Uğurlu iqtisadi strategiya vergi potensialından istifadənin səmərəliliyini artırır
Vergi sistemində yaradılmış ciddi nizam-intizam vergitutma bazasını genişləndirməklə vergidən yayınma hallarının aradan qaldırılmasına imkan verir
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiya iqtisadiyyatın dayanıqlı inkişafı ilə yanaşı, vergi sistemində də ciddi nizam-intizam yaratmışdır.
Son dövrlər nağd hesablaşmalara nəzarətin artırılması, əlavə dəyər vergisi ödəyicilərinin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması, borclu vergi ödəyicilərinin sayının azaldılması, qanunlara əməl etməyən vergi ödəyiciləri barədə inzibati tədbirlərin görülməsi və vergi inzibatçılığı sahəsində xüsusi tədbirlər həyata keçirilmişdir. Bu məsələlərdən ətraflı söhbət açmaq üçün Azərbaycan Respublikasının vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil MƏmmƏdovla görüşdük.
O, aparılan məqsədyönlü işlər nəticəsində qazanılan uğurlardan, bütovlükdə vergi sisteminin daha da təkmilləşdirilməsi, onun qanunvericilik və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərdən danışdı.
Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulmuş, ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunmuş, makroiqtisadi sabitlik möhkəmləndirilmiş, tarazlı iqtisadi inkişaf təmin olunmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi ölkədə iqtisadi islahatların daha da genişlənməsi və dərinləşməsinə, iqtisadiyyatın bütün sahələrində tərəqqi və dirçəlişin əldə olunmasına imkan yaratmışdır. Müəyyənləşdirilmiş inkişaf strategiyasının bu gün böyük qətiyyətlə davam etdirilməsi daha uğurlu nəticələrlə müşayiət olunmaqdadır.
Əvvəlki illərdə olduğu kimi, 2006-cı ilin birinci yarım illiyində də ölkənin sosial-iqtisadi inkişafına paralel olaraq bazar iqtisadiyyatına uyğun çevik vergi siyasəti həyata keçirilmiş, vergi nəzarətinin səmərəliliyi artırılmış, vergi ödəyicilərinə xidmətin əhatə dairəsi genişləndirilmiş və ən əsası, vergi daxilolmalarında artıma nail olunmuşdur.
Ölkə rəhbərliyinin gərgin əməyi və yüksək tələbkarlığı sayəsində əldə edilmiş bu uğurlar vergi daxilolmalarının artımına da öz təsirini göstərmişdir. İqtisadiyyatda bu yüksəlişin nəticəsi olaraq, 2006-cı ilin birinci yarısında Vergilər Nazirliyi üçün proqnozlaşdırılmış 985,6 milyon manat əvəzinə dövlət büdcəsinə 1 milyard 27,1 milyon manat vəsait daxil edilmiş, proqnoz 104,2 faiz icra olunmuşdur (hesabat dövründə büdcədən 22,3 milyon manat vəsait qaytarılmışdır). Həmin dövrdə toplanan vəsait ümumi daxili məhsulun 14,4 faizini, ümumi vergi gəlirlərinin 66,7 faizini təşkil etmişdir. 2006-cı ilin yanvar-iyun aylarında büdcəyə daxil olmuş vəsaitlərin məbləği 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 382,3 milyon manat və ya 59,3 faiz çox olmuşdur. Neft sektoru üzrə proqnozda nəzərdə tutulan 581,7 milyon manat əvəzinə 559,2 milyon manat vəsait daxil olmaqla tapşırıq 96,1 faiz icra edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 331,1 milyon manat və ya 1,4 dəfə çoxdur.
Bu ildən başlayaraq hasilatın pay bölgüsü haqqında sazişlər üzrə podratçı tərəflər 6 ay ərzində dövlət büdcəsinə ümumilikdə 213,0 milyon manat mənfəət vergisi ödəmişlər ki, bu da təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının bariz təntənəsidir. Dövlətimizin başçısının ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılması, özəl sektorun inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər də öz nəticəsini vermişdir. Belə ki, 2006-cı ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə büdcəyə 403,9 milyon manat proqnoza qarşı 467,9 milyon manat vəsait daxil olmaqla, proqnoza 115,8 faiz əməl edilmiş, Hasilatın Pay Bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı tərəflərə mal, iş və xidmətlər göstərən vergi ödəyicilərinin ödənişləri nəzərə alınmazsa, qeyri-neft sektorunun digər sahələri üzrə büdcəyə 245,5 milyon manat proqnoza qarşı 311,0 milyon manat vəsait daxil olmaqla, proqnoza 126,7 faiz əməl edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 milyon manat və ya 27,7 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə daxilolmaların artımı əsasən bank sektorunda 54,1 faiz, ticarət və xidmət sahələrində 2,8 dəfə, sənayedə 64 faiz, tikintidə 65,9 faiz müşahidə olunmuşdur. Ötən dövr ərzində büdcəyə ölkədə əmək haqlarının artmasından və 90 min yeni iş yerinin yaradılmasından 27,1 milyon manat, yeni yaradılmış sahibkarlıq subyektlərindən (bunların sayı 301.650 nəfərdir) 5,1 milyon manat vergi daxil olmuşdur.
Qeyd edim ki, 2006-cı ilin altı ayı ərzində ümumi vergi daxilolmalarının 39,6 faizi dövlət sektorunun, 60,4 faizi isə özəl sektorun payına düşür ki, bu da 2005-ci ilin müvafiq dövrünün özəl sektorun göstəricisi ilə müqayisədə 262,2 milyon manat və ya 73,2 faiz çoxdur.
Antiinflyasiya tədbirlərinin gücləndirilməsi vergi nəzarətinin mühüm istiqamətlərindən biridir
Respublikamızda regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Dövlət Proqramına müvafiq olaraq kənd rayonlarında yeni iş yerlərinin açılması, müxtəlif təsərrüfat subyektlərinin fəaliyyətə başlaması nəticəsində əhalinin məşğulluq probleminin aradan qaldırılması istiqamətində dövlət tərəfindən aparılan işlər çərçivəsində Vergilər Nazirliyinin üzərinə iş yerlərinin qanunamüvafiq qaydada rəsmiləşdirilməsinə nəzarətin həyata keçirilməsi kimi mühüm vəzifə düşür ki, bunun da öhdəsindən layiqincə gəlmək üçün bu sahədə operativ vergi nəzarəti tədbirlərinin daha da gücləndirilməsi tələb olunur.
Vergilər Nazirliyi tərəfindən mal satışı və xidmət göstərilməsinə görə ödənişlərin qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alınmasının təmin edilməsi və əmək müqaviləsi olmadan fiziki şəxslərin işə cəlb edilməsi sahəsində vergi nəzarəti gücləndirilmişdir. 2006-ci ilin yanvar-iyun aylarında aparılan nəzarət işləri zamanı 3821 rəsmiləşdirilməmiş şəxslərin işlərin görülməsinə cəlb edildiyi, həmçinin vergi orqanında uçota durmadan 2410 şəxs və həmin şəxslər tərəfindən 428 rəsmiləşdirilməmiş şəxsin cəlb edildiyi aşkar olunmuşdur.
Respublikamızda iqtisadiyyatın dinamik inkişaf mərhələsində olduğu bir vaxtda Vergilər Nazirliyi antiinflyasiya tədbirlərinin gücləndirilməsi baxımından operativ vergi nəzarəti tədbirlərinin daha da intensivləşdirilməsi istiqamətində işlər aparmışdır. 2006-cı ilin yanvar-iyun ayları ərzində 20873 obyektdə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş, 19905 obyektdə nöqsan aşkar edilərək, yazılmış 21263 protokola əsasən 1,2 milyon manat inzibati cərimə tətbiq edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrünün göstəricisindən 891,6 min manat, və ya 2,8 dəfə artıqdır. Nağd hesablaşmaların aparılmasına nəzarətin artırılması və həvəsləndirici tədbirlərin həyata keçirilməsi nəticəsində 2006-cı ilin yanvar-iyun ayları ərzində əhali ilə Nəzarət-Kassa Aparatları (NKA) vasitəsilə nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri tərəfindən 88,8 milyon manat vəsaitin büdcəyə ödənilməsi təmin edilmiş, bu da 2005-ci ilin müvafiq dövrünün göstəricisindən 4 dəfə artıqdır.
Bundan başqa, 2006-cı il iyul ayından etibarən Vergilər Nazirliyi tərəfindən genişmiqyaslı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Tədbirlərin ilk həftəsi ərzində Bakı şəhəri üzrə 13520 obyektdə operativ vergi-nəzarət tədbirləri həyata keçirilmiş, 4910 obyektdə qanun pozuntusu halları müəyyən edilmişdir. Nəticədə vergi ödəyicilərinə 467,7 min manat məbləğində inzibati cərimə kəsilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli fərmanında vergi orqanlarına verdiyi mühüm tapşırıqlardan biri respublikada nağd hesablaşmaların aparılmasına nəzarətin gücləndirilməsi olmuşdur. Vergilər Nazirliyi vergi ödəyicilərinin apardıqları nağd hesablaşmalar üzərində inzibati nəzarəti gücləndirməklə yanaşı, bu məsələyə ictimai nəzarətin cəlb olunması istiqamətində də müvafiq tədbirləri həyata keçirməkdədir.
Nağd hesablaşmaların aparılması zamanı kassa çekinin tələb olunmasına əhalinin marağını artırmaq, bu mədəniyyəti aşılamaq və təbliğat işini daha da genişləndirmək məqsədilə Vergilər Nazirliyi “NKA çeki alın və avtomobil qazanın” adlı stimullaşdırıcı lotereya oyununu keçirməyi qərara almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli kağızlarla iş üzrə Dövlət Komitəsinin razılığı ilə keçirilən bu kampaniya hər kəsi maraqlandırmağa başlamışdır. Bu tədbirlərin təşkilində məqsəd təkcə nağd hesablaşmalar sahəsində intizamı gücləndirmək deyil, həm də istehlakçıların hüquqlarını qorumaq və vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır.
Artıq stimullaşdırıcı lotereya oyununun 1-ci turu keçirilmiş və qaliblərə müvafiq hədiyyələr təqdim olunmuşdur. Bu tədbir davamlı olaraq həyata keçirilməkdədir.
Milli ödəniş sisteminin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir
Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramına əsasən ölkəmizdə bir sıra layihələr həyata keçirilməkdədir. Bundan başqa, ölkə Prezidentinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərmanından irəli gələn məsələlərdən biri də respublikamızın ticarət, iaşə və digər xidmət müəssisələrində nağdsız hesablaşmaların aparılmasına əlverişli şəraitin yaradılması üçün müvafiq işlərin görülməsi ilə bağlıdır. Qeyd olunan sənədlərə əsaslanaraq ölkə ərazisində POS-terminalların quraşdırılması üçün ilkin zəmin yaradılmışdır.
Bu ilin əvvəlində Vergilər, İqtisadi İnkişaf nazirlikləri və Milli Bankın mütəxəssisləri tərəfindən POS-terminalların quraşdırılması üçün meyarlar hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Nazirlər Kabinetinin 33 və 54 saylı qərarları ilə POS-terminalların istismar və istifadə edilməsi qaydaları, “POS-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarları”nın və “Ərazilər üzrə POS-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəli” də öz təsdiqini tapıb.
POS-terminaldan hər bir şəxs ona verilən ödəniş kartı vasitəsilə iş və xidmətlərin ödənilməsində yararlanacaq. Ölkə ərazisində POS-terminallardan beynəlxalq kartlara sahib olan xarici vətəndaşlar da istifadə edəcək. Bu da xarici vətəndaşların respublika daxilində nağdsız hesablaşmalar aparmalarını sadələşdirəcək. POS-terminalların quraşdırılması mərhələlərlə 2007-ci ilin sonunadək həyata keçirilməlidir.
Vergidən yayınma halları aradan qaldırılmaqla vergitutma bazası genişləndirilir
Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə tapşırığına əsasən ƏDV fırıldaqçılıgı ilə məşgul olan ödəyicilərə qarşı Vergilər Nazirliyi tərəfindən sərt nəzarət tədbirləri həyata keçirilir və cari il ərzində artıq 4348 sayda belə vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatı ləğv edilmişdir. Görülmüş tədbirlərlə dövlətin ugurla həyata keçirdiyi iqtisadi siyasət nəticəsində əldə olunmuş gəlirlərin bəyannamələrdə əks etdirilməsi təmin edilmişdir. Belə ki, 2006-cı ilin 6 ayı ərzində əlavə dəyər vergisi ödəyicilərinin dövriyyəsi 13 milyard 900,2 milyon manat təşkil etmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Eyni zamanda, 2006-cı ilin 6 ayı ərzində sadələşdirilmiş vergi ödəyicilərinin dövriyyəsi 341,4 milyon manat təşkil etmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 88,2 milyon manat və ya 34,8 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 31 iyul 2006-cı il tarixdə keçirilmiş 2006-cı ilin I yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda mövcud vergi potensialının düzgün qiymətləndirilməsi və bu potensialdan səmərəli istifadə olunması barədə vergi orqanlarının qarşısında qoyulmuş tələblərin yerinə yetirilməsinin təmin edilməsi üçün komissiya yaradılmış və həmin komissiya tərəfindən qısa müddət ərzində Tədbirlər Planının Layihəsi işlənib hazırlanmışdır. Tədbirlər planı Vergilər Nazirliyi Kollegiyasının 4 avqust 2006-cı il tarixli 2 saylı qərarı ilə təsdiq edilmişdir.
Həmin Tədbirlər Planına əsasən “Vergi siyasəti” üzrə nağd hesablaşmaların aparılması sahəsində müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, əlavə dəyər vergisindən yayınmaların qarşısının alınması məqsədilə “Əlavə Dəyər Vergisi üzrə Bank Hesabları”nın tətbiqi, əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin obyektin yerləşdiyi regionlara uyğun olaraq vergiyə cəlb olunmasını təmin edən “icarə haqqı məbləğlərinin minimum hədləri”ni müəyyənləşdirən layihənin, çəkilmiş xərclərə görə vergilərin hesablanması modelinin hazırlanması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, iaşə (şadlıq evləri, restoranlar) fəaliyyəti, musiqi-əyləncə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vahid vergiqoyma prinsiplərinin müəyyənləşdirilməsini şərtləndirən müvafiq qanun layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.
Eyni zamanda, vergi ödəyicilərinə xidmət sahəsində maarifləndirmə işlərinin artırılması, iqtisadi təhlil və uçot sahəsi üzrə kameral vergi yoxlamalarının dəqiq və keyfiyyətli aparılması, vergi daxilolmalarının keçən ilin müvafiq dövrünün proqnoz tapşırıqlarına nisbətən respublikanın makroiqtisadi göstəricilərinə uyğun olaraq maksimum həddə çatdırılmasına nail olunması, sadələşdirilmiş və əlavə dəyər vergisi üzrə dövriyyələrin minimum həddinin müəyyənləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Operativ vergi nəzarəti sahəsi üzrə nəzarətin gücləndirilməsi, hazırda aparılan irimiqyaslı tədbirlərin davamlılığının təmin olunması, qanunsuz sahibkarlıq və vergi orqanında uçota durmadan fəaliyyət göstərən şəxslərin sayının minimuma endirilməsini təmin edəcək tədbirlərin görülməsi, vergi borclarının məcburi alınması sahəsi üzrə qeyri-dövlət sektorunda əmlakı olan bütün vergi ödəyicilərinin cari ilin sonunadək borclarının dövlət büdcəsinə alınmasına nail olunması, iri vergi ödəyicilərinin 2006-cı ildə yaranmış vergi hesablamalarının büdcəyə tam həcmdə ödənilməsini təmin edən zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Vergi ödəyicilərinin auditi sahəsi üzrə beynəlxalq standartlara cavab verən vergi auditinin aparılması üçün yeni metodologiyanın hazırlanmasına zərurət yaranmışdır.
Yuxarıda sadalanan zəruri tədbirlərlə yanaşı, aparılan daxili nəzarət tədbirləri zamanı vergi orqanının nəzarət dairəsinə aid sahələrdə vergi potensialının düzgün qiymətləndirilməsinin və bu potensialdan nə dərəcədə səmərəli istifadə edilməsinin araşdırılması kimi tədbirlərin aparılması nəzərdə tutulur.
Həmçinin, vergi orqanı əməkdaşlarının hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi planlaşdırılır.
Bələdiyyələrə metodiki rəhbərlik davam etdirilir
Məlum olduğu kimi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 saylı fərmanı ilə müəyyən edilmişdir ki, bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Vergilər Nazirliyi həyata keçirir.
Bununla əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən çoxsaylı tədbirlər həyata keçirilmişdir ki, onlardan da biri bələdiyyə orqanlarında uçot sisteminin tətbiqi haqqında vergilər nazirinin 25 aprel 2006-cı il tarixli əmridir. Bu əmrlə “Yerli (bələdiyyə) büdcənin ödəyiciləri olan fiziki şəxslərin uçota alınması Qaydası” və “Yerli (bələdiyyə) büdcəyə fiziki şəxslərin daşınmaz əmlak vergisinin uçotunun aparılması qaydaları haqqında Metodiki Göstəriş”, “Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”nın, “Yerli (bələdiyyə) vergi (ödəniş) ödəyicisi olan hüquqi şəxslərin bələdiyyədə uçota alınması haqqında Ərizə”, “Yerli (bələdiyyə) vergilər üzrə hüquqi şəxsin şəxsi hesab vərəqəsi” və “Yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənişlər üzrə şəxsi hesab vərəqəsi”nin, “Yerli (bələdiyyə) vergi və ödənişlərə dair hüquqi (və ya fərdi sahibkarla) şəxslərlə Üzləşdirmə aktı”nın, “Dövlət vergi orqanlarının keçirdiyi səyyar vergi yoxlamasında bələdiyyənin vergi xidməti orqanının iştirakı barədə Qərar”ın, “Bələdiyyə büdcəsinə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tələbnamə”nin, “Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə Qərar”ın və “Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsindən imtina edilməsi haqqında Qərar”ın formaları və digər müvafiq sənədlər təsdiq edilmişdir.
Eyni zamanda, göstərilən əmrin müvafiq bəndinə əsasən, təsdiq edilmiş qərar, hesabat, şəxsi hesab formaları, metodiki göstərişlər Vergilər Nazirliyinin internet saytında yerləşdirilmiş, yerli vergi və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə riayət edilməsi üçün ərazi vergilər idarələri üzrə bələdiyyələrlə metodiki göstərişlərin öyrənilməsi sahəsində seminarlar, brifinqlər və görüşlər keçirilmişdir.
Bələdiyyə orqanlarına kömək məqsədilə bələdiyyələrdə uçot sisteminə dair “Bələdiyyə vergiləri və uçot sistemi” metodiki rəhbərlik kitabı 3000 tirajla nəşr etdirilmiş və bələdiyyələrə pulsuz paylanması üçün yerli vergi orqanlarına göndərilmişdir.
Vergi ödəyicilərinə xidmətin əhatə dairəsi genişləndirilir
Vergi sistemində aparılan islahatlar bilavasitə vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılması işlərinin genişləndirilməsini tələb edir ki, bu məqsədlə Bakı şəhərində fəaliyyət göstərən “195” nömrəli telefon məlumat xidmətinin əhatə dairəsi genişləndirilmiş və 2006-cı il mayın 1-dən etibarən bu xidmətin respublikanın bütün ərazisini əhatə etməsi təmin edilmişdir.
2003-cü ilin sonlarından fəaliyyətə başlayan və ödənişsiz olmaqla 24 saat ərzində vergi ödəyicilərinin vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almalarını təmin edən, həmçinin şikayət və təkliflərini qəbul edən “195” nömrəli telefon məlumat xidməti bu ilin may ayına kimi yalnız Bakı şəhərini əhatə edirdi. 2006-cı ildən isə bu xidmət respublikanın bütün regionlarından, hətta ən ucqar nöqtələrindən belə gələn zəngləri qəbul etmə imkanına malikdir.
Müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə internet vasitəsilə xidmət göstərmək məqsədilə Vergilər Nazirliyin internet saytında Vergi Məcəlləsi və vergilərə dair digər normativ-hüquqi aktlar, qanunvericilikdə baş verən dəyişikliklər, vergi bəyannamələri, vergi uçotuna dair sənəd formaları yerləşdirilmiş, sual vermək və şikayət etmək üçün vergi ödəyicilərinə əlverişli şərait yaradılmışdır. Ümumilikdə, 2006-cı ilin 8 ayında nazirliyin internet saytına daxil olanların sayı 368,5 min təşkil etmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu ali tapşırıqları yerinə yetirmək məqsədilə Vergilər Nazirliyi bundan sonra da vergi daxilolmalarının vaxtında və tam həcmdə büdcəyə alınması, vergi sisteminin daha da təkmilləşdirilməsi, onun qanunvericilik və maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatına investisiya qoyulmasına daha geniş imkanların yaradılması və vergi sisteminin potensial imkanlarından istifadə olunması sahəsində həyata keçirilən sistemli tədbirləri davam etdirəcəkdir.
Söhbəti yazdı:
H.TOPQAYA.