Axtar
az|рус|eng
Qanunvericilik

“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

N 347

16 sentyabr 2016-cı il 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 16 sentyabr tarixli 347 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və respublikada verilmiş lisenziyalar və icazələrlə bağlı məlumatları özündə ehtiva edən vahid reyestrin aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziyaların və icazələrin vahid reyestri (bundan sonra – reyestr) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

 

2. Reyestrin aparılması prinsipləri

 

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.

2.3. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.4. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir.

 

3. Reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar

 

3.1.Reyestr “Lisenziyalar” və  “İcazələr” bölmələrindən ibarətdir.

3.2. Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;

3.2.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.2.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinineyniləşdirmə nömrəsi;

3.2.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

3.2.5. əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

3.2.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

3.2.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

3.2.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

3.2.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

3.2.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

3.2.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

 

4. Reyestrin aparılması

 

4.1. Reyestr elektron formada aparılır.

4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilən lisenziyalar, 3 nömrəli əlavəsində nəzərdə tutulmuş Nazirlik tərəfindən verilən icazələr istisna olmaqla digər lisenziya və icazələrə dair Qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə yeni məlumatlar daxil edildikdə və ya həmin məlumatlar dəyişdirildikdə, onlar lisenziya və icazə verən orqan tərəfindən reyestrə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir.

4.3. Nazirlik tərəfindən verilən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3 nömrəli əlavələrində nəzərdə tutulmuş lisenziya və icazələrə dair bu Qaydanın 3.2-ci bəndində göstərilən məlumatlar yeniləndiyi gün reyestrdə qeydə alınır.

4.4. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrə məlumatların daxil edilməsi və yenilənməsi həmin portal vasitəsilə həyata keçirilir.

 

5. Reyestrdən istifadə

 

5.1. Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.

5.2. Reyestrdə olan məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlərin yazılı (o cümlədən elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü ərzində Nazirlik tərəfindən verilir.

5.3. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrdən məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlər tərəfindən həmin portalda olan axtarış sistemi vasitəsilə birbaşa əldə olunur.

5.4. Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.