Cari ilin 27-29 sentyabr tarixlərində Belçika Krallığının Brüssel şəhərində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 15-ci iclası və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqların növbəti raundu keçirilmişdir. Sözügedən tədbirlərdə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fərid Hacıyev iştirak etmişdir.
Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 15-ci iclasında ötən iclasdan keçən dövr ərzində aidiyyəti sahələr üzrə həyata keçirilmiş islahatlar, əldə edilmiş nailiyyətlər və qarşıda duran problemlər barədə müzakirələr təşkil edilmişdir.
İclasda gömrük və vergitutma məsələlərinin müzakirəsi zamanı Vergilər Nazirliyinin nümayəndəsi tərəfindən Azərbaycanda vergitutma sahəsində aparılan islahatlar, vergi qanunvericiliyi və inzibatçılığında aparılan dəyişikliklər və vergitutma sahəsində Avropa İttifaqı ilə həyata keçirilən əməkdaşlıq məsələləri barədə geniş məlumat verilmişdir.
28 və 29 sentyabr tarixlərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Strateji Tərəfdaşlıq Sazişi layihəsinin ticarət bloku üzrə danışıqların növbəti raundu keçirilmişdir. Danışıqların formatına əsasən dövlət qurumları qruplara bölünmüş və Saziş layihəsinin fəsilləri üzrə müzakirələrdə iştirak etmişdir.
Vergilər Nazirliyinin nümayəndəsi Saziş layihəsinin əmtəə ticarəti, şəffaflıq, əqli mülkiyyət hüquqları, rəqabət, gömrük məsələlərində qarşılıqlı inzibati yardım və coğrafi göstəricilər fəsilləri üzrə danışıqlarda iştirak etmiş və Vergilər Nazirliyinin aidiyyəti bəndlər üzrə mövqeyinin Sazişdə öz əksini tapmasına dair təkliflər vermiş və qarşı tərəfin şərhlərinə münasibət bildirmişdir.
Tədbirin sonunda danışıqların növbəti raundunun ilin sonunadək Bakı şəhərində keçirilməsinə dair qərar qəbul edilmişdir.