Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Xəbərlər

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
13 may 2015-ci il tarixli 1517040100655900
nömrəli Əmri  ilə təsdiq edilmişdir.

 

 

Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı

Metodiki Vəsait

 

1.  Ümumi müddəalar

 

1.1. Bu Metodiki Vəsait Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.

1.2. Bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir.

1.3. Bu Metodiki Vəsaitin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.3.1. “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslər” - xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan rezident və qeyri-rezident fiziki şəxslər, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq xüsusi mülkiyyətində su və hava nəqliyyatı vasitələri olan rezident fiziki şəxslərdir (bundan sonra- fiziki şəxslər).

1.3.2. “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan sahibkarlıq fəaliyyəti subyektləri” - bələdiyyələrin təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün yaratdığı müstəqil hüquqi şəxslər və fərdi sahibkar olan fiziki şəxslərdir.

1.3.3. Bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət vergisi -Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən mənfəət vergisidir.

1.3.4. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi - Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən və bələdiyyələrə ödənilən mədən vergisidir.

1.3.5. Yerli ödənişlər - “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.

1.3.6. “Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi” (VÖEN) - sahibkarlıq fəaliyyəti subyektlərinin və sahibkarlıq fəaliyyəti subyektləri olmayan fiziki şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınmasını təsdiq edən vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir.

VÖEN on rəqəmli olur və birinci iki rəqəm ərazi inzibati vahidinin kodunu, sonrakı altı rəqəm sıra sayını göstərir. Proqram təminatı VÖEN-in doqquzuncu rəqəmini xüsusi alqoritm vasitəsilə, onuncu rəqəmini isə vergi ödəyicisinin hüquqi statusuna (fiziki, hüquqi şəxs və ya bələdiyyə ödəyicisi olmasına) uyğun olaraq müəyyən edir.

1.3.7. Bələdiyyə vergi şəhadətnaməsi - yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotunu aparan bələdiyyənin vergi xidməti orqanı tərəfindən verilən, fiziki şəxsin vergi uçotuna alınmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-ni və ünvanını əks etdirən sənəddir.

1.3.8. Uçot vərəqəsi - fiziki  şəxslərin əmlak və torpaqlarının vergi uçotunun kodunu və vergilərin hesablanmasına əsas verən rekvizitləri özündə əks etdirən sənəddir.

Uçot vərəqəsi hər bir əmlaka və torpağa görə ayrıca verilir və əmlakın (torpağın) sahibinin adını, yerləşdiyi ünvanı (ərazini), ölçüsünü, dəyərini və digər fiziki xüsusiyyətlərini özündə əks etdirir.

1.3.9. Vergi uçotunun kodu - uçot vərəqəsinə daxil edilən fiziki şəxsin əmlakının və torpağının yerli (bələdiyyə) verginin ödənilməsi məqsədilə bələdiyyədə uçota alınmasını təsdiq edən koddur.

Vergi uçotunun kodu yeddi rəqəmli olmaqla (ona verilmiş VÖEN-ə defis qoymaqla əlavə olunur) ilk iki rəqəm əmlakın (torpağın) yerləşdiyi ərazi inzibati vahidini, sonrakı iki rəqəm inzibati ərazi vahidi üzrə bələdiyyəni və son üç rəqəm isə həmin bələdiyyədə uçota alınmış əmlakın (torpağın) sıra sayını göstərir.

1.3.10. Proqram təminatı - bələdiyyənin istismarında olan informasiya sisteminin “VÖEN” altsistemində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin özlərinin və əmlaklarının uçotunun aparılması üçün tətbiq edilən xüsusi proqram tərtibatıdır.

1.3.11. Elektron qutu - fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi ilə bələdiyyənin vergi xidməti orqanı arasında bağlanmış elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az) portalında hər bir yerli (bələdiyyə) vergilərin ödəyicisi üçün ayrıca yaradılmış elektron ünvandır.

Bu ünvan vasitəsilə fiziki şəxs olan yerli (bələdiyyə) vergilərin ödəyiciləri istifadəçi kodu, parol və şifrə yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron sənəd mübadiləsini həyata keçirirlər.

1.3.12. Bələdiyyə ödəyicisinin qovluğu - fiziki şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin vergi uçotuna alınmaq, yenidən uçota alınmaq, uçotdan çıxarılmaq, habelə uçot məlumatlarında dəyişiklik etmək üçün təqdim etdiyi ərizələrin və digər uçot sənədlərinin bələdiyyənin vergi xidməti orqanında saxlanılan qovluğudur.

1.4. Bələdiyyələrdə fiziki şəxslərin uçotu Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinin müddəalarına müvafiq qaydada aparılır. Bələdiyyədə uçota alınmalı olan fiziki şəxslərin vergi uçotunun aparılması yeri və müddətləri, habelə uçota alınmaq üçün verilən ərizələrin, ödəyicilərin uçota alınmasını təsdiq edən şəhadətnamənin formaları və ərizələrinin doldurulma qaydaları bu Metodiki Vəsaitə əlavə edilir.

 

2. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin bələdiyyədə vergi uçotuna dair ərizələrinin qəbulu və qeydiyyatı işlərinin təşkili

 

2.1. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.

Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş (bu Metodiki Vəsaitə əlavə 3 və ya əlavə 10) göndərilir. 

2.2. Bu Metodiki Vəsaitin 2.1.-ci bəndinin məqsədləri üçün fiziki şəxsin hər bir əmlakı (torpağı) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında ayrı-ayrılıqda uçota alınır.

Fiziki şəxslər yaşadıqları ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Ərizə” (bu Metodiki Vəsaitə əlavə 1) və əmlakının (torpağının) yerləşdiyi ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçota alınması haqqında Ərizə” (bu Metodiki Vəsaitə əlavə 4) formalarına əsasən uçota alınırlar.

 “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə əlavə 2-də, “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə əlavə 5-də göstərilən qaydada doldurulur.

Ərizələrə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaxud öz ölkəsində şəxsiyyətini təsdiq edən sənəd (pasport)), əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətləri də əlavə edilir.

Ərizənin təqdim edilməsi bilavasitə bələdiyyə vergi xidməti orqanına gəlməklə və ya poçt vasitəsi ilə, habelə elektron qaydada (www.e-belediyye.gov.az) həyata keçirilir.

Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin əmlakının (torpağının) uçota alınması üçün ərizə ilə müraciət etməmiş şəxslər bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirləri nəticəsində aparılan pasport qeydiyyatı aktı əsasında uçota alınır və 5 gün müddətində vergi ödəyicisinə uçot vərəqəsi (bu Metodiki Vəsaitə əlavə 6) təqdim edilir.

Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir.

Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin əmlakının (torpağının) uçota alınması üçün verilmiş ərizə formasında olan məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 40 gün müddətində fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bələdiyyənin vergi xidməti orqanına bu Metodiki Vəsaitə əlavə 4-də göstərilən formada ərizə ilə müraciət edilməlidir.

Bu Metodiki Vəsaitin 6.1.3-cü və 6.1.4-cü bəndlərində göstərilən hallar baş verdikdə, yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin əmlakının (torpağının) uçotdan çıxarılması üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi  bələdiyyənin vergi xidməti orqanına müraciət edir.

2.3. Sənədlərin qəbulu və yoxlanılmasını həyata keçirən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi qəbul etdiyi ərizənin düzgün doldurulmasını yoxlayır.

2.4. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən fiziki şəxsin uçota alınması, bu barədə müraciətin daxil olduğu tarixdən 2 gündən gec olmayaraq həyata keçirilir və həmin müddətdə ödəyiciyə bu Metodiki Vəsaitə əlavə 3 üzrə müvafiq şəhadətnamə verilir. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən bələdiyyə vergi şəhadətnaməsi fiziki şəxsə bir dəfə verilir və onda saxlanılır. Bələdiyyə vergi şəhadətnaməsi itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin yazılı formada müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində bələdiyyə vergi şəhadətnaməsinin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, müraciəti əsasında ona (və ya onun səlahiyyətli nümayəndəsinə) yeni bələdiyyə vergi şəhadətnaməsi verilir. Bu zaman əvvəlki bələdiyyə vergi şəhadətnaməsi geri alınır.

2.5. Bələdiyyələr bələdiyyə vergi şəhadətnaməsini (bu Metodiki Vəsaitə əlavə 3) və uçot vərəqəsini (bu Metodiki Vəsaitə əlavə 6) uçota alınmış fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən “Yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçotuna dair sənədlərin ödəyicilərə təqdim edilməsi kitabı”na (bu Metodiki Vəsaitə əlavə 7) imza edilməklə onlara təqdim edirlər.

2.6. Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

2.7. Yerli (bələdiyyə) vergilərin ödəyicisi ilə bələdiyyə arasında elektron sənəd mübadiləsi “elektron sənəd mübadiləsi haqqında” müqavilə əsasında həyata keçirilir (bu Metodiki Vəsaitə əlavə 13). Elektron sənəd mübadiləsinin aparılması üçün yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxslər bu Metodiki Vəsaitə əlavə 11-də göstərilən formada “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan fiziki şəxsin elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müvafiq bələdiyyəyə müraciət edərək istifadəçi kodu, şifrə, parol əldə edirlər. Ərizənin doldurulması qaydası bu Metodiki Vəsaitə əlavə 12-də göstərilmişdir.

Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan hüquqi və sahibkarlıq subyekti olan fiziki şəxslərin bələdiyyələrlə elektron sənəd mübadiləsi həmin şəxslərin vergi ödəyicisi kimi qeydiyyatda olduqları dövlət vergi orqanları tərəfindən onlara verilmiş istifadəçi kodu, şifrə və parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.

 

3. Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan sahibkarlıq fəaliyyəti subyektlərinin bələdiyyədə uçotuna dair ərizələrin qəbulu və qeydiyyatı işlərinin təşkili

 

3.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və yerli ödənişlərin ödəyiciləri olan hüquqi şəxslər mülkiyyətində olduqları, fərdi sahibkarlar isə fəaliyyət göstərdikləri ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında (bələdiyyədə) “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə” (bu Metodiki Vəsaitə əlavə 8)” formasına əsasən uçota alınırlar.

“Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə” bu Metodiki Vəsaitə əlavə 9-da göstərilən qaydada doldurulur.

Ərizəyə vergi orqanları tərəfindən verilmiş vergi uçotu haqqında şəhadətnamənin (VÖEN) surəti əlavə edilir.

Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir.

3.2. Sənədlərin qəbulu və yoxlanılmasını həyata keçirən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi qəbul etdiyi ərizənin düzgün doldurulmasını yoxlayır.

3.3. Bələdiyyənin vergi xidməti orqanı tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması bu barədə müraciətin daxil olduğu tarixdən 2 gündən gec olmayaraq subyektin VÖEN-i əsasında həyata keçilir və həmin müddətdə ödəyiciyə bu Metodiki Vəsaitə əlavə 10 üzrə müvafiq bildiriş verilir.

3.4. Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

 

4. Fiziki şəxslərin elektron qaydada uçota alınması

 

4.1. Fiziki şəxslər İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az)            portalında e-qeydiyyatdan keçməklə bələdiyyədə vergi uçotuna dayana bilərlər. Bu məqsədlə fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin e-qeydiyyatı www.e-belediyye.gov.az portalının “Yerli (bələdiyyə) vergilərin ödəyicisinin onlayn qeydiyyatı” bölməsi vasitəsilə aparılır. Bu məqsədlə fiziki şəxs qeyd edilən bölməyə istifadəçi kodu, şifrə, parolu və ya gücləndirilmiş elektron imzanı daxil etməklə elektron ərizə formasını dolduraraq qeydiyyatdan keçir.

4.2. E-qeydiyyat zamanı fiziki şəxsin ünvanı şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti bələdiyyənin vergi xidməti orqanında vergi uçotuna alınır.

 

5. Sahibkarlıq fəaliyyəti subyektlərinin elektron qaydada uçota alınması

 

5.1. Gücləndirilmiş elektron imzaya və ya vergi ödəyicisi kimi müvafiq qaydada istifadəçi kodu, şifrə, parola malik olan sahibkarlıq fəaliyyəti subyektləri İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az) portalı vasitəsilə bələdiyyədə vergi uçotuna dayana bilərlər.

5.2. E-qeydiyyat zamanı sahibkarlıq fəaliyyəti subyektinin ünvanı və məlumatları vergi ödəyicilərinin qeydiyyat (uçot) bazasında göstərilmiş qeydiyyat (uçot) məlumatlarına əsasən sistem tərəfindən avtomatik müəyyənləşdirilir və aidiyyəti bələdiyyənin vergi xidməti orqanında vergi uçotuna alınır.

 

6. Fiziki şəxslərin uçotdan çıxarılması

 

6.1. Fiziki şəxslərin uçotdan çıxarılması aşağıdakı hallarda və əsaslarla həyata keçirilir:

6.1.1. fiziki şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda - məhkəmənin müvafiq qərarı əsasında;

6.1.2. fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə əsasında;

6.1.3. mülkiyyətində olan bütün əmlakı və torpaq sahəsini qanunvericiliklə müəyyən olunmuş qaydada özgəninkiləşdirdikdə - daşınmaz əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında;

6.1.4. mülkiyyətində və ya sahibliyində olan torpaq sahələri üzərində istifadə hüququnu qanunamüvafiq qaydada başqasına verdikdə - torpaq sahələrinin özgəninkiləşdirilməsi və ya torpaq sahələri üzərində sahiblik hüququnun başqa şəxsə verilməsi haqqında müqavilələrin notarial qaydada təsdiq edilmiş surəti əsasında.

6.2. Fiziki şəxs vergi uçotundan çıxarılanadək yerli (bələdiyyə) vergilərin ödəyicisinin uçota alınması barədə bələdiyyə vergi şəhadətnaməsinin (bələdiyyənin vergi xidməti orqanından təhvil götürüldüyü halda) əsli bələdiyyənin vergi xidməti orqanına təhvil verilir. Uçotdan çıxarılan vergi ödəyicisinin bələdiyyə vergi şəhadətnaməsi itmişdirsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına məlumat verir (yazılı, yaxud elektron qaydada). Bu Metodiki Vəsaitin 6.1.1-ci və 6.1.2-ci bəndində qeyd edilən hallarda fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin bələdiyyə vergi şəhadətnaməsi tapılmadıqda onun uçotdan çıxarılması üçün bələdiyyə vergi şəhadətnaməsinin bələdiyyənin vergi xidməti orqanına təqdim edilməsi tələb edilmir və vergi ödəyicisinin uçotdan çıxarılması istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

6.3. Fiziki şəxs vergi uçotundan çıxarıldıqda, ona verilmiş VÖEN yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

 

7. Fiziki şəxslərin yenidən uçota alınması

 

7.1. Fiziki şəxslərin uçotdan çıxarıldıqdan sonra yenidən bələdiyyədə uçota alındıqda fiziki şəxsin özü və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına bu Metodiki Vəsaitə əlavə 1-də göstərilən formada ərizə ilə müraciət etməlidir. Bələdiyyənin vergi xidməti orqanına bu barədə ərizə daxil olduqda 2 gündən gec olmayaraq ləğv edilmiş kimi arxivləşdirilmiş “VÖEN” yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumat bazasında bərpa olunur (aktivləşdirilir). Bu zaman fiziki şəxsə onun bələdiyyədə uçota alınmasını təsdiq edən şəhadətnamə təqdim edilir.

7.2. Bələdiyyədə vergi uçotuna alınma, yenidən uçota alınma, uçotdan çıxarılma rüsumsuz (ödənişsiz) həyata keçirilir.

 

8. Yerli (bələdiyyə) vergilərin ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi

 

8.1. Fiziki şəxslərin bələdiyyədə uçot məlumatlarına dəyişiklik edilməsi üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi bələdiyyənin vergi xidməti orqanına bu Metodiki Vəsaitə 1 saylı və (və ya) əlavə 4-də göstərilən formada ərizə ilə müraciət edir. Bu zaman müraciət edən şəxs ərizədə onun yerli (bələdiyyə) vergilərin ödəyicisinin uçot məlumatlarında dəyişiklik edilməsi məqsədilə təqdim edildiyini müvafiq qaydada işarə etdikdən sonra “VÖEN”-i və dəyişiklik edilməli olan uçot məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə uçot məlumatlarında edilməli olan dəyişikliyi təsdiq edən sənədlər (şəxsiyyətini təsdiq edən sənədin surəti və ya ünvan barədə sənəd) əlavə edilir.

Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçot məlumatlarında dəyişiklik baş verdikdə onlar tərəfindən bu Metodiki Vəsaitə əlavə 8-də göstərilən formada ərizə ilə bələdiyyənin vergi xidməti orqanına müraciət olunur.

8.2. Fiziki şəxslər tərəfindən bələdiyyənin vergi xidməti orqanında uçota alınmaq üçün verilmiş ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində bələdiyyənin vergi xidməti orqanına məlumat verilir.

8.3. Fiziki şəxslərin vergi uçotunda olduğu bələdiyyənin vergi xidməti orqanına yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həmin bələdiyyənin vergi xidməti orqanı fiziki şəxsin bələdiyyədə vergi uçotundan çıxarılmasını həyata keçirir.

8.4. Fiziki şəxslərin yaşayış yerini dəyişdiyi zaman əvvəlki bələdiyyənin vergi xidməti orqanından aldığı VÖEN-i yaşadığı yerin yerləşdiyi bələdiyyənin vergi xidməti orqanına təqdim edir. Bu zaman fiziki şəxsin yerli (bələdiyyə) vergilərinin ödəyicisi olması barədə bələdiyyənin vergi xidməti orqanının məlumat bazalarında müvafiq məlumatlar daxil edilir və fiziki şəxsə məxsus VÖEN-in ünvan məlumatlarında dəyişiklik edilərək ona yeni bələdiyyə vergi şəhadətnaməsi verilir.








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.