Cari ilin 15-16 mart tarixlərində Tbilisi şəhərində Gürcüstan Gəlirlər Xidmətinin təşkilatçılığı ilə İOTA Baş Əlaqələndirici Şəxslərinin 24-cü Forumu keçirilmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyini tədbirdə Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Fərid Hacıyev təmsil etmişdir.
Forum zamanı Baş əlaqələndirici şəxslər və İOTA-nın Katibliyi ötən ilin yekunları və növbəti ildə İOTA qarşısında duran məsələləri müzakirə etmişlər.
Foruma dəvət olunmuş beynəlxalq təşkilatlar və iştirakçılar arasında olan Avropa Komissiyasının Vergi və Gömrük İttifaqının nümayəndəsi Netti Bussink təmsil etdiyi qurumla İOTA arasında vergi fırıldaqçılığı və vergidənyayınma ilə mübarizə, vergi inzibatçılığı sahəsində imkanların artırılması istiqamətində gələcək əməkdaşlıq perspektivləri barədə məlumat vermişdir.
Tədbir çərçivəsində, həmçinin İOTA-nın 2018-2022-ci illər üzrə yeni strategiyasının hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlıq, İOTA-nın Kommunikasiya strategiyası və 2018-ci il üzrə fəaliyyət proqramı müzakirə edilmişdir.
Tədbir zamanı Katiblik tərəfindən İOTA-nın internet səhifəsində tətbiq edilən yeni funksiyalar, İOTA-nın internet səhifəsinin mobil versiyasının hazırlanması istiqamətində görülən işlər və İOTA-nın 2017-ci ilin 29-30 iyun tarixlərində Kiyev şəhərində keçiriləcək növbəti 21-ci Baş Assambleyasına hazırlıq işləri barədə məlumat verilmişdir.