Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası vergilər nazirinin
9 dekabr 2016-cı il tarixli 1617040101951900
nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları

 

1. Ümumi müddəalar

1.1. “Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə işlərin təşkili Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.   

1.2. Qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə vergi orqanlarının səlahiyyətləri daxilində xidmətlərin, o cümlədən informasiya kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə etməklə innovativ xidmətlərin göstərilməsi, onların uçot baza məlumatlarında dəyişikliklərin edilməsi, fəaliyyətləri üzrə vergi nəzarəti tədbirlərinin keçirilməsi, müraciətlərinə baxılması və digər məsələlər üzrə prosedurları müəyyən edir.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. Yaşıl dəhliz – şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün bu Qaydalarla müəyyən edilmiş, lakin bunlarla məhdudlaşdırılmayan fərdi və sürətli xidmətlərin göstərilməsi.

1.3.2. Aidiyyəti struktur vahid – Yaşıl dəhliz prinsipinə uyğun xidmət göstərən vergi orqanının strukturu;

1.3.3. Emal edən struktur – vergi ödəyicilərinin uçotunun və hüquqi şəxslərin qeydiyyatının təşkilini həyata keçirən struktur vahid;

1.3.4. Kurator - aidiyyəti struktur vahidin partnyor ödəyiciyə təhkim olunmuş əməkdaşı;

1.4. Aşağıda göstərilən meyarlara cavab verən vergi ödəyiciləri şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi (bundan sonra – partnyor ödəyici) hesab olunurlar:

1.4.1. vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən;

1.4.2. vergiləri tam həcmdə və vaxtında ödəyən;

1.4.3. fəaliyyət göstərdiyi iqtisadi fəaliyyət sahəsinə uyğun olaraq işlərin yerinə yetirilməsinə cəlb olunmuş şəxslərin sayını və onlar üzrə müəyyən olunan əmək haqlarını düzgün bəyan edən;

1.4.4. mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan;

1.4.5. gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən;

1.4.6. saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən (əmtəəsiz əməliyyatlar aparmayan);

1.4.7. son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan (bəraətverici əsaslarla icraatına xitam verilmiş cinayət işləri istisna olmaqla).

 

2. Partnyor vergi ödəyicisi statusunun əldə olunması və ləğv edilməsi

2.1. Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti sahəsində təşkilati və nəzarət tədbilərini həyata keçirən müvafiq struktur vahid tərəfindən mütəmadi olaraq vergi ödəyicilərinin bu Qaydaların 1.4.1-1.4.7-ci yarımbəndləri ilə müəyyən edilmiş meyarlara uyğunluğu araşdırılır və “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” unikal koda malik bildiriş (bundan sonra – bildiriş) verilir (Əlavə 1).

2.2. Vergi ödəyicisi partnyor ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi risklərinin təhlili və nəzarəti sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur vahid tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti bu Qaydalarda göstərilən meyarlara uyğun gəldiyi halda ona “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir, uyğun gəlmədiyi halda isə onun fəaliyyətinin bu Qaydaların göstərilən meyarlara tam və ya qismən uyğun olmaması barədə məlumat verilir.

2.3. Partnyor ödəyicilərin AVİS-də ayrıca uçotu aparılır və məlumat bazası yaradılır. Eyni zamanda partnyor ödəyicilərin kuratorları barədə məlumatlar həmin məlumat bazasına daxil edilir.

2.4. Partnyor vergi ödəyicisi statusunu aldıqdan sonra Qaydaların 1.4.1-1.4.7-ci yarımbəndlərində göstərilən meyarlara cavab verməyən partnyor ödəyici aidiyyəti struktur vahid tərəfindən 1 ay müddətində həmin meyarlara cavab verməsi üçün lazımi tədbirlərin görülməsi məqsədilə məlumatlandırılır. Bu müddət bitdikdən sonra meyarlara cavab verməyən vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun ləğvi barədə” bildiriş təqdim olunur (Əlavə 2).

 

3. Partnyor ödəyicilərə xidmətlərin göstərilməsi

 

3.1. Partnyor ödəyicilərə xidmətlər ərazi məhdudiyyəti nəzərə alınmadan Yaşıl dəhliz prinsipi əsasında göstərilir.

3.2. Partnyor ödəyicinin istəyinə uyğun olaraq ünvanlı xidmət vaxtı razılaşdırılmaqla onun iş yerində (təsərrüfat subyektində) həyata keçirilə bilər.

3.3. Partnyor ödəyicilərə fərdi və sürətli xidmətlərin göstərilməsi aşağıdakı kanallar vasitəsilə həyata keçirilir:

3.3.1. Partnyor ödəyicilərə göstərilən ənənəvi xidmətlər aşağıdakılardır:

- şifahı xidmətlər;

- elektron xidmətlər;

- sənəd qəbulu xidmətləri;

- hazır sənədlərin verilməsi xidməti;

- elektron sənəd mübadiləsi xidmətləri;

- SMS məlumatlandırma xidməti;

- ünvanlı (səyyar) xidmətlərin göstərilməsi.

3.3.2. Partnyor ödəyicilərə innovativ üsullarla göstərilən əlavə xidmətlər aşağıdakılardır:

- partnyor ödəyici ilə videobağlantı qurmaqla xidmət (videobağlantı nazirliyin internet saytı, Facebook, Skype, Whatsapp və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər);

- partnyor ödəyicilərin və ya vergi orqanının təşəbbüsü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən xüsusi təlim proqramlarının hazırlanması, o cümlədən ixtisas sahələri və innovasiya təlimlərinin onlayn və ya ənənəvi üsullarla ödənişsiz qaydada keçirilməsi və onlara təlimdə iştirak barədə müvafiq sertifikatların təqdim edilməsi;

- partnyor ödəyicilərin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə partnyor ödəyicilərlə dəyirmi masa, seminar və konfransların keçirilməsi;

- Vergilər Nazirliyi yanında Çağrı Mərkəzində partnyor ödəyicilər üçün sürətli xidmətlərin göstərilməsi üçün xüsusi ayrılmış xətdən istifadə imkanının yaradılması.

3.4. Xidmət mərkəzlərində partnyor ödəyicilərə aşağıdakı xidmətlər göstərilir:

3.4.1. şifahi xidmətlər, o cümlədən vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, izahatların verilməsi;

3.4.2. vergi bəyannamələrinin və hesabatların tərtibatına və elektron formada göndərilməsinə köməklik;

3.4.3. elektron xidmətlərdən istifadəyə köməklik;

3.4.4. sənəd qəbulu xidmətləri, o cümlədən:

 - vergi uçotuna və vergi orqanlarında qeydiyyata aid sənədlər;

 - elektron sənəd mübadiləsi (istifadəçi kodu, parol və şifrənin verilməsi) üzrə sənədlər;

 - “Asan İmza” sertifikatı xidmətləri üzrə sənədlər;

 - fəaliyyət üzrə ərizələr (arayış, sertifikat, DTA formaları və s.);

 - bəyannamə, hesabat, arayış və məlumat formalarının qəbulu xidmətləri.

3.5. Partnyor ödəyiciyə xidmət mərkəzlərindəki özünəxidmət kompüterindən sərbəst istifadə imkanının yaradılması təmin edilir.

3.6. Partnyor ödəyicilərə münasibətdə xidmət mərkəzləri Yaşıl dəhliz imkanlarından istifadə etməklə aşağıdakı funksiyaları həyata keçirirlər:

3.6.1. Partnyor ödəyicidən sənədlər qəbul edildikdə həmin sənədlər partnyor ödəyicinin uçotda olduğu vergi orqanının aidiyyəti strukturuna AVİS vasitəsilə göndərilir.

3.6.2. Vergi ödəyicilərinə xidmət mərkəzlərində partnyor ödəyicilərə xidmətlərin göstərilməsi prosesində hər hansı uyğunsuzluq və anlaşılmazlıq yaranarsa, təmsilçi dərhal partnyor ödəyicinin kuratoru ilə əlaqə saxlayaraq ona məlumat verir, kuratorun tövsiyəsinə uyğun olaraq xidmətin göstərilməsini davam etdirir.

3.6.3. Sənədlər hazır olduqda sənədi hazırlayan struktur tərəfindən aidiyyəti struktur vahidə AVİS vasitəsilə məlumat verilir. Hazırlanmış sənədlər əlbəəl götürülməli olduğu halda onların partnyor ödəyicinin seçiminə uyğun olaraq istənilən xidmət mərkəzindən və ya aidiyyəti struktur vahiddən götürülməsi təklif edilir. Digər hallarda partnyor ödəyicinin seçiminə uyğun olaraq sənədin ona çatdırılması üçün zəruri tədbirlər görülür.

3.7. Partnyor ödəyicilər vergi qanunvericiliyində baş verən dəyişikliklər, vergi öhdəliklərinin yerinə yetirilməsinin asanlaşdırılması, elektron xidmətlərdən istifadədə özünəxidmət bacarıqlarının artırılması, vergi bəyannamələrinin, hesabatların, ərizə, arayış və digər sənədlərin tərtib edilməsi və göndərilməsi, vergilərin hesablanması, həmçinin vergi ilə əlaqədar digər məsələlər barədə telefon vasitəsilə və ya yazılı qaydada (məktubların, bildirişlərin poçt vasitəsilə və ya elektron ünvanına göndərilməsi yolu ilə) məlumatlandırılırlar.

 

 

4. Kuratorun vəzifə və funksiyaları

 

4.1. Kuratorun vəzifə və funksiyaları aşağıdakılardır:

4.1.1. Partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlərin göstərilməsini təmin edir;

4.1.2. Partnyor ödəyicilərin vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı və vergi qanunvericiliyinə riayət etmələri istiqamətində məlumatlandırma - izahat tədbirləri, o cümlədən qabaqlayıcı (profilaktik) tədbirləri həyata keçirir;

4.1.3. Partnyor ödəyicilərin yazılı müraciətlərinin cavablandırılmasını təmin edir;

4.1.4. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin partnyor ödəyicilərin iştirakı ilə müzakirə edilməsini və zərurət yarandıqda Vergilər Nazirliyinin müvafiq struktur vahidinin nümayəndələrinin iştirakı ilə birgə görüşlərin təşkil edilməsi ilə bağlı struktur bölmənin rəhbərliyi qarşısında məsələlər qaldırır;

4.1.5. Partnyor ödəyicilərə xidmətlərin göstərilməsi prosesində hər hansı uyğunsuzluq və ya anlaşılmazlıq yaranarsa, bu məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görür;

4.1.6. Partnyor vergi ödəyicilərində keçirilən vergi nəzarəti tədbirləri zamanı partnyor ödəyici tərəfindən edilən müraciətlərin araşdırılması, fikir ayrılıqları və mübahisələrin həlli prosesində iştirak edir və uyğunsuzluqların həlli üçün lazımi tədbirlər görür;

4.1.7. Bu Qaydalarla müəyyən edilmiş, lakin bunlarla məhdudlaşdırılmayan digər vəzifə və funksiyaları yerinə yetirirlər.

     

5. Partnyor ödəyicilərin müraciətlərinə baxılması

 

5.1. Partnyor ödəyicilərin vergi qanunvericiliyinin tətbiqi, ziddiyyətli məqamların aydınlaşdırılması, fəaliyyəti üzrə həyata keçirilən vergi nəzarəti tədbirləri, vergi orqanları tərəfindən səlahiyyətləri daxilində göstərilən xidmətlər və digər məsələlərlə bağlı uçotda olduğu vergi orqanına etdiyi müraciətləri aidiyyəti struktur vahid tərəfindən xüsusi nəzarətə götürülür, Vergi Məcəlləsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş müddətdən 3 dəfə az olmaqla baxılır.

5.2. Partnyor ödəyicinin müraciətinə baxılması zamanı yaranan fikir ayrılıqları həmin ödəyicinin iştirakı ilə aidiyyəti struktur vahid və müvafiq funksional struktur vahid tərəfindən vergi ödəyicisinin istəyinə uyğun olaraq vergi ödəyicisinin iş yerində və ya vergi orqanında baxılır, həmçinin İKT-nin imkanlarından istifadə etməklə, o cümlədən videobağlantı qurmaqla müzakirə edilir.

5.3. Partnyor ödəyicinin müraciətinə baxılmasının nəticəsi barədə tərtib edilmiş sənəd həmin ödəyicinin istəyinə uyğun olaraq cavablandıran vergi orqanından əlbəəl götürülür, poçt vasitəsilə və ya elektron ünvanına göndərilir.

 

6. Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri barədə ictimaiyyətin məlumatlandırılması

 

Vergi qanunvericiliyinə riayət edilməklə könüllü əməl etmənin təmin olunması və vergi ödəyicilərinin partnyor ödəyici kimi fəaliyyət göstərmələrinin stimullaşdırılması, həmçinin vergi ödəyicilərinin, ümumilikdə əhalinin məlumatlandırılması, maarifləndirilməsi və təbliğat işlərinin aparılması məqsədilə partnyor ödəyicilərin razılığı əsasında onların siyahısı mütəmadi olaraq Vergilər Nazirliyinin rəsmi internet saytı, sosial şəbəkələrdəki səhifələri və digər kütləvi informasiya vasitələri ilə yayımlanır.

 

7. Yekun müddəalar

  

7.1. Qaydalarda qeyd olunan və vergi orqanı əməkdaşının yerinə yetirməli olduğu bütün hərəkətlər qısa müddət ərzində həyata keçirilir.

7.2. Partnyor ödəyicilərlə vergi orqanları arasında yaranan ziddiyyətli məqamların qarşılıqlı razılaşma yolu ilə həllinə səy göstərilir.

7.3. Vergi ödəyicilərinə vergi orqanlarının səlahiyyətləri daxilində xidmətlərin göstərilməsi, onların uçot baza məlumatlarında dəyişikliklərin edilməsi, fəaliyyətləri üzrə vergi nəzarəti tədbirlərinin keçirilməsi, müraciətlərinə baxılması prosedurları ilə bağlı bu Qaydalarla əhatə olunmayan məsələlər aidiyyəti hüquqi aktlarla tənzimlənir.

7.4. Vergi orqanlarının bütün vəzifəli şəxsləri öz səlahiyyətləri daxilində bu Qaydaların tələblərinin yerinə yetirilməsinə borcludurlar.

7.5. Əməkdaşlar tərəfindən bu Qaydalarla nəzərdə tutulmuş tələblərin yerinə yetirilməməsi kobud pozuntu hesab edilir və intizam məsuliyyətinə səbəb olur.

 

  *   *   *




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.