Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
Vergi qanunvericiliyi çərçivəsində vergi güzəştləri və tətilləri barədə
  1. Müvəqqəti vergi rejimi hansı fəaliyyət sahələrinə aid ediləcək?

Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi aşağıdakı fəaliyyət istiqamətlərinə aiddir:

  • Yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

  • Turoperator və turagent fəaliyyəti;

  • İctimai iaşə fəaliyyəti;

  • Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

  • Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

  • Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

  • İdman-sağlamlıq obyektlərinin fəaliyyəti;

  • Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;

  • Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

  1. Əmlak və torpaq vergiləri üzrə güzəştlər hansı müddətə verilir?

Vergi ödəyicilərinin maliyyə vəziyətinin yaxşılaşdırılması məqsədilə müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma tətbiq edilir. Bu güzəştlərin müddəti 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə müəyyən edilib.

  1. Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur?

Koronavirus pandemiyasının təsirinə məruz qalan və müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət sahələrində çalışan vergi ödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştləri tətbiq edilir. Bu güzəştlər vergi ödəyicilərinin seçdikləri vergitutuma metodundan asılı olaraq tətbiq edilir. Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilir.

  1. İctimai iaşə sahəsində sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hansı güzəştlərdən yararlana biləcək?

Koronavirus pandemiyasının təsirinə məruz qalan və müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət sahələrində çalışan sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin məbləği üzrə 50 faiz güzəşt tətbiq edilir. İctimai iaşə sahəsində verginin dərəcəsi 8 faizdən 4 faizə endirilir.

  1. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrində icarədən tutulan vergilərlə bağlı güzəştlər edilibmi?

Koronavirus pandemiyasının mənfi təsir etdiyi və müvəqqəti vergi rejimi tətbiq edilən iqtisadi fəaliyyət sahələri üzrə fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilib.

  1. Karantin rejiminə təsadüf edən dövrlər üzrə vergi hesabatlarının və ödəmələrinn verilməsində tətillər nəzərdə tutulurmu?

Koronavirus pandemiyasının mənfi təsir etdiyi və müvəqqəti vergi rejiminin tətbiq edildiyi iqtisadi fəaliyyət sahələri üzrə vergi bəyannamələrinin və hesabatlarının təqdim edilməsinə, habelə vergi ödəmələrinin həyata keçirilməsinə bir sıra vergi tətillərinin verilməsi nəzərdə tutulur. Bu güzəştlər aşağıdakılardır:

  • 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması;

  • mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

  • ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması;

  • ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması.

  1. Mikro sahibkarın fəaliyyət göstərdiyi sahə pandemiyadan zərər çəkmədiyi halda, ona güzəştlər şamil olunmur?

Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi olan mikro sahibkarlara güzəştlər tətbiq edilir.

  1. Mikro sahibkarlara hansı güzəştlər verilib?

Mikro sahibkarlara aşağıdakı vergi güzəştləri və tətilləri verilib:

  • Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);

  • 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların təqdim olunması və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi;

  • Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.

  1. Müəssisə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya tədbirlərinə vəsait xərcləyib. Bu xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?

Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qəbul edilmiş qanuna əsasən, müvəqqəti vergi rejimi müddətində  əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.

  1. Müəssisə ərzaq məhsullarının idxalı ilə məşğuldur. Bu fəaliyyət növünə spesifik güzəştlər nəzərdə tutulurmu?

Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.
 

Sosial sığorta qanunvericiliyi çərçivəsində güzəştlər barədə
  1. Ticarət sektoru üçün məcburi dövlət sosial sığorta haqları məbləğində hansı dəyişiklik nəzərdə tutulub?

Ticarət sektorunda sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqları 2 dəfə aşağı salınıb və 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2026-cı il tarixinədək minimum aylıq əməkhaqqının 25 faizi həddində olmaqla hesablanır. Bu zaman regionlar üzrə diferensial faiz əmsalları tətbiq edilir.

Misal:

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər indiyədək 125 manat sosial sığorta haqqı ödəyirdilər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

  1. Tikinti sektoru üçün məcburi dövlət sosial sığorta haqları üzrə hansı dəyişiklik var?

Tikinti sektorunda sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqları 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək minimum aylıq əməkhaqqının 25 faizi, 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək isə minimum aylıq əməkhaqqının 50 faizi həddində olmaqla hesablanır və regionlar üzrə diferensial faiz əmsalları tətbiq edilir.

  1. Xidmət sektorunda çalışan vergi ödəyiciləri üçün məcburi dövlət sosial sığorta haqları məbləğində hansı dəyişiklik var?

Tikinti və ticarət sektorları istisna edilməklə, digər sektorlarda sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı 1 aprel 2020-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək minimum aylıq əməkhaqqının 15 faizi miqdarında, 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək isə 25 faizi miqdarında olmaqla hesablanır və regionlar üzrə diferensial faiz əmsalları tətbiq edilir.

Misal:

Bakı şəhərində avtomobillərə texniki xidmət göstərən sahibkar indiyədək 62,5 manat sosial sığorta haqqı ödəyirdi. Dəyişiklikdən sonra o, 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 faiz azalma deməkdir.

  1. Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxs üçün vergi və sosial sığorta yükü hansı şəkildə dəyişib?

Sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqları regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanır. Habelə sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə belə şəxslər məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirəcəklər.

Misal:

Bakı şəhərində fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər indiyədək 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirdilər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edirdi. Dəyişiklikdən sonra həmin şəxslər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcəklər, beləliklə də onların cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu isə 47,5 faiz azalma deməkdir.

  1. Bakıda taksi fəaliyyəti göstərən şəxslərə də güzəştlər nəzərdə tutulurmu?

Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqları regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanacaq. Həmçinin, sərnişin daşımaları fəaliyyəti həyata keçirən şəxslərin sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

Misal:

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Vergi və sosial sığorta qanunvericiliyinə edilən dəyişiklikdən sonra bu şəxslər 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcəklər, nəticədə onların cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu isə bütövlükdə 51,5 faiz azalma deməkdir.

  1. Kənd təsərrüfatında çalışanların sosial sığorta yükü ilə bağlı dəyişikliklər nədən ibarətdir?

İndiyədək mövcud olmuş qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin, torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı ödəməsi nəzərdə tutulurdu. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməli idilər.

Sosial sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrində hesablanması nəzərdə tutulur:

  • 5 hektaradək olduqda - 2 faiz miqdarında;

  • 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında;

  • 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında.

Misal:

5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

  1. Torpaq mülkiyyətçilərinin əksəriyyəti kənd yerlərində yaşayır. Onların hesabat verməsini yüngülləşdirmək nəzərdə tutulurmu?

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənib.

  1. Vəkil, sərbəst auditor və mühasibat xidmətləri göstərən şəxslər üçün sosial sığorta yükünün azaldılması nəzərdə tutulurmu?

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılıb. Qanunvericilikdə bu kateqoriyadan olan şəxslərin sosial sığorta yükü, onların əldə etdikləri gəlirlərindən xərclər çıxılmaqla, 10 faizi miqdarında müəyyən edilib.

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri.

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib. Bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.
Ə.Quliyev bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər müvəqqəti vergi rejiminin tətbiqini və pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmaları nəzərdə tutur. Belə ki, qanun 1 yanvar 2020-ci il tarixdən etibarən tətbiq olunmağa başlayacaq və 1 il ərzində qüvvədə olacaq.
Qanunda müvəqqəti vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri dəqiq göstərilib. Bura əsasən, ictimai iaşə fəaliyyəti, sərnişin daşımaları sahəsi, mehmanxanalar və bu tipli obyektlərin fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər üzrə malların çatdırılması xidmətlərin göstərilməsi, tədris kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti, idman və sağlamlıq mərkəzləri, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış fəaliyyət sahələri daxildir.
Sadalanan sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə 1 il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad edilir, əldə etdikləri mənfəətin və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri əldə edirlər. Digər vergi güzəştlərinə gəldikdə, idarə rəisi qeyd edib ki, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.
Qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək. Bundan əlavə fərqlənmə nişanı almaqla sabit şəkildə vergi öhdəliyi yerinə yetirən daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə verginin bazasını təşkil edən məbləğ 50 faiz həcmində azaldılacaq. Pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, respublika üzrə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri olan mikro sahibkarlar üçün vergi dərəcəsi 1 faizə endirilir.
Əvəz Quliyev vergi güzəştləri və azadolmaları ilə yanaşı, həmin kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə vergi tətillərinin verilməsi barədə də məlumat verib. Zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergiləri ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılır. Həmin müddətdə bu vergi ödəyicilərinə faizlər hesablanmayacaq. Eyni zamanda, mikro sahibkarlıq subyektləri 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına verməli olduqları sadələşdirilmiş vergi, eyni zamanda gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılır və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.
Pandemiya dönəmində bir çox vergi ödəyiciləri öz təsərrüfat subyektlərində və ofislərində mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsini təmin ediblər və bununla bağlı müəyyən xərclər çəkiblər. Müvəqqəti vergi rejimi ilə bağlı qanuna gətirilən fəsildə qeyd edilib ki, həmin vergi ödəyicilərinin dezinfeksiya və profilaktik tədbirlər barədə sənədləşdirilmiş xərcləri məhdudlaşdırılmadan, birbaşa gəlirdən çıxılan xərclərə aid ediləcək.
Ə.Quliyev Vergi Məcəlləsi ilə yanaşı “Sosial sığorta haqqında” qanuna da dəyişiklikləri də şərh edib. O bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi fərdi sahibkarların və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılıb və azaldılıb. İdarə rəisi qeyd edib ki, ölkədə minimum əməkhaqqının məbləği artırılaraq 250 manat müəyyən edilib. Sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkaqqının faiz nisbətində hesablandığından və minimum əməkhaqqı da müxtəlif vaxtlarda artdığından sosial sığorta üzrə fərdi sahibkarların sığorta yükü artmış olurdu. Bu məqsədlə sosial sığorta üzrə qanunvericiliyə dəyişiklik olundu və 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 50 faizindən 25 faizə, digər sahələrdə isə 25 faizdən 15 faizə endirilib. Eyni zamanda faiz dərəcələri Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılıb. Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti ilə məşğul olan, yəni öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirmələri ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Bununla da həmin şəxslərin sosial sığorta üzrə öhdəlikləri azaldılıb. Nəticə etibarilə, sabit qəbz əsasında fəaliyyət göstərən vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm vergi öhdəliklərini, həm də sosial sığorta öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da göstərilən fəaliyyət üzrə vergi orqanlarına vergi hesabatı və sosial sığorta hesabatı təqdim etmirlər.