Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Qanunvericilik

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası nın təsdiq edilməsi barədə

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1401-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli 681 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 19 avqust 2016-cı il

310

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2009-cu il 10 fevral tarixli 767-IIIQ nömrəli Qanununun 19-1.10-cu maddəsinə və Birləşmiş Millətlər Təşkilatının (bundan sonra BMT) Təhlükəsizlik Şurasının 2002-ci il 1452 nömrəli qətnaməsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin (bundan sonra aktivləri dondurulmuş şəxslər) zəruri və gözlənilməz xərclərə tələbatının təmin edilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadə edilməsi qaydasını və bununla əlaqədar Azərbaycan Respublikasının dövlət orqanlarının vəzifələrini müəyyən edir.

 

2. Dondurulmuş aktivlərdən istifadə edilməsinin əsasları

 

2.1. Fiziki və ya hüquqi şəxslərin dondurulmuş aktivlərindən istifadə edilməsinə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən verilir.

2.2. Bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla, Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətindən sonra 7 gün müddətində dondurulmuş aktivlərdən aşağıdakı zəruri xərclərə ehtiyacların ödənilməsinə icazə verir:

2.2.1. vergi və rüsumlar;

2.2.2. sığorta ödənişləri (həyat yığım sığortası istisna olmaqla);

2.2.3. kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

2.2.4. maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

2.2.5. fiziki şəxslərin, habelə onların ailə üzvlərinin həyatı üçün zəruri olan qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

2.2.6. fiziki şəxslərin peşə fəaliyyəti ilə əlaqədar üzvlük haqları;

2.2.7. fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi məqsədi ilə zəruri olan xərclər.

2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş zəruri xərclərə ehtiyaclardan əlavə, Dövlət Təhlükəsizliyi Xidməti aktivləri dondurulmuş şəxslərin yazılı müraciətinə əsasən, 7 gün müddətində həmin şəxslərin gözlənilməz xərclərə ehtiyaclarının ödənilməsi məqsədi ilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir.

2.4. Aktivləri dondurulmuş şəxslər öz müraciətlərində zəruri və gözlənilməz xərclərə ehtiyaclarını yazılı qaydada əsaslandırmalıdırlar.

2.5. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 gün müddətində aktivləri dondurulmuş şəxsi müraciətin qəbul edilməsi və mövcud prosedur barədə məlumatlandırmalıdır.

 

3. Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydası

 

3.1. Dondurulmuş aktivlərdən istifadə olunmasına dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

3.2. BMT-nin Təhlükəsizlik Şurasının terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə yaradılmış Sanksiyalar Komitəsi tərəfindən tərtib edilmiş Birləşmiş Siyahı əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq olunmuş Beynəlxalq Siyahıya daxil edilmiş şəxslərin dondurulmuş aktivlərindən istifadəyə dair qərar müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.

3.3. Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 2 gün müddətində həmin müraciəti BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 1 gün müddətində sözügedən müraciət əsasında BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinə sorğu ünvanlayır. Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır:

3.3.1. aktivləri dondurulmuş şəxsin adı və ünvanı;

3.3.2. aktivləri dondurulmuş şəxsin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsi tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi;

3.3.3. aktivləri dondurulmuş şəxsin bank hesabı barədə məlumatlar (bankın adı və ünvanı, hesab nömrəsi);

3.3.4. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması;

3.3.5. zəruri xərclərin növü;

3.3.6. gözlənilməz xərclərin mahiyyəti;

3.3.7. ödənişlərin məbləği və sayı;

3.3.8. ödənişlərin başlandığı və bitdiyi tarix;

3.3.9. ödənişin həyata keçirilməsi forması;

3.3.10. ödənişin mənbəyi;

3.3.11. ödənişdən tutulmalar.

3.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin rəyini daxil olduqdan sonra 1 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hallarda, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiyalar Komitəsinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 gün müddətində aktivləri dondurulmuş şəxslərin aktivlərindən istifadə edilməsinə dair qərar qəbul edir.

3.5. Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər:

3.5.1. dondurulmuş hesablara ediləcək hər hansı ödənişlər və faizlər;

3.5.2. hesablar dondurulan dövrə qədər olan müddətdə bağlanılmış müqavilə və yaranmış öhdəlik üzrə ödənişlər;

3.5.3. aktivləri dondurulmuş şəxslərin xeyrinə ediləcək hər hansı digər ödənişlər.

3.6. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslər zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

 

4. Dondurulmuş aktivlərdən istifadə edilməsinə dair qərarın icrası

 

4.1. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar aktivlərin dondurulmasını həyata keçirən şəxslər üçün məcburi qüvvəyə malikdir.

4.2. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal aktivlərin dondurulmasını həyata keçirən şəxsə göndərir.

4.3. Aktivlərin dondurulmasını həyata keçirən şəxs dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.