Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
Facebook Twitter YouTube Play market AppStore
az|рус|eng
Nazirlik haqqında

Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 12 iyun 2001-ci il
141-IIQ


 

 

Azərbaycan Respublikasının
12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət vergİ orqanlarında xİdmət haqqında
Ə S A S N A M Ə

Bu Əsasnamə Azərbaycan Respublikasının Dövlət vergi orqanlarında (bundan sonra «vergi orqanları» adlanacaq) xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I fəsil

Ümumİ müddəalar

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

3. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifəli tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

5. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları müəyyən edilir.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı geyim formasının və fərqlənmə nişanlarının nümunəsini, onların təchizat normasını və istifadə müddətlərini müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

6. Vergi orqanlarının vəzifəli şəxslərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunə əsasında xidməti vəsiqələr verilir.

 

II fəsil

Vergİ orqanlarında xİdmətə qəbul

7. İrqindən, milliyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının vergi orqanlarında xidmət etmək hüququ vardır.[1]

8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.

Bir qayda olaraq vergi orqanlarında xidmətə ali təhsil olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər.

9. Vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

1) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyəti olmayan hesab edildikdə;

2) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nə-zərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.[2]

10. Vergi orqanlarının vəzifəli şəxslərinin:

1) vergi məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

2) vergi işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə ilə yerinə yetirməyə;

3) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə;

4) tətillərdə və dövlət orqanlarının işin pozan digər hərəkətlərdə iştirak etməyə;

5) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

11. Vergi orqanlarına xidmətə qəbul edilən şəxslər üçün, onların peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

12. Sınaq müddəti vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

13. Vergi orqanlarında xidmətə qəbul zamanı baş rəis heyəti vəzifələrinə və ondan yuxarı vəzifələrə təyin olunanlara, habelə elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

14. Vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, habelə vergi orqanları üçün mütəxəssislərin hazırlanması müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilə bilər.

III fəsil

Vergİ orqanları vəzİfəlİ şəxslərİnİn xüsusİ rütbələrİ və onların verİlmə qaydaları

15. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rətbələr ilkin və növbəti rütbələrə bölünürlər.

16. Vergi orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı göstərilən xüsusi rütbələr verilir (bundan sonra «xüsusi rütbə» adlanacaq):

1) 3-cü dərəcəli müfəttiş;

2) 2-ci dərəcəli müfəttiş;

3) 1-ci dərəcəli müfəttiş;

4) kiçik vergi xidməti müşaviri;

5) vergi xidməti müşaviri;

6) baş vergi xidməti müşaviri;

7) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri;

8) 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri;

9) 1-ci dərəcəli dövlətə vergi xidməti müşaviri;

10) Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarının vəzifəli şəxslərinə 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri, baş vergi xidməti müşaviri və 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbələri əvəzinə müvafiq olaraq 3-cü dərəcəli hüquqşünas, 2-ci dərəcəli hüquqşünas, 1-ci dərəcəli hüquqşünas, kiçik ədliyyə müşaviri, ədliyyə müşaviri, baş ədliyyə müşaviri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbələri verilir.

17. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr Azərbaycan Respublikası məhkəmə və müvafiq icra hakimiyyəti orqanları  əməkdaşlarına qanunvericiliklə verilən xüsusi rütbələrə və ixtisas dərəcələrinə bərabər tutulur.

18. Vergi orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik rəis heyəti 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş;

2) baş rəis heyəti kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri;

3) ali rəis heyəti: 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri və Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

19. Ali rəis heyətinə rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

20. Vergi orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Vergi orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutdüğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

22. Vergi orqanlarının vəzifəli şəxsləri üçün rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:

3-cü dərəcəli müfəttiş – 2 il;

2-ci dərəcəli müfəttiş – 2 il;

1-ci dərəcəli müfəttiş – 3 il;

kiçik vergi xidməti müşaviri – 3 il;

vergi xidməti müşaviri – 4 il.

Baş vergi xidməti müşaviri və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.

23. Xüsusi şəxsi xidmətlərinə görə vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona vermiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, bu tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbüdən bir pillə yuxarı verilməsinə vergi orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

24. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

25. 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş və 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri xüsusi rütbələri olan vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri, onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər.

26. Vergi orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 46-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

27. Xarici rütbəsi aşağı salınmış vergi orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tütduğu vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

28. İntizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

29. Vergi orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan şəxslər ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

30. Vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

31. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rətbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

IV fəsil

Vergİ orqanları vəzİfələrİ şəxslərİnİn hüquqları və vəzİfələrİ

32. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

33. Vergi orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:

vergi orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmaq;

müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almaq:

xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etmək və ya onların hazırlanmasında iştirak etmək;

xidmət illərinə görə, xidmətin nəticələr və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və vergi orqanlarında xidməti yüksəlişə;

şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda özü haqqında olan dəyişikliklərlə bağlı şəxsi işinə əlavələr etmək;

maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri hesabına öz ixtisasını artırmaq və təkmilləşdirmək;    [3]

xidmət illəri nəzərə alınmaqla pensiya təminatına; [4]

şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etmək;

həmkarlar iqttifaqlarında birləşmək;

vergi orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etmək;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatların siyahısını müəyyən edir.

Vergi orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək;

fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;

vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək;

xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;

vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirmək;

dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

35. Vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

36. Vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

37. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.

39. Vergi orqanının vəzifəli şəxsinin həmin vergi orqanında və ya digər yerə xidmətə keçirilməsinə vergi orqanının vəzifəli şəxsinin razılığı ilə yol verilir.

40. Vergi orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:

vəzifəli şəxsin yüksək vəzifəyə keçirilməsi;

vəzifəli şəxsdən daha məqsədyönlü istifadə edilməsi ilə;

vəzifəli şəxsin sağlamlığa və ya yaş həddi nəzərə alınmaqla digər vəzifəyə keçirilməsi.

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

42. Vergi orqanlarının vəzifəli şəxsləri digər hüquqi-mühafizə orqanların xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir.

Digər hüquq-muhafizə orqanlarından vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri vergi orqanlarında xidmət illərinə daxil edilir.

V fəsil

Xİdmətİ İntİzam və həvəsləndİrmə

43. Vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər.

44. Vergi orqanlarının nümunəvi daxili intizam qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

45. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə görə vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) fərdi qaydada mükafatlandırılması;

3) müvafiq icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

6) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi.

45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.[5]

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

1) töhmət;

2) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə;

4) xüsusi rütbəni bir pillə aşağı salma;

5) vergi orqanlarında xidmətinə xitam verilmə.

46-1. Vergi orqanının vəzifəli şəxsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.  [6]

47. İntizam tənbehinin qüvvədə olduğu müddətdə vergi orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulan (6-cı bənd istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

51. Vergi orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

52. İntizam tənbehi tətbiq edilmiş vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

53. Həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq etmək hüquqları olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfəindən müəyyən edilir.

Vergi orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gəlirsə, bu zaman müvafiq icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

54. Vergi orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinə tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil

Vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn attestasİyası və fəalİyyətİnİn qİymətləndİrİlməsİ[7]

55. Kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarmaq məqsədilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.[8]

56. Yalnız müvafiq vəzifədə azı 1 il xidmət edən və 5 (beş) ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. [9]

57. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir. Bununla yanaşı attestasiya komissiyası bu qiymətində vergi orqanlarının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiyyə verə bilər. [10]

57-1. Attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. [11]

57-2. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

 

VII fəsil

Vergİ orqanında xİdmətİn şərtlərİ

58. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

59. Xidmət şəraitindən asılı olaraq vergi orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

60. Müstəsna hallarda vergi orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər.[12]

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

61. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

62. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsili davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət.

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

63. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

64. Xidmətin birinci ili üçün vergi orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətindən sonra yaranır.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsində müvafiq surətdə verilə bilər.

65. Vergi orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

66. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan vergi orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istisrahət gunləri verilir.[13]

67. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda vergi orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir;

1) 5 ildən 10 ilədək xidmət illərinə görə – 3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə – 5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə – 10 təqim günü;

4) 20 il və daha çox xidmət illərinə görə – 15 təqvim günü.

68. Vergi orqanlarının vəzifəli şəxslərinin əlavə məzuniyyəti onların arzusu ilə növbəti xidməti ili üçün verilən əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

69. Əsas məzuniyyətdən istifadə etməmiş vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi halları istisna olmaqla məzuniyyətin pulla əvəz edilməsinə yol verilmir.

70. Vergi orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilməsi qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

71. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vergi orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının ödənilməsinə yol verilir.

72. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri – 60 manat miqdarında; [14]

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 54 manat miqdarında;

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 51 manat miqdarında;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) – 48 manat miqdarında;

baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) – 45 manat miqdarında;

vergi xidməti müşaviri (ədliyyə müşaviri) – 42 manat miqdarında;

kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) – 39 manat miqdarında;

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) – 36 manat miqdarında;

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) – 33 manat miqdarında;

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) – 30 manat miqdarında.[15]

73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.[16]

74. Vergi orqanlarının vəzifəli şəxslərinin dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

VIII fəsil

Vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn xİdmətİnə xİtam verİlməsİ üçün əsaslar və pensİya təmİnatı

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:

1) öz təşəbbüsü ilə;

2) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;

3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; [17]

5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə;

6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;

8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Bu maddənin 3 - 7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. [18]

76. Vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

77. Vergi orqanlarında xidmətə vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, 1 ay qabaqcadan birbaşa tabe olduğu rəisini bu barədə yazılı surətdə xəbərdar etməlidir.

78. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. [19]

IX fəsil

Vergİ orqanlarının vəzİfəlİ şəxslərİnİn vergİ orqanlarında xİdmətə və vəzİfəyə bərpa edİlməsİ

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.

Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir.

X fəsil

Yekun müddəalar 

82. Vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və bu orqanların büdcədənkənar fondu hesabına həyata keçirilir. [20]

83. Vergi orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1.       23 may 2006-cı il tarixli 116-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 486)
  2. 2.       10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 927)
  3. 3.       20 noyabr 2006-cı il tarixli 178-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1013)
  4. 4.       22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 1)
  5. 5.       1 may 2007-ci il tarixli 323-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 441)
  6. 6.       16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 756)
  7. 7.       19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1078)
  8. 8.       1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 155)
  9. 9.       1 aprel 2008-ci il tarixli 581-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 4, maddə 253)
  10. 10.    28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 399)
  11. 11.    1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 03, maddə 171)
  12. 12.    11 may 2010-cu il tarixli 1010-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2010-cu il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 6, maddə 484)
  13. 13.    29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 06, maddə 399) ilə edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 7-ci maddəsində “malik olan” sözlərindən sonra “və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən” sözləri əlavə edilmişdir.

 

[2] 22 dekabr 2006-cı il tarixli 211-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 1, maddə 1) ilə 9-cu maddəsinə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

 

[3] 1 may 2007-ci il tarixli 323-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 441) ilə 33-cü maddənin yeddinci abzası çıxarılmışdır.

 

[4] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1078) ilə 33-cü maddənin yeddinci abzasından “xidmət illəri nəzərə alınmaqla” sözləri çıxarılmışdır.

 

[5] 11 may 2010-cu il tarixli 1010-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2010-cu il, 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 6, maddə 484) ilə "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə 45-1-ci maddə əlavə edilmişdir.

 

[6] 10 oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 927) ilə aşağıdakı məzmunda 46-1-ci maddə əlavə edilmişdir.

 

[7] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 155) ilə VI fəslin adında "attestasiyası" sözündən sonra "və fəaliyyətinin qiymətləndirilməsi" sözləri əlavə edilmişdir.

 

[8] 1 fevral 2008-ci il tarixli 538-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 155) ilə 55-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[9] 29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194) ilə 56-cı maddədə “3 (üç) ildə bir dəfədən çox olmayaraq” sözləri “5 (beş) ildə bir dəfədən çox olmayaraq” sözləri ilə əvəz edilmişdir.

 

[10] 29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194) ilə 57-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan birini qəbul edir.

29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194) ilə 57-ci maddənin ikinci cümləsində “qərarında” sözü “qiymətində” sözü ilə əvəz edilmişdir.

 

[11] 29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194) ilə yeni məzmunda 57-1-ci və 57-2-ci maddələr əlavə edilmişdir.

 

[12] 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 756) ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 60-cı maddəsinin birinci hissəsində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə edilmişdir.

1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 03, maddə 171) ilə 60-cı maddənin birinci hissəsində “iş günü hesab edilməyən bayram və istirahət günlərində” sözləri “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə” sözləri ilə əvəz edilmişdir.

 

[13] 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 03, maddə 171) ilə 66-cı maddənin üçüncü cümləsində “vəzifəli şəxsə” sözlərindən sonra “işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və” sözləri əlavə edilmişdir.

 

[14] 23 may 2006-cı il tarixli 116-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 486) ilə Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 443) 72-ci maddəsinin ikinci-on birinci abzaslarında və 73-cü maddəsinin ikinci-səkkizinci abzaslarında "aylıq gəlirin vergi tutulmayan məbləğinin" sözləri "minimum aylıq əməkhaqqının" sözləri ilə əvəz edilmişdir.

 

[15] 20 noyabr 2006-cı il tarixli 178-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1013) ilə 72-ci maddənin ikinci abzasında «minimum aylıq əmək haqqının 2 misli» sözləri «60 manat» sözləri ilə, üçüncü abzasında «minimum aylıq əmək haqqının 1,8 misli» sözləri «54 manat» sözləri ilə, dördüncü abzasında «minimum aylıq əmək haqqının 1,7 misli» sözləri «51 manat» sözləri ilə, beşinci abzasında «minimum aylıq əmək haqqının 1,6 misli» sözləri «48 manat» sözləri ilə, altıncı abzasında «minimum aylıq əmək haqqının 1,5 misli» sözləri «45 manat» sözləri ilə, yeddinci abzasında «minimum aylıq əmək haqqının 1,4 misli» sözləri «42 manat» sözləri ilə, səkkizinci abzasında «minimum aylıq əmək haqqının 1,3 misli» sözləri «39 manat» sözləri ilə, doqquzuncu abzasında «minimum aylıq əmək haqqının 1,2 misli» sözləri «36 manat» sözləri ilə, onuncu abzasında «minimum aylıq əmək haqqının 1,1 misli» sözləri «33 manat» sözləri ilə, on birinci abzasında «minimum aylıq əmək haqqının 1 misli» sözləri «30 manat» sözləri ilə əvəz edilmişdir.

 

[16] 20 noyabr 2006-cı il tarixli 178-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 12, maddə 1013) ilə 73-cü maddənin ikinci abzasında «minimum aylıq əmək haqqının 0,7 misli» sözləri «21 manat» sözləri ilə, üçüncü abzasında «minimum aylıq əmək haqqının 0,8 misli» sözləri «24 manat» sözləri ilə, dördüncü abzasında «minimum aylıq əmək haqqının 0,9 misli» sözləri «27 manat» sözləri ilə, beşinci abzasında «minimum aylıq əmək haqqının 1 misli» sözləri «30 manat» sözləri ilə, altıncı abzasında «minimum aylıq əmək haqqının 1,3 misli» sözləri «39 manat» sözləri ilə, yeddinci abzasında «minimum aylıq əmək haqqının 1,5 misli» sözləri «45 manat» sözləri ilə, səkkizinci abzasında «minimum aylıq əmək haqqının 2 misli» sözləri «60 manat» sözləri ilə əvəz edilmişdir.

 

[17] 29 dekabr 2015-ci il tarixli 81-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 fevral 2016-cı il, 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, I kitab, maddə 194) ilə 75-ci maddənin 4-cü bəndində “qərarı” sözü “qiyməti” sözü ilə əvəz edilmişdir.

 

[18] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1078) ilə 75-ci maddənin birinci hissəsinin 2-ci bəndi çıxarılmışdır və ikinci hissəsində “2-7” rəqəmləri “3-7” rəqəmləri ilə əvəz edilmişdir.

 

[19] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1078) ilə 78-ci maddədə, maddədə “hüquq mühafizə orqanlarının əməkdaşları üçün” sözləri “xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilmişdir və maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[20] 1 may 2007-ci il tarixli 323-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 441) ilə 82-ci maddədən “və müvafiq icra hakimiyyəti orqanının maddi həvəsləndirmə və inkişaf fondu” sözləri çıxarılmışdır.

 

1 aprel 2008-ci il tarixli 581-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 4, maddə 253) ilə 82-ci maddəsində "dövlət büdcəsi" sözlərindən sonra "və bu orqanların büdcədənkənar fondu" sözləri əlavə edilmişdir.

 









Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.