Axtar
az|рус|eng
Media
13.04.2019

Vergi işçiləri arasında şahmat turniri keçirilir

Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 14-cü ənənəvi şahmat turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər nazirinin müavini Sahib Ələkbərov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib. Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Ölkəmizdə şahmatın inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin dəstəyi sayəsində yalnız paytaxt Bakıda deyil, bölgələrdə də nüfuzlu şahmat yarışları keçirilir, dünyanın ən tanınmış şahmatçılarının bu yarışlarda iştirakı Azərbaycanın onun hüdudlarından kənarda da tanıdılmasında mühüm rol oynayır. Artıq 4 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində ən yüksək pillələrdə olan şahmatçılar, o cümlədən hazırki və keçmiş dünya çempionları da iştirak edirlər.

Sonda S.Ələkbərov yarış iştirakçılarına uğurlar arzulayıb.

Nazirliyin müxtəlif struktur bölmələrinin 44 nəfər əməkdaşının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 4-də başa çatacaqdır.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.