Axtar
az|рус|eng
Xəbərlər


Əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə

BİLDİRİŞ-MƏLUMAT

 

Hörmətli vergi ödəyicisi!

Bildiririk ki, Əmək Məcəlləsinə əsasən işəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (https://www.e-gov.az/az/login/?return=/az/services/read/3188) əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir.

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır. Asan İmza sertifikatının alınması üçün ASAN xidmət mərkəzlərinə və ya Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

Vergilər Nazirliyi






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.