Vergilər naziri, II dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədovun «Xalq» qəzetinə müsahibəsi (11.02..2006)
1. Fazil müəllim, ötən il vergi daxilolmaları üzrə proqnoz hansı səviyyədə yerinə yetirilib? Daxilolmaların strukturunda hansı dəyişikliklər baş verib?
- 2005-ci il Azərbaycanın vergi xidmətində islahatların daha bir mərhələsi kimi xarakterizə edilə bilər.
Təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi islahatlar, ölkədə sosial-iqtisadi inkişafın dinamikliyi nəticəsində iş adamları üçün əlverişli vergi mühitinin formalaşdırılması prosesi, bazar iqtisadiyyatına uyğun çevik vergi siyasəti 2005-ci ildə də həyata keçirilmiş və aparılmış dəyişikliklər daxilolmaların ahəngdarlığına nail olunmasına imkan yaratmışdır.
Qeyd etməliyəm ki, ötən il vergi orqanları öz fiskal vəzifəsinin öhdəsindən uğurla gəlmişdir. Yəni, 1 mlrd. 420,4 mln. AZN proqnoza qarşı dövlət büdcəsinə 1 mlrd. 427,5 mln. AZN vəsaitin ödənilməsi təmin edilmişdir. Proqnoza 100,5 faiz əməl edilməsi ilə yanaşı, 9 tədiyyə növü üzrə vergi daxilolmaları tam həcmdə yerinə yetirilmişdir. Təkcə 2004-cü illə müqayisədə ümumi daxilolmalar 42 faiz, qeyri-dövlət sektorundan daxilolmalar isə 46,8 faiz artmışdır.
İlk növbədə qeyd etmək istərdim ki, proqnoz həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə tam həcmdə icra olunmuşdur, qeyri-dövlət sektoru üzrə isə büdcə daxilolmalarının həcmi xeyli artmışdır. Büdcə daxilolmalarının həcmi Dövlət Neft Şirkəti üzrə 157,7 milyon AZN və ya 41,0 faiz, qeyri-neft sektoru üzrə isə 264,5 milyon AZN və ya 42,6 faiz çox olmuşdur.
Bütün bunlar Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeni dəyişikliklərin baş verdiyinə əyani sübutdur. Özəl sektor qeyri-neft sektorunda daha inamlıdır, sahibkarlığın inkişafı yaxşı impuls alıb və artıq praktiki nəticələr də göz önündədir. İqtisadiyyatda böyük artım var, biz vergi daxilolmalarının həm kəmiyyət baxımından artmasını, həm də struktur baxımından pozitiv dəyişiklikləri müşahidə edirik.
2. 2005-ci ildə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
- 2005-ci ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi üzərində işlər davam edirilmişdir. İlk növbədə Vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Vergi Məcəlləsi təhlili edilmiş və qanunuvericilikdə yaranmış boşluqların aradan qaldırılması üçün müddalar üzrə əlavə və dəyişikliklər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Qanunvericilikdə vergi yükünün aşağı salınması istiqamətində addımlar atılmışdır. Mənfəət vergisinin dərəcəsi 2 faiz aşağı salınmış, gəlir vergisinə yüksək dərəcə ilə cəlb edilən məbləğin yuxarı həddi qaldırılmış, aztəminatlı kateqoriyadan olan vətəndaşlara vergi güzəştləri müəyyən edilmiş, vergi ödəyicilərinin hüquqlarını müdafiə edən müddəaların sırası genişləndirilmişdir.
Artıq əminliklə demək olar ki, Azərbaycanda yüksək səviyyədə vergi qanunvericiliyi bazası yaradılmışdır. Bu qanunvericiliyi təhlil edən bir çox beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanın Vergi Məcəlləsi Avropa Birliyinin vergilərə dair konvensiyasının tələblərinə əsasən cavab verir. Bununla belə, hökumət vergi dərəcələrinin daha da aşağı salınması, vergi yükünün optimal səviyyədə saxlanılması və vergi sisteminin liberallaşdırılması istiqamətində hər il ardıcıl siyasət yürüdür.
3. Vergi borclarının səviyyəsinin azaldılması istiqamətində hansı işlər görülüb? Vergilər Nazirliyi bu sahədə hansısa irəliləyişə nail olubmu?
- 2005-ci ildə biz vergi borclarının məcburi alınmasının təşkili prosesinə yenidən baxmışıq. Görülən işlər nəticəsində 2005-ci il ərzində borclu vergi ödəyicilərinin sayı 20 faizdən çox azalmışdır.
Ümumiyyətlə, qeyd etməliyəm ki, ötən il vergi borclarının alınması məqsədilə vergi orqanları tərəfindən vergi öhdəliklərini yerinə yetirməmiş 189.746 vergi ödəyicisinə xəbərdarlıq və bildiriş təqdim edilmişdir. Respublikanın vergi orqanları tərəfindən vergi ödəyicilərinin 18,2 mln. AZN məbləğində əmlakı siyahıya alınmışdır. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərraclarda satılmasından büdcəyə 195 min AZN daxil olmuşdur.
Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün 1554 vergi ödəyicisinə qarşı İqtisad Məhkəmələrində 9,4 mln. AZN məbləğində iddialar qaldırilmışdır. Onlardan 3,4 mln. AZN məbləğində 593-nə baxılmış və iddialar təmin edilmişdir.
İndi hər bir sahibkar, iş adamı bilir ki, dövlət qarşısında vergi öhdəliyini tam və dolğun şəkildə yerinə yetirməlidir. Hazırda borcların strukturunun yenidən təhlil edilməsi davam edir və güman edirəm ki, 2006-cı ildə alınması mümkün olan bütün borcların dövlət büdcəsinə cəlb edilməsi istiqamətində böyük irəliləyişlər olacaqdır.
4. Bəs, vergi nəzarətinin təkmilləşdirilməsi istiqamətində hansı işlər görülüb?
- Biz ünvanlı təyinetmə metodlarından istifadə etməklə, qanun pozuntularının yoxlamaqabağı prosedurlar nəticəsində müəyyən edilməsi yolu ilə bütövlükdə sahibkarların fəaliyyətinə süni maneələrin aradan qaldırılmasına əsasən nail olmuşuq.
İndi elə bir sistem yaratmışıq ki, audit yoxlaması yalnız qanun pozuntusuna yol verən müəssisələrə təyin edilir. Artıq bunun nəticəsində yoxlamaların sayı kəskin surətdə azalmışdır. İl ərzində vergi ödəyicilərinin cəmi 3 faizində səyyar vergi yoxlaması aparılır. 2005-ci ildə 4693 səyyar vergi yoxlaması aparmışıq ki, onun da 98 faizində qanun pozunutusu faktları öz təsdiqini tapmışdır. 2005-ci ildə belə səyyar vergi yoxlamaları nəticəsində büdcəyə 209,3 mln. manat əlavə vəsait hesablanmışdır.
ƏDV-nin əvəzləşdirilməsi üzərində nəzarətin gücləndirilməsi məqsədilə dövriyyələrində kənarlaşmalar olan və vergi hesab-fakturalarının tətbiqi qaydalarını pozan 289 vergi ödəyicisi barədə toplanan məlumatlar, eləcə də əvvəllər daxil olmuş materiallar əsasında hesabat dövrü ərzində ƏDV-ni ödəməkdən yayınan 218 vergi ödəyicisində aparılmış yoxlamalar zamanı ümumilikdə 66,0 milyon AZN məbləğində əlavə vəsait hesablanmış və 15,2 milyon AZN məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
ƏDV-ni ödəməkdən yayınması müəyyən edilmiş 38 vergi ödəyicisində aparılmış yoxlamalar zamanı külli miqdarda vergidən yayınma halları aşkar edildiyinə görə, ümumilikdə 186 vergi ödəyicisi barədə yoxlama materialları müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim edilmişdir. Bu yoxlamalar zamanı ümumilikdə 75,3 milyon AZN məbləğində əlavə vəsait hesablanmış və 16,8 milyon AZN manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
5. Məlumdur ki, Vergilər Nazirliyində vergi cinayətləri ilə ciddi mübarizə aparılır. Bu sahədə ötən il ərzində görülən işləri səmərəli saymaq olarmı?
- Vergilər Nazirliyi və onun müvafiq struktur bölmələri 2005-ci ildə vergi hüquqpozmaları ilə mübarizə sahəsində tədbirləri davam etdirmişlər. Belə ki, ötən il ərzində Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində audit yoxlaması materialları əsasında müəyyənləşdirilən vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı 281 cinayət işi başlanmışdır. Həmin dövrdə icraatda olmuş cinayət işlərindən 167 nəfər barəsində 131 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilmişdir.
Bir sıra şirkətlər tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən 19 cinayət işinə xitam verilmişdir. Ümumilikdə ötən il istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 6 mln. 647 min AZN-in ibtidai istintaq zamanı ödənilməsi təmin edilmişdir.
2005-ci il ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə təqsirli şəxslərin 484 min AZN məbləğində əmlakları üzərində həbs qoyulmuş, vergi ödəməkdən yayınma faktlarına dair cinayət işi başlanması rədd edilmiş materiallar üzrə büdcədən yayındırılmış 34,1 min AZN-in ödənilməsi təmin olunmuşdur. 2004-cü illə müqayisədə büdcəyə ödətdirilmiş vəsaitin həcmi 1,8 dəfə artmışdır.
Bundan başqa, ötən il əməliyyat axtarış tədbirləri nəticəsində vergi orqanlarının səlahiyyətinə aid olan cinayətlər törətdiyinə görə barələrində axtarış elan edilmiş 62 nəfər tapılaraq istintaq orqanlarına təhvil verilmişdir.
6. Ölkədə korrupsiya ilə mübarizə tədbirləri xeyli gücləndirilib. Bu istiqamətdə Vergilər Nazirliyində hansı işlər görülüb?
- 2005-ci ildə Vergilər Nazirliyində vergi xidməti əməkdaşlarının fəaliyyətində yol verdikləri qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində müəyyən işlər görülüb. Həmin dövrdə vergi ödəyicilərinin və vətəndaşların vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) barədə 108 müraciət, eləcə də hüquq-mühafizə orqanlarından və nazirliyin struktur bölmələrindən daxil olmuş 8 təqdimat üzrə xidməti araşdırma aparılaraq müvafiq tədbirlər görülüb.
Xidməti təhqiqatlar nəticəsində Vergi Məcəlləsinin, vergi qanunvericiliyini tənzimləyən normativ-hüquqi aktların, Vergilər Nazirliyinin təşkilati-sərəncam sənədlərinin bir sıra tələblərinin pozulmasına, həmçinin vergi nəzarətinin həyata keçirilməsi, vergilərin hesablanması və borcların alınması sahəsində nöqsanlara yol vermiş 71 əməkdaş barədə qanuna müvafiq tədbir görülüb. O cümlədən, 25 nəfər vəzifəli şəxsin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 21 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 18 nəfərə isə intizam tənbehi verilib.
Bundan başqa, xidməti araşdırmalar nəticəsində 12 materialda cinayət əlamətləri müəyyən edilidyindən aidiyyatı üzrə baxılması üçün istintaq orqanlarına göndərilib.
7. Fazil müəllim, ölkə prezidentinin 13 sentyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikası vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı»nın icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlərinizi bilmək istərdik. Bu proqram vergi xidmətinə nə verəcək?
- Belə bir hüquqi sənədin qəbulu dövlət rəhbərliyinin vergi xidmətinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması prosesində marağının ifadəsi sayıla bilər. Bu Proqramın reallaşdırılması Azərbaycanın vergi xidmətini daha təkmil bir struktura, vergi ödəyicilərinə xidmətin daha müasir standartlara köklənməsi istiqamətində çox mühüm irəliləyişlərə imkan verəcək. Belə ki, Proqramın reallaşdırılması nəticəsində, ilk növbədə, vergi orqanlarının texnoloci baxımdan yenilənməsi təmin ediləcək. Bu, bizə həm də fiziki şəxslərin ümumi gəlirləri haqqında bəyannamələrin təqdim olunmasına hazırlıq işini sürətləndirməyə yardım edəcək.
Bundan başqa, bir tərəfdən,məsləhət xidmətləri, vergi ombudsmanı təsisatının yaradılması və s. bu kimi işlər nəticəsində vergi ödəyiciləri üçün mükəmməl konsaltinq və apelyasiya sistemi formalaşacaq, digər tərəfdən, yeni vergi nəzarəti mexanizmlərini tətbiq etməyə şərait yaranacaq. Bu baxımdan qarşıdakı iki ildə, xüsusilə də 2006-cı ildə ciddi işlər görülməlidir.
Apardığımız struktur islahatları zamanı belə bir həqiqət təsdiq olunmuşdur ki, sahibkarın üzərndə ən sərt nəzarət mexanizmləri belə vergi ödəmələrinin artması üçün səmərəli deyildir, burada əsas məsələ vergi ödəyicisinə sərbəst fəaliyyəti üçün şərait yaratmaq, onun vergi öhdəliyindən qaçmaması üçün bütün inzibati və bürokratik əngəlləri aradan qaldırmaq, işgüzar fəaliyyətini stimullaşdırmaqdır.Bu baxımdan adıçəkilən proqrama vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının təmin edilməsi kimi müddəalar da daxil edilmişdir.
Artıq 2005-ci ilin 4-cü rübündə qeyd olunan tədbirlərlə bağlı müəyyən işlər görülmüş, layihələr hazırlanmış və bu tədbirlərin icrası ilə bağlı geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır.
8. Məlumdur ki, bu ildən yeni vergi bəyannamələrinin tətbiqinə başlanılıb. Bu, hansı məqsədlə həyata keçirilib və bütövlükdə vergi sisteminə nə verəcək?
- Yeni vergi bəyannamələrinin tətbiqini ilk növbədə Azərbaycanın vergi sisteminin beynəlxalaq standartlara uyğunlaşdırılması istiqamətində atılan növbəti addımlardan biri kimi qiymətləndirmək olar. Belə ki, biz iqtisadiyyatın bütün sahələri üzrə ətraflı məlumat bazasına malik olamaqla, vergitutma sahəsində inzibatçılığı təkmilləşdirmək məqsədi güdür, vergi ödəyiciləri, onların fəaliyyət istiqamətləri, maliyyə imkanları və işçi qüvvəsi haqda geniş informasiya əldə etmək imkanı qazanmağa çalışırıq. Digər tərəfdən isə hazırda informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bu bəyannamələrin tətbiqi hər bir vergi ödəyicisinə elektron hesabatları İnternet vasitəsilə təqdim etmək, ona lazım olan məlumatları almaq fürsəti yaradır.
Yeni vergi bəyananmələrinin tətbiqi kameral vergi yoxlamalarının səmərəliliyinin artırılmasına da təkan verəcək. Belə ki, yeni bəyannamələrdəki məlumatlar vergi ödəyicisi barədə ətraflı informasiya verdiyindən, yoxlamalar zamanı onlardan əlavə məlumatların, maliyyə və s. sənədlərin tələb edilməsinə ehtiyac qalmır. Bu isə vergi ödəyicisinin əlavə vaxt itkisinin qarşısını almış olur.
9. Fazil müəllim, 2006-cı ildə ölkəmizin vergi sistemində islahatlar hansı istiqamətlərdə davam etdiriləcək?
- 2006-cı il vergi orqanları qarşısında mühüm bir maliyyə ili olaraq durur. Təsdiq edilmiş dövlət büdcəsində vergi daxilolmalarının həcmi 2,24 mlrd. manat səviyyəsində, yəni 2005-ci ilə nisbətən 57,7 faiz artımla müəyyənləşdirilmişdir. Biz bu mühüm vəzifənin məsuliyyətini başa düşürük. Hesab edirəm ki, apardığımız islahatları daha da dərinləşdirməklə, «Vergi izibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı»ndan irəli gələn məsələləri həll etməklə daxilolmaların tam həcmdə yerinə yetirilməsini təmin edəcəyik.
Biz idarəetmə mexanizminin daha da optimallaşdırılması, ictimai şəffaflığa doğru ciddi standartların formalaşması, biznes birlikləri ilə münasibətlərin tənzimlənməsi istiqamətində çalışmalarımızı davam etdirmək, müasir standartlara əsaslanan bir dövlət strukturunun formalaşması istiqamətində mövqeyimizi möhkəmləndirmək, vergi ödəyicilərinə daha keyfiyyətli xidmət təklif etmək əzmindəyik.
Biz çalışacağıq ki, dövlət rəhbərliyinin sahibkarlığın dəstəklənməsi istiqamətində apardığı siyasətə adekvat vergi siyasətini davam etdirək, bizim üzərimizə düşən etimadı doğruldaq.