Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının vergilər nazirinin
23 oktyabr 2015-ci il tarixli 1517040101614100
nömrəli əmri ilə təsdiq edilmişdir

 

Ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi

 

Q A Y D A L A R I

1. Ümumi müddəalar

 

1.1. “Ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında “Vergilər” mövzusunda olimpiadanın təşkili və keçirilməsi” Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının vergilər nazirinin 15 noyabr 2013-cü il tarixli 1317040101196600 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin Əsasnaməsinə  və digər hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır. 

1.2. Olimpiadanın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli tələbə və magistrantların müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir.

1.3. Bu Qaydalar ali təhsil müəssisələrində təhsil alan şəxslər arasında olimpiadanın keçirilməsini, təşkilini, olimpiadanın nəticələrinin rəsmiləşdirilməsini və bununla bağlı digər məsələləri müəyyən edir. 

 

2. Olimpiadanın təşkili ilə bağlı tələblər

 

2.1. Olimpiadanın keçirilməsinə rəhbərlik və nəzarət tərkibi Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilən Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.

2.2. Təşkilat Komitəsinin vəzifələri:

2.2.1. olimpiadanın şəffaf, obyektiv və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işlərinin aparılmasını və vaxtında başa çatdırılmasını təmin etmək;

2.2.2. olimpiadada iştirak edəcək şəxslərin təhsil aldıqları ali təhsil müəssisələri ilə koordinasiyanı təmin etmək;

2.2.3. olimpiadanın yerini və vaxtını müəyyənləşdirmək və bu barədə ali təhsil müəssisələrinə məlumat vermək;

2.2.4. iştirakçılar üçün fərdi sual bazasının hazırlanmasını təmin etmək və olimpiadanın nəticələrinin qiymətləndirilməsi prosesini həyata keçirmək;

2.2.5. olimpiadanın keçirilməsi müddətində və nəticələrinin yoxlanılmasında iştirak etmək istəyən ali təhsil müəssisələrinin nümayəndələri üçün lazımi şərait yaratmaq;

2.2.6. olimpiadanın son nəticələrini ümumiləşdirərək təhlil etmək və Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi üçün yekun hesabatı hazırlamaq;

2.2.7. olimpiadanın bu Qaydalara uyğun həyata keçirilməsi üçün bütün lazımi tədbirləri yerinə yetirmək.

2.3. Təşkilat Komitəsinin hüquqları:

2.3.1. olimpiada qaliblərinin həvəsləndirilməsi üçün təkliflər hazırlamaq;

2.3.2. olimpiadaların təşkili və keçirilməsi prosedurunun təkmilləşdirilməsi barədə təkliflər vermək.

 

3. Olimpiadanın keçirilməsi ilə bağlı tələblər

 

3.1. Olimpiadada iştirak edəcək tələbələr ali təhsil müəssisələri tərəfindən könüllülük əsasında müəyyənləşdirilir.

3.2. Olimpiadada, bir qayda olaraq, ali təhsil müəssislərinin iqtisadiyyat və idarəetmə, hüquq və beynəlxalq münasibətlər istiqamətləri üzrə ali təhsil alan şəxslər iştirak edə bilərlər.

3.3. Olimpiada test imtahanından ibarət olmaqla Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş vaxtda və məkanda keçirilir.

3.4. Olimpiadada istifadə olunacaq suallar Vergilər Nazirliyinin Tədris Mərkəzinin müvafiq test bazası əsasında hazırlanır. Ali təhsil pilləsinin bakalavr və magistratura pillələrinə uyğun olaraq, sualların çətinlik dərəcəsi nəzərə alınmaqla xüsusi proqram təminatı vasitəsilə hər bir tələbə üçün fərdi sual bazası tərtib olunur.

3.5 İmtahan onlayn rejimdə 2 (iki) saat ərzində keçirilir və hər bir iştirakçıya cavablandırılması üçün 100 sual verilir.

3.5. Nəticələr ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilir.

3.6. Olimpiadanın qalibləri ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr üzrə ayrı-ayrılıqda müəyyən edilir. Təqdim olunmuş suallar üzrə ən çox bal toplayan iştirakçılar Olimpiadanın qalibləri elan edilir.

3.7. Yüksək nəticələr göstərmiş iştirakçıların balları eyni olarsa, bu zaman üstünlük çətinlik dərəcəsi çox olan sualları cavablandırmış iştirakçıya verilir.

 

4. Olimpiadanın nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması

 

4.1. Olimpiada başa çatdıqdan sonra nəticələr gün ərzində elan olunur.

4.2. Olimpiadanın qalibləri diplom və hədiyyələrlə təltif olunurlar.

 

5. Olimpiadanın keçirilməsi ilə bağlı xərclər

 

5.1. Olimpiadanın təşkili və keçirilməsi, habelə qaydalarda nəzərdə tutulmuş digər hallarla əlaqədar yarana biləcək bütün xərclər, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Vergilər Nazirliyinin büdcədənkənar fondunda qeyd olunan məqsədlər üçün ayrılmış vəsait dairəsində ödənilir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.