Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!


Axtar
az|рус|eng
Apellyasiya

Azərbaycan Respublikası vergilər nazirinin
01.03.2016-cı il tarixli 1617040100351000
nömrəli əmri ilə təsdiq edilmişdir

(Vergilər nazirinin  29.11.2016-cı il tarixli, 1617040101849100
nömrəli əmri ilə edilmiş dəyişikliklərlə)

 

Vergilər Nazirliyinin Apellyasiya Şurası

haqqında Əsasnamə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurası (bundan sonra - Apellyasiya Şurası) bu Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

1.2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”ni, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) Kollegiya qərarlarını, vergilər nazirinin qərarlarını, əmrlərini, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Vergilər Nazirliyinin struktur vahidi və bölmələri, digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı surətdə fəaliyyət göstərir.

1.4. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə Vergilər Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi yazılı müraciət başa düşülür.

1.5. Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq, qərəzsizlik prinsipləri əsasında qurur.

 

 

 

2. Apellyasiya Şurasında baxılan işlərin

predmetinə görə bölgüsü

 

2.1. Apellyasiya Şurasında baxılan işlərin predmetinə görə bölgüsü aşağıdakı kimidir:

2.1.1. Vergi orqanlarının qəbul etdiyi inzibati aktlar ilə bağlı vergi ödəyiciləri tərəfindən verilmiş ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlar tərəfindən qəbul edilmiş inzibati qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlər;

2.1.2. Vergilər Nazirliyi tərəfindən verilmiş yazılı göstərişlərin (vergilər naziri və Vergilər Nazirliyinin Kollegiyası tərəfindən verilmiş göstərişlər istisna olmaqla) mübahisələndirilməsi ilə bağlı yerli vergi orqanlarının əsaslandırılmış yazılı müraciətləri;

2.1.3. Cinayət təqibini həyata keçirən Vergilər Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən cinayət işinin başlanmasının qismən və ya tam rədd edilməsi, yaxud cinayət işi üzrə icraata qismən və ya tam xitam verilməsi barədə qərardan narazılıqla bağlı səyyar vergi yoxlaması materiallarına münasibətdə Vergilər Nazirliyinin aparatının auditin təşkilinə nəzarət edən struktur vahidinin, kameral vergi yoxlaması ilə hesablanmış vergilərə görə yaranmış borclara dair materiallara münasibətdə isə Vergilər Nazirliyinin aparatının kameral vergi yoxlaması işinin təşkilinə nəzarət edən struktur vahidinin əsaslandırılmış yazılı müraciətləri;

2.1.4 Vergilər nazirinin müavinləri və Vergilər Nazirliyinin struktur bölmələrinin rəhbərləri tərəfindən verilən intizam tənbehinin tətbiq edilməsi barədə əmrlərdən verilmiş şikayətlər;

2.1.5. Vergilər naziri və nazirin birinci müavini tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə çıxarılmış əmrlərdən verilmiş və vergilər nazirinin şifahi və ya yazılı tapşırığı ilə Apellyasiya Şurasına daxil olan şikayətlər;

2.1.6. Vergilər nazirinin Apellyasiya Şurasında baxılmasını məqsədəmüvafiq hesab etdiyi istənilən məsələlər.

2.2. Bu Əsasnamənin 2.1-ci bəndinə əsasən Apellyasiya Şurasında baxılan işlər bundan sonra “müraciətlər” adlandırılacaq.

2.3. Bu Əsasnamənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına müraciətlər edildikdə, həmin müraciətlər ətraflı şəkildə əsaslandırılmalı və ona bütün zəruri sənədlər (materiallar) əlavə edilməlidir.

 

 

3. Apellyasiya Şurasının vəzifələri

 

3.0.  Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:

3.0.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək;

3.0.2. Vergilər naziri və nazirin birinci müavini tərəfindən intizam tənbehinin tətbiq edilməsi barədə çıxarılmış əmrlərdən verilmiş və vergilər nazirinin və nazirin birinci müavininin şifahi və ya yazılı tapşırığı ilə Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə əsaslandırılmış şəkildə rəy vermək;

3.0.3. Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;

3.0.4. Apellyasiya Şurasında baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, icmallaşdırmaq və nəticəsi barədə vergilər nazirinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;

3.0.5. Fəaliyyəti zamanı öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.0.6. Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən məlumatların qorunması üçün zəruri tədbirlər görmək;

3.0.7. Apellyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;

3.0.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

  

4. Apellyasiya Şurasının hüquqları

 

4.0. Apellyasiya Şurası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yerli özünüidarəetmə orqanlarına və qeyri-hökumət təşkilatlarına, habelə hüquqi və fiziki şəxslərə sorğular göndərmək (müraciətlər etmək), onlardan zəruri sənədləri və məlumatları almaq;

4.0.2. Şikayətlə müraciət etmiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), barəsində intizam tənbehi tətbiq edilmiş şəxsləri, aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərini, habelə digər əlaqəli şəxsləri Apellyasiya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;

4.0.3. Apellyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərinə yazılı göstərişlər vermək;

4.0.4. Apellyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların və Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən verilmiş göstərişlərin tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi barədə məlumat almaq;

4.0.5. Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;

4.0.6. Apellyasiya Şurasının fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr aparmaq, müraciətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;

4.0.7. Apellyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;

4.0.8. Apellyasiya Şurasının fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;

4.0.9. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Apellyasiya Şurasının fəaliyyətinin təşkili

 

5.1. Apellyasiya Şurasının tərkibi (sədr və digər altı üzvü) vergilər naziri tərəfindən müəyyən edilir. Apellyasiya Şurasının sədri vergilər nazirinin müavinlərindən biri olmalıdır.

5.2. Apellyasiya Şurasının sədri:

5.2.1. Apellyasiya Şurasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.2.2. Apellyasiya Şurasının iclaslarının protokollarını, Apellyasiya Şurasının adından çıxarılan qərarları və Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

5.2.3. Apellyasiya Şurasının digər üzvlərinin, habelə Apellyasiya Şurasının Katibliyinin rəhbərinin və tərkibinin təsdiq edilməsi ilə bağlı vergilər nazirinə təqdimatlar (təkliflər) verir;

5.2.4. Apellyasiya Şurasının iclaslarının gündəliyini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;

5.2.5. Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;

5.2.6. Apellyasiya Şurasını təmsil edir.

5.3. Apellyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:

5.3.1. Apellyasiya Şurasının iclaslarında və fəaliyyətində iştirak etmək;

5.3.2. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;

5.3.3. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;

5.3.4. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;

5.3.5. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar Apellyasiya Şurasının adından qərarların (rəylərin) qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

5.3.6. Apellyasiya Şurasının iclaslarının protokollarını imzalamaq; 

5.3.7. Apellyasiya Şurasının iclaslarında səs çoxluğu ilə qəbul edilmiş qərarlardan (rəylərdən) razı olmadıqda, həmin məsələlərin Vergilər Nazirliyinin Kollegiya iclasında müzakirə edilməsi üçün yazılı şəkildə əsaslandırılmış rəylə vergilər nazirinə müraciət etmək;

5.3.8. Apellyasiya Şurasının iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;

5.3.9. Apellyasiya Şurasının səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

5.3.10. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

5.4. Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) yaradılır. Katibliyin rəhbəri və tərkibi Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında vergilər naziri tərəfindən təsdiq olunur.

5.5. Apellyasiya Şurasının hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

5.6. Katiblik:

5.6.1. Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar təşkilati tədbirləri həyata keçirir;

5.6.2. Bu Əsasnamənin 2.1.1-ci bəndinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətləri qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə uyğun olduğu halda iş üzrə bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.3. Bu Əsasnamənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlərə bütün zəruri sənədlər (materiallar) əlavə edilmədikdə, həmin sənədlərin (materialların) 1 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.4. Bu Əsasnamənin 2.1.4-cü, 2.1.5-ci və 2.1.6-cı bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlərlə bağlı bütün zəruri sənədlərin (materialların) 2 iş günündən gec olmayaraq Katibliyə təqdim edilməsi üçün Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələrinə müraciət edir;

5.6.5. Bu Əsasnamənin 2.3-cü, 5.6.2-ci, 5.6.3-cü və 5.6.4-cü bəndlərinə əsasən Vergilər Nazirliyinin aidiyyəti struktur vahidi və bölmələri tərəfindən təqdim edilmiş sənədlərin (materialların) tamlığını və zəruriliyini yoxladıqdan sonra toplanmış sənədləri (materialları) rəsmi şəkildə rəy verilməsi üçün Apellyasiya Şurasının sədrindən başqa digər üzvlərinə göndərir;

5.6.6. Bu Əsasnamənin 5.7-ci bəndinə əsasən rəsmi şəkildə təqdim edilmiş rəyləri ümumiləşdirir və Apellyasiya Şurasının sədri ilə razılaşdırmaqla Apellyasiya Şurasının iclaslarını təşkil edir;

5.6.7. Apellyasiya Şurasının iclaslarının keçirilməsinin vaxtı barədə Apellyasiya Şurasının üzvlərinə, müraciət etmiş şəxslərə, aidiyyəti vergi orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 2.1.1-2.1.2-ci və 2.1.4-2.1.6-cı bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə iclasa ən azı 3 iş günü qalmış, bu Əsasnamənin 2.1.3-cü bəndinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə isə iclasa ən azı 1 iş günü qalmış yazılı məlumat verir.

5.6.8. Apellyasiya Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanması üçün Apellyasiya Şurasının üzvlərinə təqdim edir;

5.6.9. Apellyasiya Şurasının qərarlarının (rəylərinin, yazılı şəkildə verdiyi cavabların) layihəsini hazırlayır, baxılması və imzalanması üçün Apellyasiya Şurasının sədrinə təqdim edir;

5.6.10. Apellyasiya Şurasının qəbul etdiyi qərarların (rəylərin, yazılı şəkildə verdiyi cavabların) aidiyyəti üzrə göndərilməsini təmin edir;

5.6.11. Apellyasiya Şurasında baxılan müraciətlərin uçotunu aparır, onları təhlil edir, icmallaşdırır və nəticəsi barədə Apellyasiya Şurasının sədrinə rüblük, yarımillik və illik arayışlar (hesabatlar) təqdim edir;

5.6.12. Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatı kütləvi informasiya vasitələri və Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə yayır;

5.6.13. Apellyasiya Şurasının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini və informasiyanın daim yenilənməsini təmin edir;

5.6.14. Apellyasiya Şurasının sədrinin göstərişlərini icra edir;

5.6.15. Apellyasiya Şurasının protokollarının və digər sənədlərin əsllərini saxlayır;

5.6.16. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

5.7. Bu Əsasnamənin 5.6.5-cı bəndinə əsasən rəylər bu Əsasnamənin 2.1.1-2.1.2-ci         və 2.1.4-2.1.6-cı bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə 2 iş günündən gec olmayaraq, bu Əsasnamənin 2.1.3-cü bəndinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlər üzrə isə 1 iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilmiş rəylər əsaslandırılmalı, həmin rəylərdə hər hansı bir məsələyə münasibət aydın və birmənalı şəkildə ifadə olunmalıdır.

5.8. Bu Əsasnamənin 2.1.3-2.1.5-ci bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasına daxil olan müraciətlərə baxılması ilə bağlı bu Əsasnamədə nəzərdə tutulmayan digər məsələlər vergilər naziri tərəfindən müəyyən edilmiş xüsusi qaydalarla tənzimlənir. 

 

6. Apellyasiya Şurasında baxılan şikayətlərə dair tələblər

 

6.1. Şikayətlər yazılı formada tərtib edilir. Şikayətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulan məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir:

6.1.1. Şikayətlə müraciət edən şəxs fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, ünvanı, VÖEN-i, hüquq şəxs olduqda isə onun adı, hüquqi ünvanı, VÖEN-i;

6.1.2. Şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

6.1.3. Şikayətin predmeti üzrə bundan əvvəl Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinə müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (müvafiq vergi orqanının qəbul etdiyi inzibati aktın adı, tarixi, nömrəsi, qısa məzmunu);

6.1.4. Şikayətlə müraciət edən şəxsin tələbi və tələbin əsasları, gətirilən dəlillər;

6.1.5. Şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

6.2. Şikayətlər şikayətlə müraciət edən şəxs fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənəd şikayətə əlavə edilməklə) imzalanır.

6.3. Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətlərə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətlərə müvafiq olaraq nümayəndəlik, filial və idarələrin möhürü vurulur.

6.4. Şikayətlərin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada təsdiq olunmuş surətləri şikayətlərə əlavə edilir.

6.5. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) proqram təminatında elektron kargüzarlıqdan istifadə etməklə göndərilən və ya vergilər nazirinin elektron poçtuna daxil olmuş şikayətlər müvafiq qaydada rəsmiləşdirilməlidir.

6.6. Vergilər Nazirliyinin aparatının struktur vahidlərində baxılmadan vergi ödəyiciləri tərəfindən birbaşa Apellyasiya Şurasına daxil olmuş şikayətlər (şikayət hesab edilməyən şikayətlər), habelə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması, Vergilər Nazirliyinin aparatının aidiyyəti struktur vahidinə göndərilir.

6.7. Məhkəmənin, vergilər nazirinin və ya Apellyasiya Şurasının eyni predmet üzrə qəbul edilmiş qərarlarından (verilmiş yazılı cavablarından) Apellyasiya Şurasına müraciət edildikdə, həmin müraciət baxılmamış saxlanılır.

6.8. Şəxs eyni qərardan (eyni predmet üzrə) Apellyasiya Şurasına şikayət etməklə yanaşı məhkəməyə də şikayət etdikdə (iddia ərizəsi təqdim etdikdə), şikayətə məhkəmə qaydasında baxılır və həmin şikayət üzrə başlanılmış icraata xitam verilir.

6.9. Apellyasiya Şurasında baxılması üçün eyni predmet üzrə (Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidi tərəfindən qəbul edilmiş eyni inzibati qərardan) bir neçə şəxs tərəfindən bir neçə şikayət daxil olarsa, yaxud eyni predmet üzrə (Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidi tərəfindən qəbul edilmiş eyni inzibati qərardan) eyni şəxs tərəfindən bir neçə şikayət daxil olarsa, Apellyasiya Şurasının sədrinin razılığı ilə şikayətlər bir icaatda birləşdirilə və bir məsələ kimi Apellyasiya Şurasının gündəliyinə daxil edilə bilər.

6.10. Apellyasiya Şurasında baxılması üçün Vergilər Nazirliyinin aparatının müvafiq struktur vahidinin (vahidlərinin) bir-birilə əlaqəsi olmayan bir neçə inzibati qərarından şikayət daxil olarsa, şikayət Apellyasiya Şurasının sədrinin razılığı ilə ayrıla və ayrı-ayrı məsələlər kimi Apellyasiya Şurasının gündəliyinə daxil edilə bilər.

6.11. Bu Əsasnamənin 2.1.1-2.1.4-cü bəndlərinə müvafiq olaraq Apellyasiya Şurasında baxılmış (və ya mahiyyəti üzrə baxılmamış) hər bir müraciət üzrə müraciəti etmiş şəxsə (şəxslərə) araşdırmanın nəticəsinə dair əsaslandırılmış qərar (və ya yazılı cavab) göndərilir.

  

7. Apellyasiya Şurasının iclaslarının keçirilməsi qaydası

 

7.1. Apellyasiya Şurasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

7.2. Apellyasiya Şurasının iclasları ayda iki dəfədən az olmayaraq, zərurət yarandığı hallarda isə Apellyasiya Şurasının sədrinin razılığı ilə və ya vergilər nazirinin göstərişi ilə istənilən vaxt keçirilir.

7.3. Apellyasiya Şurasının hər bir iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən asılı olaraq Apellyasiya Şurasının sədri tərəfindən müəyyənləşdirilir.

7.4. Apellyasiya Şurasının iclaslarında Apellyasiya Şurasına müraciət etmiş şəxslər (onların səlahiyyətli nümayəndələri), aidiyyəti vergi orqanlarının vəzifəli şəxsləri, ekspert, mütəxəssis, tərcüməçi və digər əlaqəli şəxslər iştirak edə bilərlər.

7.5. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş müraciətlərlə bağlı bütün dəlillər Apellyasiya Şurasının üzvləri tərəfindən müzakirə edilir və hər bir məsələyə ayrıca münasibət bildirilir.

7.6. Apellyasiya Şurasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Apellyasiya Şurasının sədri həlledici səsə malikdir.

7.7. Apellyasiya Şurasının gündəliyinə daxil edilmiş müraciətlərlə bağlı Apellyasiya Şurasının sədri, Apellyasiya Şurasının Katibliyinin rəhbəri və ya Apellyasiya Şurasının digər üzvlərindən biri məruzə edir.

7.8. Apellyasiya Şurasının iclaslarında şikayətlə müraciət etmiş şəxslərin səlahiyyətli nümayəndələri iştirak etdikdə, nümayəndənin səlahiyyətini təsdiq edən sənədin əsli (və ya müvafiq qaydada təsdiq olunmuş surəti) Katibliyə təqdim edilməlidir.

7.9. Apellyasiya Şurasının iclaslarına dəvət olunan şəxslər təkliflər vermək və müvafiq məsələlərə münasibət bildirmək hüququna malikdirlər.

7.10. Apellyasiya Şurasında baxılan şikayətlər barədə qəbul edilmiş qərarlar barədə məlumat Katiblik tərəfindən kütləvi informasiya vasitələri və ya Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə yayılır.

7.11. Apellyasiya Şurasının iclaslarının və gündəliyinə daxil edilmiş şikayətlərin müzakirəsinin video çəkilişi həyata keçirilir və ən az bir il müddətində saxlanılır.

7.12. Apellyasiya Şurasının sədri üzrlü səbəblərlə əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və s.) Apellyasiya Şurasının iclaslarında uzun müddət iştirak edə bilmədikdə, Apellyasiya Şurasının sədrinin səlahiyyətləri vergilər naziri tərəfindən müavinlərindən birinə həvalə edilir.

  

8. Apellyasiya Şurasının iclas protokollarına və

qəbul etdiyi qərarlara dair tələblər

 

8.1. Apellyasiya Şurasının iclaslarının nəticəsi Apellyasiya Şurasının üzvləri və Katibliyin rəhbəri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

8.1.1. Apellyasiya Şurasının iclas protokolunda aşağıdakılar göstərilməlidir:

8.1.1.1. İclasın keçirildiyi tarix və yer;

8.1.1.2. İclasda iştirak edən Apellyasiya Şurasının üzvlərinin, Katibliyin rəhbəri və tərkibinin, dəvət edilmiş digər şəxslərin və (və ya) onların səlahiyyətli nümayəndələrinin adları, soyadları və atalarının adları;

8.1.1.3. Müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş müraciətin predmeti, qısa məzmunu və əsasları;

8.1.1.4. Müzakirə edilməsi üçün gündəliyə daxil edilmiş müraciətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;

8.1.1.5. Apellyasiya Şurasının iclasında iştirak edən şəxslərin çıxışları;

8.1.1.6. Apellyasiya Şurasının daxil olmuş müraciətlə bağlı topladığı sübutlar, gəldiyi nəticələr, aidiyyəti hüquqi aktlara istinad;

8.1.1.7. Apellyasiya Şurasının üzvləri tərəfindən səs çoxluğuna əsasən qəbul edilmiş qərar və ya rəy.

8.2. Bu Əsasnamənin 2.1.1–2.1.3-cü və 2.1.6-cı bəndlərinə uyğun olaraq Apellyasiya Şurası icraatına daxil olan müraciətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

8.2.1. müraciət təmin edilir;

8.2.2. müraciət qismən təmin edilir;

8.2.3. müraciət təmin edilmir;

8.2.4. müraciətin mahiyyəti üzrə yeni qərar qəbul edilir.

8.3. Qərar əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apellyasiya Şurasının sədri tərəfindən imzalanmış qərar giriş, təsviri, əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

8.3.1. Giriş hissəsində Apellyasiya Şurasının qərarının qəbul edildiyi tarix və yer, qərarı imzalayan Apellyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, müraciətin predmeti və irəli sürülən tələblər;

8.3.2. Təsviri hissəsində bu Əsasnamənin 2.1.1-2.1.3-cü bəndlərinə müvafiq olaraq daxil olmuş müraciəti edən şəxsin gətirdiyi əsas, müraciətin predmeti üzrə daha əvvəl qəbul edilmiş qərarlar və həmin qərarların qısa məzmunu, əsasları, yaxud bu Əsasnamənin 2.1.6-cı bəndinə müvafiq olaraq daxil olmuş müraciət barədə məlumatlar, habelə işdə iştirak edən şəxslərin izahatları;

8.3.3. Əsaslandırıcı hissəsində Apellyasiya Şurasının əldə etdiyi sübutlar və topladığı sənədlər barədə məlumatlar, aidiyyəti hüquqi aktlara istinadlar;

8.3.4. Nəticə hissəsində Apellyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası.

8.4. Bu Əsasnamənin 2.1.4-cü bəndinə uyğun olaraq Apellyasiya Şurası icraatına daxil olan müraciətlər üzrə aparılan araşdırmanın nəticəsi olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

8.4.1. intizam tənbehi tədbiri ləğv edilir;

8.4.2. intizam tənbehi tədbiri daha yüngül və ya ağır intizam tənbehi ilə əvəz olunur;

8.4.3. intizam tənbehi tədbiri dəyişdirilmədən qüvvədə saxlanılır.

8.5. Qərar (Rəy) əsaslandırılmış şəkildə tərtib olunmalı və işin bütün hallarını özündə əks etdirməlidir. Apellyasiya Şurasının sədri tərəfindən imzalanmış qərar (rəy) giriş, təsviri-əsaslandırıcı və nəticə hissəsindən ibarət olur və həmin hissələrdə aşağıdakı məlumatlar qeyd edilir:

8.5.1. Giriş hissəsində Apellyasiya Şurasının qərarının (rəyinin) verildiyi tarix və yer, qərarı (rəyi) imzalayan Apellyasiya Şurasının sədrinin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, şikayətin predmeti və şikayət etmiş şəxs tərəfindən xahiş olunan məsələlər;

8.5.2. Təsviri-əsaslandırıcı hissəsində bu Əsasnamənin 2.1.4-2.1.5-ci bəndlərinə müvafiq olaraq şikayət edən şəxsin gətirdiyi əsas, əməkdaşın əməli ilə tələbi pozulmuş əmək və ya icra intizamı ilə bağlı hüquqi aktların müvafiq maddələrinə istinad, əməkdaşın xətanın törədilməsində təqsirliliyi, özünümüdafiə üçün gətirdiyi dəlillər, həmin dəlillərin əsaslı olub-olmaması hallarının araşdırılaraq qiymətləndirilməsi barədə məlumat, araşdırma zamanı Apellyasiya Şurası tərəfindən alınan izahatlar və əldə olunan digər maddi sübutlar, əməkdaşın qüvvədə olan intizam tənbehinin olub-olmaması, seçilən tənbeh tədbiri növünün zəruriliyi, intizam tənbehi verən şəxsin səlahiyyətinin olub-olmaması;

8.5.3. Qərarın nəticə hissəsində Apellyasiya Şurasının qəbul etdiyi qərar, qərarın icrasına dair göstəriş və qərardan şikayətin verilməsi qaydası, rəyin nəticə hissəsində Apellyasiya Şurasının əməkdaş barəsində tətbiq olunan intizam tənbehinin qüvvədə saxlanılması, ləğv edilməsi, daha yüngül və ya ağır intizam tənbehi ilə əvəz olunması barədə təklifləri öz əksini tapır.

8.6. Apellyasiya Şurasının sədri tərəfindən qəbul edilmiş qərarların (rəylərin, verilmiş yazılı cavabların) aidiyyəti üzrə göndərilməsini Katiblik təşkil edir.

8.7. Apellyasiya Şurasının icraatına daxil olan şikayət digər orqanın səlahiyyətlərinə aid olduğu halda, Apellyasiya Şurası şikayətin daxil olduğu vaxtdan ən geci 3 iş günü müddətində şikayəti və ona əlavə olunmuş sənədləri səlahiyyətli orqana göndərir və bu barədə şikayətçiyə yazılı şəkildə əsaslandırılmış məlumat verir.

* * *








Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.