Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə
•  Beynəlxalq sazişlər
•  Beynəlxalq əlaqələr
•  Beynəlxalq təcrübələr və innovasiyalar
•  Xarici ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən alınan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması
•  PL/TMM
•  Maliyyə institutlarında vergi monitorinqi (FATCA)
•  Elektron ünvanlar
•  Xəbərlər arxivi

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası
Transfer qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazası yaradılır

23.11.2016

 

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası əsasında Vergilər Nazirliyi tərəfindən hazırlanmış «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün «Strateji Plan»da transfer qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının və inzibati nəzarət mexanizmlərinin yaradılması» nəzərdə tutulmuşdur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən Avropa İttifaqının texniki yardımı ilə Avropa Komissiyasının Tvinninq yardım aləti çərçivəsində layihənin həyata keçiril­məsi təklif edilmiş və təklif Avropa Komissiyası tərəfindən müsbət qarşılanmışdır. Tvinninq layihəsinin icrasına başlamaq məqsədilə yerli mütəxəssislərlə birgə «layihə fişi»nin hazırlanması üçün Avstriya Maliyyə Nazirliyinin İri vergi ödəyiciləri idarəsinin transfer qiymətləri və beynəlxalq vergitutma məsələləri üzrə auditoru Horst Rinnhofer ölkəmizdə səfər etmişdir. H.Rinnhoferin «Vergilər» qəzetinə müsahibəsini təqdim edirik.

- Cənab Rinnhofer, layihənin uğurlu olması üçün, əsasən, hansı aspektlərə diqqət yetiriləcəkdir?

- Biz «Tvinninq fişi»ndə layihənin uğurlu olması üçün həm qanunvericilik, həm də inzibatçılıq sahələrinin əhatə olunacağını qeyd etmişik. Növbəti vacib məqamlardan biri Avropa İttifaqının üzvü olan dövlətlərin təcrübəsində transfer qiymətləri ilə bağlı ən yaxşı təcrübələrdən istifadə edilməsidir. Eyni vaxtda bu sahədə çalışan peşəkar işçilərin yetişdirilməsi vacibdir. Tvinninq layihəsi çərçivəsində işçi qrupun yaradılması və həmin qrup üzvlərinin müxtəlif bilik və bacarıqlara yiyələnməsi üçün kursların təşkil edilməsi nəzərdə tutulub. Bilik və bacarıqlara yiyələnən şəxslərlə yerlərdə birbaşa bu sahənin auditini, təftişini aparanların yaxın əlaqədə çalışması vacibdir ki, onlar əldə olunan müxtəlif bilikləri mübadilə edə bilsinlər. Tvinninq elə bir prosesdir ki, burada hər iki tərəf dəyişikliyə hazır olmalıdır. Tərəfdaş ölkə seçiləcək və yeni nəticələr əldə olunacaqdır. Buna açıq olmaq və müxtəlif təcrübələrdən bəhrələnmək lazımdır.

- Transfer qiymətlərinin təhlili və müəyyənləşdirilməsi sahəsində əsas hansı məqamlar nəzərə alınmalıdır?

- İlk növbədə, icra olunmuş funksiyaların yaratdığı dəyər əsas götürülməlidir. Hansı funksiyaların daha çox dəyər yaratması və hansı aktivlərin bu dəyərlərin yaradılmasına cəlb olunması araşdırılır. Bu mövzularda, adətən, nəzərə alınan iki məqam var. Birincisi, dəyər yaratma məfhumu, digəri isə risklərin təhlilidir. Əlbəttə, transfer qiymətlərinə nəzarət məsələlərində nəzərə alınan vacib məqam müqavilə şərtlərinə hansı dərəcədə riayət olunub-olunmamasıdır. Müqavilədə nəzərdə tutulmuş həmin əqdlərin əməliyyatları idarə edən tərəflərə münasibətdə tənzimlənməsi ən vacib amil hesab olunur.

Fikrimcə, məsələyə standart metoddan çox, mənfəətin bölüşdürülməsi nöqteyi-nəzərindən yanaşmağımız daha düzgün olacaqdır. Mənfəətin bölüşdürülməsi amilindən vergilərin müəyyən olunmasında yaranmış dəyər vacib sayılmalıdır. Ümumilikdə, transfer qiymətlərinin təhlilinin müəyyənləşdirilməsi sahəsində ən əhəmiyyət kəsb edən məsələ qarşılıqlı asılı tərəflər arasında dəyər yaradılmasıdır. İki tərəf hansısa ticarət əlaqələrində olursa, həmin tərəflərin dəyər qatması mövzusu transferin əmələ gəlməsində ən vacib amildir.

- Dünyada mövcud olan transfer qiymət sistemlərinin əksəriyyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) standartlarına və qaydalarına əsaslansa da, bu prinsiplərdən kənarlaşmalar da mövcuddur. Avstriya bu sahədə hansı ölkələrin vergi orqanları ilə əməkdaşlıq edir? Bu istiqamətdə vergi məlumatlarının mübadiləsinə imkan verən hansı beynəlxalq müqavilələr imzalanıb?

- Avstriya  OECD-yə üzv ölkə olmaqla yanaşı, Avropa Şurasının da üzvüdür. Buna görə də bizdə bu təşkilatların tələb etdiyi minimumlar səviyyəsində «transfer pricing» - transfer qiymətləndirmə  qaydaları  tətbiq edilir. Bizim xüsusi olaraq hansısa əlavə vergilərimiz, bu istiqamətdə əlavə cəlb etdiyimiz məqamlar yoxdur. Digər üzv ölkələrdə olduğu kimi, biz də vergi inzibatçılığını qanunamüvafiq qaydada həyata keçiririk.

Biz həm də IOTA ilə əməkdaşlıq edir, bəzən birlikdə təcrübə mübadiləsi aparırıq. OECD-nin Birləşmiş Vergi Administrasiyaları Təşkilatına (JİTSİC) da üzv olduğumuzdan, bu platformada da digər ölkələrlə iş birliyi qura bilirik. JİTSİC vergidən yayınma sahəsində mübarizə üzrə dünyanın 36 ölkəsini birləşdirən təşkilatdır və Avstriya bu şəbəkəyə daxil olaraq həmin ölkələrlə əməkdaşlıq edir. 

- Tvinninq «layihə fişi»nin hazırlanması məqsədilə yerli mütəxəssislərlə birgə işçi seminarlar keçirəcəksiniz. Sizcə, nəzərdə tutulan tvinninq layihəsi çərçivəsində gözləntilərimiz nə olmalıdır, Azərbaycanın vergi sistemi bundan nə qazana biləcək?

- Əvvəla, müəyyən qrup vergi əməkdaşı vergi auditinin beynəlxalq standartlara uyğun aparılmasını, auditdə transfer qiymət əmələgəlməsinə nəzarət edilməsini öyrənəcək. Beynəlxalq vergitutma məsələlərində şəffaflığa, qanunamüvafiqliyə nail olunmasına zəmin yaranacaq. Bu isə ölkəyə xarici investisiyaların cəlb olunması baxımından əlverişlidir: beynəlxalq vergitutma üzrə şəffaf, düzgün, dürüst sistemi gördükdə, xarici investorun ölkənizə marağı artacaqdır.

- Azərbaycana neçənci gəlişinizdir?

- Ölkənizdə ilk dəfə oluram. Çox gözəl, müasir, qonaqlara açıq bir şəhəriniz var. Burada olduğumdan məmnunam. Mən insanların dinindən, irqindən asılı olmayaraq, təhsilin, dayanmadan öyrənmənin inkişafa gedən yol olduğuna inanıram. Hamıya da bu yolla irəliləməyi arzu edirəm...

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.