Axtar
az|рус|eng
Media
10.02.2017

Yeni qaydalar təsdiq olunub

Vergilər Nazirliyi ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını təsdiq edib. Qaydalara əsasən, bu hüququ almaq üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, nəzarət-kassa aparatına və işlək POS-terminala malik olmalı, vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.

Tcarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün kağız daşıyıcıda və ya elektron formada ərizə ilə vergi orqanına müraciət etməlidir. Vergi ödəyicisi «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə» ilə eyni zamanda bir neçə təsərrüfat subyekti üzrə satıcı kimi qeydiyyata alınmaq üçün müraciət edə bilər: Təsərrüfat subyekti satıcı kimi qeydiyyata alınmaq üçün gücləndirilmiş elektron imza ilə İnternet Vergi İdarəsi Portalının «Onlayn» kargüzarlıq bölməsində ərizə formasının müvafiq xanalarını doldurmalıdır. Kağız formasında ərizə isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Elektron və kağız formasında təqdim olunmuş ərizələr emal edilmək məqsədilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında ərizə» pəncərəsinə ötürüləcək. Bundan sonra ərizədəki məlumatların yoxlanılması nəzərdə tutulur. Ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edilərsə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması barədə «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması üçün təqdim etdiyi ərizədəki çatışmazlıqlar barədə bildiriş» hazırlanacaq və elektron formada vergi ödəyicisinin e-qutusuna və ya kağız daşıyıcıda sifarişli poçt göndərişi vasitəsilə ünvanına çatdırılacaq.

Qaydalara əsasən bir təsərrüfat subyekti üzrə aşkar edilmiş çatışmazlıq ərizədə göstərilən digər təsərrüfat subyektləri üzrə vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınmasını dayandırmır. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən ərizə ilə vergi orqanına müraciət edə bilər. Bundan sonra vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınacaq və bu barədə ona «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış» təqdim ediləcək. Vergi ödəyicisi satıcı qismində qeydiyyata alındıqdan sonra 10 iş günü müddətində vergi orqanının ərizədə göstərilən təsərrüfat subyektini alıcılara təqdim edilən elektron vergi hesab-fakturalarının tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə vahid məlumat bazasına ötürülməsinə imkan verən proqram təminatı ilə, zəruri avadanlıqla təchiz etməsi nəzərdə  tutulur.

Qaydalarda ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyatına xitam verilməsi ilə bağlı qeyd edilib ki, əgər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş ticarət festivallarının təşkili qaydasının tələbləri pozularsa, satıcı fəaliyyəti dövründə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunarsa, vergi orqanına təqdim edilmiş vergi hesabatlarında aşkar olunmuş uyğunsuzluqlar və ziddiyyətlər qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmazsa, bu zaman vergi ödəyicisinin satıcı  qismində qeydiyyatına xitam veriləcək. Satıcının «Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirən vergi ödəyicisinin satıcı kimi qeydiyyatına xitam verilməsi haqqında ərizə» əsasında satıcı kimi qeydiyyatdan çıxarılması da mümkündür. Satıcının qeydiyyatına xitam verilməsinə əsas verən digər hallarda isə onun qeydiyyatı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində avtomatik ləğv ediləcək və bu barədə vergi ödəyicisinin elektron qutusuna bildiriş göndəriləcək.

Media və Kommunikasiya Mərkəzi







Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.