Axtar
az|рус|eng
Əlaqə

Azərbaycan Respublikası vergilər nazirinin
07 fevral  2017-ci il tarixli 1717040100179600
nömrəli əmri ilə təsdiq edilmişdir

 

Dövlət vergi orqanlarında vətəndaşların qəbulu və

vergi ödəyiciləri ilə fərdi görüşlərin keçirilməsi

Q A Y D A L A R I

  

1. Ümumi müddəalar

 

1.1. “Dövlət vergi orqanlarında vətəndaşların qəbulu və vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Vətəndaşların müraciətləri haqqında” 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 və 951 nömrəli Fərmanları ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (zərflərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyələrə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın və “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi Qaydası”nın, digər aidiyyəti hüquqi aktların və normativ sənədlərin tələblərinə uyğun olaraq hazırlanmışdır.

 1.2. Bu Qaydalar dövlət vergi orqanlarında vətəndaşların qəbulu və vergi ödəyiciləri ilə görüşlərin (vergi ödəyicilərinə xidmət strukturlarının təşkil etdiyi vergi ödəyiciləri ilə kollektiv görüşlər istisna olmaqla) keçirilməsi qaydalarını müəyyən edir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

1.3.1. Dövlət vergi orqanları – Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – nazirlik) və bilavasitə ona tabe olan vergi orqanları;

1.3.2. Struktur bölmə – nazirliyin aparatı, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və onun yerli orqanları, nazirlik yanında departamentlər, ərazi vergilər departamentləri və idarələri, rayon vergilər şöbələri və nazirliyin Tədris Mərkəzi;

1.3.3. Struktur vahid – Vergilər Nazirliyinin Aparatı (bundan sonra – Aparat), nazirliyin aparatında departamentlər, müstəqil idarələr, mərkəzlər, şöbələr (bölmələr), digər struktur bölmələrdə idarələr, müstəqil şöbələr (bölmələr);

1.3.4. Kargüzarlıq xidmətini həyata keçirən struktur – Aparat, Koordinasiya şöbələri (bölmələri), kargüzarlıq xidməti və ya kargüzarlığın aparılmasına məsul şəxs;

1.3.5. Vətəndaş - Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər;

1.3.6. Vergi ödəyicisi –  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan fiziki şəxslər, habelə hüquqi şəxslərin və onların filial və nümayəndəliklərinin səlahiyyətli nümayəndələri;

1.3.7. Şəffaf qəbul otağı – Aparatda və nazirliyin struktur bölmələrində vətəndaşların qəbulu və vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi üçün ayrılmış, hər iki tərəfdən aşkar görünən şüşəli giriş qapısı olan, zəruri texniki vasitələr (telefon, audio-vidieo çəkiliş qurğuları və s.), habelə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) proqram təminatı ilə və internet şəbəkəsinə qoşulmuş kompüterlə təchiz edilən xüsusi otaq;

1.3.8. Fərdi görüş - Vergilər nazirliyinin rəhbərliyi, vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, xidməti təhqiqat və araşdırmalar, inzibati icraat, habelə ibtidai araşdırma aparan vəzifəli şəxslər istisna olmaqla digər strukturların vəzifəli şəxslərinin vergi ödəyiciləri ilə xidməti zərurətlə əlaqədar özlərinin təşəbbüsü ilə vergi orqanında keçirdikləri görüşlər;

1.3.9. Vətəndaş qəbulu - vergi ödəyiciləri ilə görüş hesab olunmayan, vətəndaşların və vergi ödəyicilərinin şifahi və yazılı müraciətləri əsasında, üzbəüz, videoqəbul, onlayn konfrans və səyyar formada qəbul edilməsi;

1.3.10. Videoqəbul – vətəndaşın və ya vergi ödəyicisinin müraciəti əsasında onun xüsusi proqram təminatı vasitəsilə nazirliyin aparatının və struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən məsafədən, lakin canlı videogörüntülü bağlantı formasında qəbul edilərək dinlənilməsi;     

1.3.11. Səyyar qəbul – vergilər naziri və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən vətəndaşların və (və ya) vergi ödəyicilərinin Azərbaycan Respublikasının şəhər və rayonlarında qəbul edilməsi;

1.3.12. Onlayn konfrans – dövlət vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların və (və ya) vergi ödəyicilərinin məsafədən, lakin canlı telebağlantı vasitəsilə qəbul edilərək dinlənilməsi və ya onlarla görüşlərin keçirilməsi;      

1.3.13. Qəbul menyusu - vətəndaşların qəbulu və vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi zamanı məlumatların daxil edilməsi, müraciətin qeydiyyatı və bununla bağlı digər zəruri işlərin aparılmasına imkan verən AVİS-in “Kargüzarlıq” altsisteminin menyusu;

1.3.14. Vətəndaş qəbulunun qeydiyyat vərəqəsi – vətəndaşın və ya vergi ödəyicisinin qəbul və ya görüş zamanı və ya ondan sonra bu Qayda ilə tələb olunan məlumatlarını, qəbulun forması, tarixi, vaxtı və yeri barədə, habelə müraciətin növünü, təsnifatını və məzmununu, audio-video çəkiliş barədə vətəndaşın və ya vergi ödəyicisinin razılıq (və ya etiraz) barədə qeydini və digər zəruri məlumatları özündə əks etdirən, Qəbul menyusunda elektron qaydada hazırlanan müraciət forması.      

1.4. Vergi orqanlarında vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş qrafik əsasında mərkəzləşdirilmiş şəkildə ayda bir dəfədən az olmamaqla həyata keçirilir. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

1.5. Qəbul qrafiki vergi orqanlarının qəbul üçün nəzərdə tutulmuş girişində, hər kəs üçün aydın görünən yerdə yerləşdirilmiş monitorda fasiləsiz olaraq nümayiş etdirilir, habelə nazirliyin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilir.

1.6. Nazirliyin aparatında və digər struktur bölmələrində vətəndaşların qəbulu, bununla bağlı təşkilati-metodiki rəhbərlik və bu Qaydaların tələblərinə əməl olunmasına ümumi nəzarət Aparat tərəfindən həyata keçirilir.

1.7. Digər struktur bölmələrdə vətəndaşların qəbulu və bu Qaydaların tələblərinə əməl olunmasına nəzarəti kargüzarlıq xidmətini həyata keçirən struktur həyata keçirir.

  

2. Vətəndaşların qəbulunun təşkili

 

2.1. Qəbula gələn vətəndaş bu Qaydaların 1.6-cı və 1.7-ci bəndlərində nəzərdə tutulmuş strukturların əməkdaşları və ya vəzifəli şəxs tərəfindən dinlənilir və müraciəti qeydiyyata alınır.

2.2. Qəbul qrafikinə uyğun olaraq aidiyyəti vəzifəli şəxslərin qəbuluna yazılmaq məqsədilə vergi orqanına gələn vətəndaşlar kargüzarlıq xidmətini həyata keçirən struktura yönləndirilir. Kargüzarlıq xidmətini həyata keçirən struktur qəbulla bağlı zəruri məlumatları Qəbul menyusunda vətəndaş qəbulunun qeydiyyat vərəqəsi tərtib edərək, onu aidiyyəti struktur vahidə (və ya müstəqil vəzifəli şəxsə) həmin struktur vahidə nəzarət (kuratorluq) həvalə edilmiş vəzifəli şəxs vasitəsilə göndərir.

2.3. Aidiyyəti vəzifəli şəxsin vətəndaşın qəbulu ilə bağlı qəbul etdiyi qərar barədə Qəbul menyusuna daxil edilən məlumat əsasında nazirliyin aparatında Aparat, digər struktur bölmələrdə isə kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən vətəndaşın qəbulu təşkil edilir və ya bu Qaydaların 3-cü hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.

2.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər (şəxsiyyəti ilə bağlı zəruri məlumatları özündə əks etdirən digər sənədlər) və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır.

Qəbul üçün müraciət edən vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir, lakin həmin sənədin vətəndaşın üzərində olmaması onu dinləməməyə əsas vermir. Bu zaman Azərbaycan Respublikasının vətəndaşları ilə bağlı müvafiq məlumatlar nazirliyin mövcud informasiya resursları vasitəsilə əldə olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı ilk növbədə onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti (və ya daimi) yaşamaq üçün icazə vəsiqəsinin məlumatları, bu cür icazə sənədi olmadıqda onların özlərinin verdiyi məlumat əsasında qeydiyyat aparılır.

2.5. Vətəndaşların qəbulu yalnız “Şəffaf qəbul otağı”nda həyata keçirilir. “Şəffaf qəbul otağı” bu Qaydaların 1.3.7-ci bəndində göstərilən maddi-texniki tələblərə uyğun olmalıdır. 

2.6. Qəbula gələn vətəndaşlar barədə müvafiq məlumatlar hər bir halda, o cümlədən videoqəbul, səyyar qəbul və onlayn konfrans keçirildikdə “Qəbul” menyusuna daxil edilərək, vətəndaş qəbulunun qeydiyyat vərəqəsi tərtib olunur.

2.7. Nazirilyin aparatında vətəndaşların qəbulu vergilər naziri tərəfindən təsdiq olunmuş qrafik əsasında aparılır.

2.8. Vergilər nazirinin qəbuluna yazılmaq üçün müraciət etmiş hər bir vətəndaşa qəbul barədə məlumat verilir və zərurət olduğu hallarda aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul olunmaq üçün nazirliyə dəvət edilir və dinlənilir.

2.9. Hər il növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki barədə nazirliyin mətbu orqanlarında və internet səhifəsində məlumat yerləşdirilir, bir nüsxəsi isə dekabr ayının sonunadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi nazirliyin mətbu orqanlarında və internet səhifəsində yerləşdirilməklə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir.

2.10. Qəbul qrafikində rəhbər vəzifəli şəxslər haqqında aşağıdakı məlumatlar əks olunur:

2.10.1. vəzifəsinin tam adı;

2.10.2. adı, atasının adı və soyadı;

2.10.3. qəbul günləri və saatları;

2.10.4. qəbul yerinin ünvanı, qəbul otağının şəhər və daxili telefon nömrələri.

2.11. Qəbul qrafiki Aparat tərəfindən aşağıdakı formada tərtib olunur və təsdiq olunması üçün vergilər nazirinə təqdim edilir:

2.11.1. vergilər nazirinin qəbulu – ayda bir gün (cəmi 6 saat);

2.11.2. vergilər nazirinin birinci müavini və vergilər nazirinin müavinlərinin qəbulu – həftədə bir gün (cəmi 3 saat);

2.11.3. struktur vahidlərin rəhbərlərinin qəbulu – həftədə iki gün (cəmi 4 saat);

2.11.4. Aparatda vətəndaşların qəbulu - həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

2.12. Qəbul qrafikində göstərilən şəxslər müəyyən olunmuş vaxtda qəbulu həyata keçirə bilmədikdə qəbul digər məsul vəzifəli şəxs tərəfindən (hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxs istisna olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir.

2.13. Vətəndaşların vergilər naziri, vergilər nazirinin birinci müavini və müavinləri, struktur vahidləri rəhbərlərinin qəbuluna yazılması Aparat tərəfindən həyata keçirilir.

2.14. Vətəndaşlar qəbul günü növbəlilik prinsipi əsasında və ya qabaqcadan aşağıdakı qaydada qeydiyyata alınırlar:

2.14.1. şəxsən müraciət etməklə;

2.14.2. poçt vasitəsilə müraciət etməklə;

2.14.3. Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə;

2.14.4. elektron xidmətlər vasitəsilə müraciət etməklə.

2.15. Vətəndaşın müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilməlidir.        

2.16. Vergilər naziri, vergilər nazirinin birinci müavini və müavinləri, habelə struktur vahidləri rəhbərlərinin qəbuluna yazılmış vətəndaşlar barədə məlumatlar həmin vəzifəli şəxslərə Aparat tərəfindən verilir.

2.17. Digər struktur bölmələrdə vətəndaşların qəbulu struktur bölmənin rəhbəri tərəfindən müvafiq qaydada təsdiq olunmuş qrafik əsasında aparılır.

2.18. Qəbul qrafikində rəhbər vəzifəli şəxs barədə aşağıdakı məlumatlar əks olunur:

2.18.1. vəzifəsinin tam adı;

2.18.2. adı, atasının adı və soyadı;

2.18.3. qəbul günləri və saatları;

2.18.4. qəbul yerinin ünvanı, qəbul otağının şəhər və daxili telefon nömrələri.

2.19. Qəbul qrafiki kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən aşağıdakı formada tərtib olunur:

2.19.1. struktur bölmə rəhbərinin qəbulu - həftədə üç gün (cəmi doqquz saatdan az olmamaq şərti ilə);

2.19.2. struktur bölmə rəhbərinin müavinləri və struktur vahidləri rəhbərlərinin qəbulu – həftədə üç gün (cəmi on iki saatdan az olmamaq şərti ilə);

2.19.3. kargüzarlıq xidmətini həyata keçirən strukturda qəbula məsul şəxs tərəfindən qəbul – həftənin iş günləri (bütün iş günü ərzində).

2.20. Struktur bölmənin rəhbəri əmrlə struktur bölmədə qəbul işini həyata keçirmək üçün məsul şəxs təyin edir və vətəndaşların “Şəffaf qəbul otağı”nda qəbul olunmasını təmin edir.

2.21. Hər il növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki barədə digər struktur bölmələr tərəfindən dekabr ayının 10-dək Aparata məlumat təqdim edilir. Aparat tərəfindən həmin məlumatlar ümumiləşdirilir və 5 iş günü ərzində nazirliyin mətbu orqanlarında və rəsmi internet səhifəsində yerləşdirilməsi məqsədilə media, ictimaiyyətlə əlaqələr və nazirliyin rəsmi internet səhifəsinə məsul struktur vahidinə göndərilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi təsdiq olunduğu tarixdən etibarən 3 iş günü ərzində Aparata təqdim edilir. Aparat tərəfindən 2 iş günü ərzində həmin məlumatlar nazirliyin mətbu orqanlarında və rəsmi internet səhifəsində yerləşdirilməsi məqsədilə media, ictimaiyyətlə əlaqələr və nazirliyin rəsmi internet səhifəsinə məsul struktur vahidinə göndərilir.

2.22. Struktur bölmə rəhbəri, struktur bölmə rəhbərinin birinci müavini, struktur bölmə rəhbərinin müavinləri və struktur vahidləri rəhbərlərinin qəbuluna yazılmış vətəndaşlar barədə məlumatlar həmin vəzifəli şəxslərə kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən verilir.

 

3. Vətəndaşların qəbulu prosesi

 

3.1. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Müraciətə baxılması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə və digər zəruri hallarda vətəndaşlar dərhal qəbul edilməlidirlər.

3.2. Aidiyyəti vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu növbəlilik prinsipinə uyğun olaraq təmin edilir.

3.3. Qəbul zamanı vətəndaş diqqətlə dinlənilməli, zəruri hallarda qəbul prosesində struktur vahidlərinin nümayəndələri dəvət olunaraq, vətəndaşın fikirləri ətraflı öyrənilməlidir.

3.4. Vətəndaşların qəbul zamanı etdiyi şifahi müraciətləri ilə bağlı qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır.

Vətəndaş müraciətinin şifahi qaydada cavablandırılmasına razılıq vermədikdə və ya qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda, müraciət baxılması üçün aidiyyəti struktur vahidinə göndərilir. Həmin müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır.

3.5. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.

3.6. Şəffaflığın artırılması məqsədilə qəbul prosesinin audio-video çəkiliş aparılmaqla keçiriləcəyi barədə vətəndaşa qabaqcadan məlumat verilir. Vətəndaşın razılığı olduqda qəbul audio-video çəkiliş aparılmaqla keçirilməlidir. Vətəndaşın bu barədə razılığının olub-olmaması barədə və digər zəruri məlumatlar “Qəbul” menyusuna daxil edilir. Bundan sonra vətəndaş qəbulunun qeydiyyat vərəqəsinin birinci səhifəsi çap edilir, vətəndaş tərəfindən imzalanır və struktur bölmənin kargüzarlıq xidmətini həyata keçirən strukturu tərəfindən ayrıca qovluqda saxlanılır.

Vətəndaş qəbulunun qeydiyyat vərəqəsi və vətəndaşın (və ya vergi ödəyicisinin) müraciətinin məzmunu qeyd olunmuş əlavəsi hər bir halda (şifahi qaydada cavablandırma halları istisna olmaqla) qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti (funksional) struktur vahidinə və ya müstəqil vəzifəli şəxsə göndərilməlidir. 

3.7. Vergilər naziri, vergilər nazirinin birinci müavini və müavinləri onların qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zəruri olduqda aidiyyəti struktur vahidlərinin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və araşdırmanın nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir. 

3.8. Struktur vahidlərinin rəhbərləri və ya vəzifəli şəxslər vergilər naziri, vergilər nazirinin birinci müavini və müavinləri tərəfindən verilmiş tapşırıqlarla əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

3.8.1. müraciətlərin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün zəruri olan digər tədbirlər görürlər;

3.8.2. müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxır, görülmüş tədbirlər haqqında müraciət etmiş vətəndaşa əsaslandırılmış cavab verirlər.

3.9. Struktur bölmə rəhbəri onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zəruri olduqda struktur bölmə rəhbərinin birinci müavinini, struktur bölmə rəhbərinin müavinlərini, aidiyyəti struktur vahidlərinin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və araşdırmanın nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

3.10. Struktur bölmə rəhbərinin müavinləri, struktur vahidlərinin rəhbərləri və ya vəzifəli şəxslər vətəndaşları qəbul edir, struktur bölmə rəhbəri tərəfindən verilmiş tapşırıqlar ilə əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

3.10.1. müraciətin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün lazım olan digər tədbirlər görürlər;

3.10.2. müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə cavab verirlər.

3.11. Struktur bölmələrdə vətəndaş qəbulları kargüzarlıq xidmətini həyata keçirən struktur tərəfindən ildə iki dəfədən az olmayaraq ümumiləşdirilir, ətraflı təhlil edilir və nəticəsi barədə hər ilin iyun ayının 5-dək və növbəti ilin yanvar ayının 10-dək Aparata xidməti məruzə təqdim olunur.

3.12. Nazirliyin aparatında və digər struktur bölmələrdə vətəndaş qəbulları Aparat tərəfindən ildə iki dəfədən az olmayaraq ümumiləşdirilir, ətraflı təhlil edilir və nəticəsi barədə hər ilin iyun ayının 10-dək və növbəti ilin yanvar ayının 15-dək vergilər nazirinə xidməti məruzə təqdim olunur.

  

4. Vətəndaşların səyyar qəbulu

 

4.1. Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qaydalara uyğun olaraq həyata keçirilir.

4.2. Vergilər naziri tərəfindən ölkənin müxtəlif bölgələrində vətəndaşların səyyar qəbulu keçirilə bilər.

4.3. Səyyar qəbulun keçirilməsi ilə bağlı elan qəbulun keçirilməsindən əvvəl kütləvi informasiya vasitələrində və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

4.4. Səyyar qəbulda iştirak etmək məqsədilə yalnız həmin qəbulun keçirildiyi bölgənin əhatə etdiyi inzibati-ərazi vahidlərində (rayon və şəhərlərdə) qeydiyyatda olan və ya faktiki yaşayan vətəndaşlar qəbul edilmələrinin səbəblərini göstərməklə bu Qaydaların 2.14-cü bəndində müəyyən olunmuş qaydada qəbula yazılırlar.

4.5. Qəbula yazılan vətəndaşların müraciətləri Aparat tərəfindən təhlil edilir və vergi orqanlarının səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı müraciət etmiş vətəndaşların vergilər naziri tərəfindən səyyar qəbulda iştirakı təmin edilir.

4.6. Səyyar qəbul keçirilən şəhər və ya rayonun aid olduğu ərazi (yerli) vergi orqanının kargüzarlıq xidmətini həyata keçirən strukturu qəbul üçün müraciət etmiş vətəndaşın təqdim etdiyi məlumatlara əsasən “Qəbul” menyusunda vətəndaş qəbulunun qeydiyyat vərəqəsi tərtib edərək, səyyar qəbul başa çatdıqdan sonra məlumat üçün Aparata göndərir.

  4.7. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək nazirliyin səlahiyyətlərinə aid məsələlərin əksəriyyəti yerindəcə həll edilir və ya vətəndaşlara qanunvericiliyə uyğun qaydada ətraflı izahatlar verilir. Yerində həll edilməsi mümkün olmayan müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun olaraq həll edilməsi üçün aidiyyəti vergi orqanlarına müvafiq tapşırıqlar verilir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə vətəndaşlara ətraflı izahatlar verilərək, həmin müraciətlər baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir.

  4.8. Keçirilmiş qəbulların nəticələri mütəmadi olaraq Aparat tərəfindən təhlil edilir və bu barədə ümumiləşdirilmiş məlumatlar nazirliyin rəsmi internet səhifəsində yerləşdirilərək, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verilir.

  

5. Vətəndaşların video qəbulu və onlayn konfransların keçirilməsi

 

5.1. Videoqəbulda iştirak etmək məqsədilə vətəndaşlar qəbul edilmələrinin səbəblərini göstərməklə bu Qaydaların 2.14-cü bəndində müəyyən olunmuş qaydada qəbula yazılırlar.

5.2. Nazirliyin rəsmi internet səhifəsindən videoqəbula yazılmaq istəyən vətəndaş “Müraciətlər” bölməsinin “Vətəndaşların video qəbulu” xidmətinə daxil olaraq, “Video qəbul qeydiyyatı” başlığını seçir. Açılmış ekranın “Video qəbula elektron müraciət” adlı xüsusi müraciət formasının müvafiq qrafalarını dolduraraq “Göndər” düyməsi vasitəsilə aidiyyəti üzrə göndərir.

Doldurulmuş müraciət forması avtomatik olaraq nazirliyin elektron ünvanına göndərilir.

5.3. Vətəndaş tərəfindən bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulmuş müraciət formasının doldurulması zamanı hər hansı çatışmazlıqlara yol verilərsə, Aparat tərəfindən həmin vətəndaşla əks-əlaqə yaradılır və çatışmazlıqlar barədə məlumat verilir. Vətəndaş tərəfindən bu çatışmazlıqlar aradan qaldırılaraq, yenidən müraciət olunduqda müraciət qəbul olunur.

5.4. Bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş müraciət formasının məzmunu bütün tələblərə cavab verirsə vətəndaşın (və ya vergi ödəyicisinin) canlı videobağlantıya qoşulduğu ərazi üzrə vergi orqanının aidiyyəti struktur vahidi tərəfindən vətəndaş qəbulunun qeydiyyat vərəqəsi tərtib olunmaqla Aparata göndərilir və vətəndaşa onu qəbul edəcək nazirliyin vəzifəli şəxsi ilə birbaşa video-əlaqə yaratmaq üçün tarix, saat və məkan haqqında Aparat tərəfindən məlumat verilir.

5.5. Nazirliyin aparatının aidiyyəti vəzifəli şəxsləri ilə birbaşa video-əlaqə yaratmaq məqsədilə vətəndaş müraciətində qeyd etdiyi ərazi üzrə yerli vergi orqanına və ya Vergi ödəyicilərinə xidmət mərkəzinə dəvət olunur.

5.6. Videoqəbul zamanı vətəndaş video bağlantının köməkliyi ilə nazirliyin aparatının aidiyyəti vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb real rejimdə onu maraqlandıran suallara cavab almaq imkanı əldə edir.

5.7. Videoqəbul prosesi avtomatik olaraq yazılır və yazının elektron formada saxlanılması təmin edilir.

5.8. Nazirliyin aidiyyəti vəzifəli şəxsləri tərəfindən onlayn konfranslar keçirilə bilər. Onlayn konfransda iştirak etmək məqsədilə müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması bu Qaydalara uyğun olaraq həyata keçirilir.

5.9. Videoqəbullar, o cümlədən onlayn konfranslar keçirilən zaman vətəndaşlar tərəfindən edilən müraciətlər elektron fayl şəklində elektron informasiya sistemində qeydiyyata alınır. Bu cür müraciətlər üçün tərtib edilmiş vətəndaş qəbulunun qeydiyyat vərəqəsi Aparata göndərilir və qanunvericiliyə uyğun baxılması üçün Aparat tərəfindən nazirliyin aparatının aidiyyəti struktur vahidinə və ya müstəqil vəzifəli şəxsə, habelə digər struktur bölməyə göndərilir.  

  

6. Vergi ödəyiciləri ilə fərdi görüşlərin keçirilməsi

 

6.1. Vergi ödəyiciləri ilə xidməti zərurətlə əlaqədar keçirilən fərdi görüşlər əsasən “Şəffaf qəbul otağı”nda, vergi ödəyicisinin razılığı olduqda audio-video çəkiliş aparılmaqla təşkil edilməlidir.

6.2. Görüşü keçirən struktur vahid tərəfindən onun keçirilməsinə dair yaranmış xidməti zərurət əsaslandırılmaqla struktur bölmənin rəhbərinə (nazirliyin aparatında struktur vahidinə nəzarət (kuratorluq) həvalə edilmiş aidiyyəti vəzifəli şəxsə) xidməti məruzə təqdim olunur. Struktur bölmənin rəhbəri (nazirliyin aparatında nəzarət (kuratorluq) həvalə edilmiş aidiyyəti vəzifəli şəxs) razılıq verdiyi təqdirdə görüşü keçirmək istəyən struktur vahid görüşün tarixi və vaxtı barədə görüşün keçirilməsinə ən azı 5 iş günü qalmış vergi ödəyicisinə məktub göndərir. Eyni zamanda vergi orqanının kargüzarlıq xidmətini həyata keçirən strukturuna bu barədə məlumat verir.

6.3. Görüş vergi ödəyicisini vergi orqanına dəvət etmiş struktur vahid tərəfindən təşkil olunur.

6.4. Görüşün keçirildiyi struktur bölmənin vergi ödəyicisini görüşə dəvət etmiş struktur vahidinin vəzifəli şəxsi tərəfindən görüşün audio-video çəkiliş aparılmaqla keçirilməsi ilə əlaqədar vergi ödəyicisinin razılığının olub-olmaması barədə və digər zəruri məlumatlar “Qəbul” menyusuna daxil edilir. Bundan sonra vətəndaş qəbulunun qeydiyyat vərəqəsi çap edilir, vergi ödəyicisi tərəfindən imzalanır və struktur bölmənin görüşü təşkil etmiş struktur vahidində ayrıca qovluqda saxlanılır.

  

7. Məsuliyyət

 

7.1. Bu qaydaların tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş intizam məsuliyyətinə səbəb olur.

 

 

Azərbaycan Respublikası vergilər nazirinin
07 fevral  2017-ci il tarixli 1717040100179600
nömrəli əmri ilə təsdiq edilmişdir

 

Vətəndaş qəbulunun qeydiyyat vərəqəsi

 

Vətəndaş qəbulunun qeydiyyat vərəqəsini                        tərtib etmiş əməkdaş

 

 

Tarix

 

Saat

 

Qəbul forması

 

 
 

Qəbul

 

Fərdi görüş

 

Müraciət edən şəxs barədə məlumat

 

FİN kod

 

VÖEN

   

Soyad, ad, ata adı

 

 

Qeydiyyat ünvanı

 

 

Faktiki ünvanı

 

 

Əlaqə vasitələri

 

 

Təmsil olunan şəxs barədə məlumat

 

FİN kod

 

VÖEN

 

 

Soyad, ad, ata adı

 

 

Qeydiyyatda olduğu ünvan

 

 

Faktiki yaşadığı ünvan

 

 

Əlaqə vasitələri

 

 

Qəbul etmiş şəxs:

 

Qəbul edəcək şəxs

 

 

Qeyd

 

 

 

Qəbulun (fərdi görüşün) audio-video çəkiliş aparılmaqla keçirilməsinə
razılıq verirəm                 etiraz edirəm               

İ
mza_________________

 
 
             

 

 

 

 

   

Vətəndaş qəbulunun qeydiyyat vərəqəsinin əlavəsi

 

Müraciət barədə məlumat

 

Müraciətin mövzusu

 

 

Müraciətin məzmunu

 

 
 
 
 
 

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.