Vergilər nazirinin müavini, III dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımovun Türk Sənayeçi və İş Adamları Birliyinin təşkil etdiyi 2004-cü ildə ən çox vergi ödəyən şirkətlərin mükafatlandırılması mərasimində çıxışı

 

Hörmətli tədbir iştirakçıları!

Sizi Türk Sənayeçi və İş Adamları Birliyinin təşkil etdiyi 2004-cü ildə ən çox vergi ödəyən şirkətlərin mükafatlandırılması mərasimində salamlamaqdan məmnunluq duyuram.

Ümummilli lider Heydər Əliyevin siyasi varisliyi üzərində qurulan və prezident İlham Əliyevin yürütdüyü yeni çalarlarla seçilən iqtisadi siyasət Azərbaycanda sosial-iqtisadi inkişafın, regional siyasətin gücləndirilməsi, sahibkarlığın dövlət himayəsinə götürülməsi, iş adamları üçün əlverişli investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının beynəlxalq standartlara uyğunlaşdırılması kimi mühüm istiqamətləri əhatə edir.

Bütün bunların əsasında, ilk növbədə, iqtisadi fəallığın artırılmasına yönəli tədbirlərin həyata keçirilməsi durur. Bu baxımdan, ölkənin vergi xidməti orqanları da adıçəkilən siyasətin həyata keçirilməsində mühüm rol oynamaqdadırlar.

Hamınıza məlumdur ki, son 6 il ərzində, ümummilli lider Heydər Əliyevin 2000-ci il fevralın 11-də imlaladığı fərmanla Vergilər Nazirliyinin yaradılmasından sonra Azərbaycanın vergi sistemində hərtərəfli və əsaslı islahatlar həyata keçirilir. Dahi öndərin birbaşa tapşırıqları və tövsiyyələri əsasında başlanan islahatlar bu gün də möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən dövr ərzində biz vahid vergi qanunvericiliyi bazasının yaradılmasına, vergi nəzarəti, vergi inzibatçılığı mexanizmlərinin xeyli təkmilləşdirilməsinə, vergi ödəyiciləri üçün yüksək səviyyədə xidmətin təşkilinə nail ola bilmişik.

 

Hörmətli tədbir iştirakçıları!

Məlum olduğu kimi, bu gün bizim başlıca məqsədimiz vergilərin yığılmasından, onların könüllü ödənilməsi prosesinə keçidi təmin etməkdir ki, artıq bu istiqamətdə də əhəmiyyətli dəyişikliklər nəzərə çarpır. Belə ki, ötən ilin gəlir və mənfəət vergisi bəyannamələrinin təqdim olunması kampaniyasının yekunlarına nəzər salsaq, respublika üzrə fiziki şəxslər arasında könüllü əməletmə səviyyəsi 93,2%, hüquqi şəxslər arasında isə 92,4% təşkil etmişdir. Bu, olduqca yüksək göstəricidir. Amma biz bununla kifayətlənmir və bu istiqamətdə daha yüksək göstəricilərin əldə olunmasına çalışırıq. Burada isə təbii ki, vergi orqanları ilə yanaşı, siz iş adamlarının da rolu böyük olmalıdır.

Qeyd etməliyəm ki, Vergilər Nazirliyi bunu nəzərə alaraq artıq müxtəlif ictimai qurumlarla tərəfdaşlıq münasibətlərinin qurulmasına nail olmuş və onlarla partnyorluq sazişləri imzalanmışdır. Bu sırada digər qurumlarla yanaşı biz TUSİAB və bu təşkilata daxil olan türk şirkətlərilə də əməkdaşlığa böyük önəm veririk. Çünki imzalanan tərəfdaşlıq sazişləri yaranan problemlərin araşdırılmasını və aradan qaldırılmasını sadələşdirməklə yanaşı, qarşılıqlı fikir mübadiləsini də asanlaşdırır.

Bununla yanaşı, xatırladım ki, işgüzar dairələrin nümayəndələri Vergi Məcəlləsinin hazırlanması prosesinə də yaxından cəlb olunmuşdular. Qanunvericilik sahəsində iş adamları ilə əməkdaşlıq bu gün də davam etdirilir və bu məqsədlə Vergilər Nazirliyində müvafiq işçi qrup yaradılıb.

Hörmətli tədbir iştirakçıları!

Qısaca olaraq ölkəmizdə fəaliyyət göstərən türk iş adamları haqda da məlumat vermək istərdim. Bu gün Azərbaycanda 655 türk kapitalı şirkət fəaliyyət göstərir ki, bunlardan da 75-i birgə müəssisələrdir. Onlar 2004-cü il ərzində dövlət büdcəsinə 65 mln. 805,6 min, 2005-ci ildə isə 94 mln. 123,3 min yeni manat vergi ödəyiblər. Göründüyü kimi, bu göstərici ilbəil artmaqdadır.

Bu baxımdan, biz gələcəkdə biznes dairələri, o cümlədən ətrafında türk iş adamlarını birləşdirən ictimai təşkilatlarla əməkdaşlığın daha da sıx qurulacağına əminik. Çünki vergi xidməti fəaliyyətini daha şəffaf prinsiplər üzərində qurmağa çalışır və bundan sonra da belə olacaq. Bizim son məqsədimiz iqtisadiyyatın bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliliyini artırmaq, dinamik inkişafını təmin etmək, kiçik və orta sahibkarlığın formalaşmasını, ümumən iqtisadi sistemdə işgüzarlığı, çevikliyi, təşəbbüskarlığı stimullaşdırmaqdır.

Bu yolda TÜSİAB-la əməkdaşlığın daha da genişlənəcəyinə və səmərəli olacağına əminəm. Sizi bir daha təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram!

Diqqətinizə görə təşəkkürümü bildirirəm

 


geriyə || yuxarı