Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin hüquqşünas vəzifələrinə birbaşa müsahibə yolu ilə işə qəbulla bağlı müsabiqə elan edir
Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7-ci bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.
Dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin keçirilməsi qaydaları
Dövlət vergi orqanlarına xidmətə qəbul “Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18.03.2022-ci il tarixli 2217040100301500 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları”na müvafiq olaraq aparılır.
Müsabiqədə iştirak etmək üçün namizədlərə dair tələblər
-
Azərbaycan Respublikasının vətəndaşı olmalı;
-
Hüquq sahəsi üzrə ali təhsilə malik olmalı;
-
Azərbaycan Respublikasının Konstitusiyasını, Cinayət Məcəlləsini, Cinayət-Prosessual Məcəlləsini, İnzibati Xətalar Məcəlləsini, vergi qanunvericiliyini mükəmməl bilməlidir.
-
Qanunla müəyyən olunmuş həqiqi hərbi xidmət keçməli (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla)
Qeyd: “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndində göstərilən şəxslər üçün müəyyən olunmuş yaş həddi tətbiq edilmir.
Müsabiqədə iştirakla bağlı üstünlük veriləcək əlavə bilik və bacarıqlar
-
Digər hüquq mühafizə orqanlarında iş təcrübəsi;
-
Hüquqşünaslıq ixtisası üzrə azı 1 il iş təcrübəsi;
-
MS Office Word və Excel proqramları ilə yuxarı səviyyədə işləmə bacarığı;
-
Rus və ingilis dillərində səlis yazı və danışıq bacarığı;
-
Audio, video və kompüter texnikası ilə yuxarı səviyyədə işləmə bacarığı;
-
Magistratura pilləsi üzrə təhsil;
-
Ali təhsil aldığı dövrdə yüksək akademik göstəriciləri olan məzunlar;
-
SABAH və ya digər xüsusi istedad qruplarının məzunları;
-
Hər hansı bilik, bacarıq və təcrübəsinin olduğunu təsdiq edən sertifikatın mövcudluğu.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
-
Rəsmi internet səhifələrinə (www.taxes.gov.az və www.vergi.nakhchivan.az) daxil olaraq doldurulan elektron ərizə forması;
-
Ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) surəti;
-
Məhkumluğun olmaması barədə arayışın surəti.
Müsabiqədə iştirakla bağlı sənəd qəbulu
-
Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 12.06.2023-cü il saat 10:00-dan 12.07.2023-cü il saat 23:59-dək həyata keçiriləcək.
-
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində rəsmi internet səhifələrində (www.taxes.gov.az və www.vergi.nakhchivan.az) yerləşdirilmiş elanda qeyd olunan elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır.
-
Ərizənin sistemə daxil olduğu gündən 10 iş günü müddətində namizədin müsabiqədə iştirakla bağlı qoyulan tələblərə uyğunluğunun qabaqcadan müəyyən edilməsi məqsədilə ilkin yoxlama aparılacaq və nəticəsi barədə namizədin elektron poçt ünvanına məlumat göndəriləcək.
-
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda, habelə ərizə ilə müraciət etdikləri müddətdən 10 iş günü keçdiyinə baxmayaraq onların elektron poçt ünvanına heç bir məlumat göndərilmədikdə 036-550-24-69 nömrəli telefonla Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
Müsabiqənin keçirilməsi
-
Müsabiqənin müsahibə mərhələsi 28.07.2023-cü il tarixdən “Zoom” vasitəsilə keçiriləcək.
-
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq müsabiqənin birbaşa müsahibə mərhələsinə buraxılan namizədlərə müsahibənin keçirildiyi yer və vaxt barədə azı 5 gün əvvəl məlumat veriləcək.
-
Müsahibə namizədin müvafiq vəzifələrə uyğunluğunu müəyyən etmək üçün Müsabiqə Komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Müsabiqə Komissiyasının üzvlərinin müşahidə aparması yolu ilə həyata keçiriləcək. Müsahibə proqramı əvvəlcədən elan edilmir.
Aşağıdakı hallarda vətəndaşlar dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:
-
Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
-
Məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə.