Axtar
az|рус|eng
Media
21.10.2017

Vergi ödəyicilərinin təklifləri dinlənilib

Oktyabrın 19-20-də Vergilər Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib. 

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva görüş iştirakçılarının nəzərinə çatdırıb ki, ötən ilin sonunda dövlət başçısının fərmanı ilə təsdiq edilmiş «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 12 Strateji Yol Xəritəsi»ndə ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Vergilər Nazirliyinə də bir sıra tapşırıqlar verilib. «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»nin, «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»nin və «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nin əsas icraçısı Vergilər Nazirliyidir. 

S.Musayeva qeyd edib ki, strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə silsilə görüşlər davam etdirilir. Bu görüşlərə  şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, vergidən yayınma niyyəti olmayan, gəlir və xərclərinin uçotunu aparmağa cəhd edən və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri olan kiçik və orta sahibkarlıq subyektləri dəvət olunur. Görüşlərin keçirilməsində məqsəd ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinin təkliflərini dinləməkdir. 

Görüşdə vergi ödəyicilərinin təklifləri dinlənilib. Görüş iştirakçıları lizinq təşkilatları tərəfindən maliyyə lizinqi məqsədləri üçün ölkəyə idxal olunan məhsulların idxalda ƏDV-dən azad edilməsi, əvəzsiz alınmış əsas vəsaitlərin mənfəət vergisinə cəlb olunmasının Vergi Məcəlləsində aydın göstərilməsi,  Məcəllənin 137-ci maddəsinin (Birgə fəaliyyətdən əldə edilən gəlir) təkmilləşdirilməsi, hüquqi və fiziki şəxslərin məlumat dəyişikliklərinin elektron formada həyata keçirilməsi kimi təkliflər irəli sürüblər.

Vergi ödəyicilərinin təkliflərinə münasibət bildirən S.Musayevə qeyd edib ki, səmərəli vergi sisteminin təşviqi ilə bağlı Strateji Yol Xəritəsinin icrası ilə bağlı Vergilər Nazirliyi Tədbirlər Planı hazırlayıb və orada hüquqi və fiziki şəxslərin məlumat dəyişikliklərinin elektron formada həyata keçirilməsi öz əksini tapıb. Vergilər Nazirliyinin müəyyənləşdirdiyi prioritetlərdən biri olan bu məsələnin aktuallığı nəzərə alınaraq, gələn ildən tətbiqi nəzərdə tutulur.

S.Musayeva əlavə edib ki, strateji yol xəritələrindən irəli gələn vəzifələrdən biri də yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin qısa müddət ərzində təlimlərə cəlb olunmasıdır. Bu məsələ ilə bağlı konkret hədəf müəyyənləşdirilib və qaydalar hazırlanıb. Bu yenilik gələn il yanvarın 1-dən tətbiq olunacaq. Yeni fəaliyyətə başlayan vergi ödəyiciləri birmənalı şəkildə təlimlərə cəlb olunacaqlar,  illərlə fəaliyyət göstərən təcrübəli vergi ödəyiciləri də öz istəkləri ilə bu təlimlərdə iştirak edə biləcəklər.

Görüş zamanı vergi ödəyiciləri tərəfindən ƏDV bəyannamələrinin təqdim edilməsi, elektron qaimə-fakturaların tətbiqi, şəxsi hesab vərəqəsində vergi borcunun tədiyyələr üzrə göstərilməsi və s. təkliflər də səsləndirilib. 

Media və Kommunikasiya Mərkəzi





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.