
O vaxtdan ötən 15 ilin hər bir ili ölkəmizdə müasir tələblərə cavab verən vergi sisteminin formalaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından diqqətəlayiq yeniliklərin tətbiqi ilə əlamətdar olub:
2000-ci il - Vergilər Nazirliyinin yaradılması
2001-ci il - Vergi Məcəlləsinin qüvvəyə minməsi, vahid vergi qanunvericiliyinin yaradılması
2002-ci il - Vergilər Nazirliyi sistemində genişmiqyaslı struktur islahatlarının aparılaraq yeni idarəetmə modelinin qurulması; şəhər, rayon vergilər idarələri və şöbələrinin ləğv edilərək ərazilər üzrə vergilər idarələrinin yaradılması
2003-cü il - Vergi ödəyicilərinə xidmət sahəsinin yenidən qurulması, “195” Telefon-məlumat xidmətinin yaradılması
2004-cü il - Ölkədə həyata keçirilən vergi islahatlarının iş adamları, digər hökumət və qeyri-hökumət təşkilatları ilə geniş müzakirəsi
2005-ci il - Vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının icrasına başlanılması
2006-cı il - Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) işə salınması ilə vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması
2007-ci il - İnternet Vergi İdarəsinin yaradılması ilə vergi sistemində elekton hökumətin genişmiqyaslı tətbiqinə start verilməsi
2008-ci il - Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinin “Bir pəncərə” prinsipi üzrə qeydiyyata alınmasına başlanması və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının «Doing Business 2009» hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi tanıması, ƏDV depozit hesabının tətbiqi
2009-cu il - Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə yeni Strateji Planın icrasına başlanılması
2010-cu il - Elektron hökumətin tətbiqi prosesinin əsaslı surətdə genişləndirilməsi, elektron vergi-hesab fakturaların tətbiqi
2011-ci il - Vergilər Nazirliyinin elektron xidmətlərin spektrinin genişləndirilməsi və bu sahədə ölkənin ən çox sayda elektron xidmət göstərən dövlət qurumuna çevrilməsi; fiziki şəxslərin elektron qeydiyyatına başlanılması və Avropa İttifaqı ilə birlikdə elektron auditin tətbiqi ilə bağlı Tvinninq layihəsinə start verilməsi
2012-ci il - Ölkədə biznesin qeydiyyata alınması sahəsində irəliyə doğru ciddi addım hesab ediləcək bir tədbirin - Vergilər Nazirliyi tərəfindən hüquqi şəxslərin elektron qeydiyyatına başlanılması
2013-cü il - “ASAN İmza”nın tətbiqinə start verən Vergilər Nazirliyinin elektron hökumət quruculuğuna mobil texnologiyaları gətirməklə ölkəmizdə mobil hökumətə keçidi reallaşdıran ilk dövlət qurumlarından birinə çevrilməsi
2014-cü il - Vergilər Nazirliyi yerli vergi ödənişləri sisteminin təkmilləşdirilməsi məqsədilə bələdiyyələrdə elektron vergi ödənişlərinin tətbiqi ilə bağlı pilot layihənin həyata keçirilməsinə başlanılması, eləcə də Avropa İttifaqı ilə birlikdə insan resurslarının inkişafını nəzərdə tutan yeni Tvinninq layihəsinə start verilməsi.
Bunlar son 15 ilin vergilərlə bağlı ən mühüm hadisələridir. Amma hamısı deyil... İnamla deyə bilərik ki, yeniləşmə, təkmilləşmə vergi orqanlarının fəaliyyətində, vergi xidmətinin hər bir əməkdaşının həyatında daimi, davamlı bir prosesdir.
Azad bazar prinsiplərinin bərqərar olduğu, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdığı, vətəndaşların öz qabiliyyət və imkanlarına uyğun iqtisadi fəaliyyəti üçün imkanların genişləndiyi bir şəraitdə vergi inzibatçılığının durmadan təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün məqsədyönlü iş aparılır. Sürətlə yeniləşən və təkmilləşən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində davamlı olaraq həyata keçirilən tədbirlər Vergilər Nazirliyini respublikamızda ən yenilikçi dövlət qurumu kimi tanıtdırılması ilə nəticələnib.