Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası vergilər nazirinin
30.12.2015-ci tarixli 1517040102028100 –-li
Əmri ilə təsdiq edilmişdir 

 

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş 

ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması

 Qaydası

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun (bundan sonra Qanun) 2-ci maddəsinə əsasən hazırlanmışdır.

1.2. Bu Qayda adıçəkilən Qanunun 2-ci maddəsinə uyğun olaraq tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Qanun qüvvəyə minənədək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması üçün zəruri şərtləri və tələbləri müəyyən edir.

1.3. Bu Qayda 01.01.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslərə şamil edilir.

 

2.  Tikinti-quraşdırma işlərinə başlamış şəxs tərəfindən ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması şərtləri 

2.1. 01.01.2016-cı il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) tərəfindən adıçəkilən Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində aşağıdakı göstərilən vergitutma metodlarından birinin tətbiq edilməsi ilə bağlı vergilərin hesablanması barədə bu Qaydaya əlavə edilmiş, təməli qoyulmuş bütün tikinti obyektləri üzrə vahid məlumat forması vergi orqanına təqdim edilməlidir:

2.1.1. 01.01.2016-ci il tarixədək təməlqoyma işlərinə başlamış şəxslər tərəfindən həmin tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə ƏDV və Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi Vergi Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq edilməklə;

2.1.2. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən sadələşdirilmiş vergini Vergi Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün  45 manata Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları tətbiq edilməklə, qeyri-yaşayış sahələri üzrə isə hesablanmış məbləğə əlavə 1,5 əmsal tətbiq edilməklə;

2.1.3. 01.01.2016-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi halda  mənfəət (gəlir) və ƏDV-ni tətbiq edilməklə;

2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən vergitutma metodlarına müvafiq olaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilmiş ƏDV və sadələşdirilmiş vergi aşağıdakı qaydada nəzərə alınır:

2.2.1 Bu Qaydanın 2.1.1-ci bəndində göstərilən metodu seçildikdə vergilərin yenidən hesablanması aparılmır.

2.2.2. Bu Qaydanın 2.1.2-ci bəndində göstərilən metod seçildikdə tikinti obyekti üzrə aidiyyəti dövrlər üçün təqdim edilmiş bəyannamələrlə hesablanmış ƏDV və sadələşdirilmiş vergilər azaldılır. Bu zaman əvvəlki dövrlər üçün hesablanmış ƏDV-nin azaldılması 2015-ci ilin dekabr ayı üzrə təqdim edilən ƏDV bəyannaməsində Vergi Məcəlləsinin  163-cü maddəsinin müddəalarına əsasən dəqiqləşdirilir.

Bu Qaydanın 2.1.2-ci bəndində göstərilən qaydada vergitutma metodunu seçən vergi ödəyiciləri tərəfindən əvvəlki dövrlər üçün hesablanmış sadələşdirilmiş verginin məbləği həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş “01.01.2016-cı il tarixinədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlaması barədə məlumat forması” əsasında vergi orqanı tərəfindən   yenidən hesablanır.   

2.2.3. Bu Qaydanın 2.1.3-ci bəndində göstərilən qaydada vergitutma metodunu seçən vergi ödəyiciləri tərəfindən əvvəlki dövrlər üçün hesablanmış sadələşdirilmiş verginin məbləği həmin vergi ödəyiciləri tərəfindən təqdim edilmiş 01.01.2016-cı il tarixinədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlaması barədə məlumat forması əsasında vergi orqanı tərəfindən   azaldılır.  Mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq  vergi ödəyiciləri tərəfindən bəyannamə təqdim edilməklə hesablanır. ƏDV üzrə isə vergilərin yenidən hesablanması aparılmır.

2.3. Vergi ödəyiciləri tərəfindən “01.01.2016-cı il tarixinədək tikinti obyektinin tikinti- quraşdırma işlərinə başlaması barədə məlumat forması” təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 01.01.2016-ci il tarixədək qüvvədə olan müddəalarına əsasən hesablanmış vergilər bu Qaydanın 2.1.2-ci bəndinə uyğun olaraq vergi orqanı tərəfindən yenidən hesablanır. Əvvəlki dövrlər üçün tikinti obyekti üzrə hesablanmış ƏDV-nin dəqiqləşdirilməsi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 163-cü maddəsinin müddəalarına əsasən aparılır.

3. Yekun müddəalar

3.1 Vergi orqanları tərəfindən tikinti obyektinin tikinti-quraşdırma işlərinə görə vergi öhdəlikləri müəyyən edilən zamanı bu Qaydaların tələbləri nəzərə alınır.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.