriş” hazırlanır və elektron formada vergi ödəyicisinin e-qutusuna və ya kağız daşıyıcıda sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Bir təsərrüfat subyekti (obyekti) üzrə aşkar edilmiş çatışmazlığın ərizədə göstərilən digər təsərrüfat subyektləri (obyektləri) üzrə vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınmasını dayandırmır.

2.7. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər.

2.8. Vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınır və bu barədə ona Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış” təqdim edilir.

2.9. Vergi ödəyicisi satıcı qismində qeydiyyata alındıqdan sonra 10 iş günü müddətində vergi orqanı bu Qaydanın 2.2-ci bəndində qeyd edilən ərizədə göstərilən təsərrüfat subyektini (obyektini) alıcılara təqdim edilən elektron vergi-hesab fakturalarının (bundan sonra - e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə vahid məlumat bazasına ötürülməsinə imkan verən proqram təminatı, zəruri avadanlıqla təchiz edir və bu barədə akt tərtib edilir.

2.10. Satıcının yeni təsərrüfat subyekti (obyekti) qeydiyyatdan keçdikdə, həmin təsərrüfat subyekti (obyekti) üzrə satıcı tərəfindən ƏDV-nin qaytarılması şərti ilə malların satışının həyata keçirilməsi üçün vergi orqanına yenidən ərizə ilə müraciət edilir.

 

3. Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam verilməsi

 

3.1. Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına bu Qaydanın 3.2-ci bəndində müəyyən olunmuş hallarda vergi orqanı tərəfindən xitam verilir.

3.2. Vergi ödəyicisinin satıcı qismində qeydiyyatına aşağıdakı hallarda xitam verilir:

3.2.1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş ticarət festivallarının təşkili qaydasının tələblərini pozduqda;

3.2.2. fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqda;

3.2.3. vergi orqanına təqdim olunmuş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;

3.2.4. satıcı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə və qaydada vergi hesabatlarını vergi orqanlarına təqdim etməməklə vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındıqda;

3.2.5. satıcının ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirilən təsərrüfat subyekti (subyektləri) ləğv edildikdə;

3.2.6. satıcının ƏDV qeydiyyatı ləğv edildikdə;

3.2.7. bu Qaydanın 2.9-cu bəndində göstərilən avadanlıqlarda texniki nasazlıq yaranması səbəbindən aparılmış əməliyyatlar üzrə tərtibi və çapı mümkün olmayan e-VHF-nin texniki nasazlıq bərpa olunduqdan dərhal sonra tərtib edilməklə həmin məlumatlar real vaxt rejimində vahid məlumat bazasına ötürülmədikdə;

3.2.8. satıcı sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya bu fəaliyyətə qanunla müəyyən edilmiş qaydada xitam verildikdə;

3.2.9. vergilər, faizlər və vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borc məbləği 30 təqvim günü müddətində ödənilmədikdə və bununla bağlı məhkəməyə şikayət verilmədikdə;

3.2.10. vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

3.2.11. vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam verilməsi barədə satıcının müraciəti olduqda.

3.3. Satıcının müraciəti əsasında satıcı kimi qeydiyyatdan çıxarılması bu Qaydanın 4 nömrəli əlavəsinə uyğun olaraq təqdim edilmiş “Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə”yə əsasən həyata keçirilir. Satıcının qeydiyyatına xitam verilməsinə əsas verən bu Qaydanın 3.2-ci bəndində göstərilən digər hallarda ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində avtomatik ləğv edilir və bu barədə vergi ödəyicisinin elektron qutusuna bildiriş göndərilir.     




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.