Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?
Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra - Qanun) tənzimlənir.
Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30 000 manatdan və ya 15 000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.
Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Fərdi sahibkar vətəndaşın şəxsi mənzilində istifadə etdiyi mebeli sahibkarlıq fəaliyyəti göstərdiyi ofisə almışdır. Mebelin alışını nağd qaydada həyata keçirmiş və elektron alış aktı tərtib etməmişdir. Bu halda fərdi sahibkara cərimə tətbiq oluna bilərmi?
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir və vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.
Eyni zamanda qanunvericiliyə görə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Bunlara əsasən sorğuda göstərilən halda vətəndaşdan əldə edilmiş mebelin alışı müvafiq aktla rəsmiləşdirilmədiyi üçün fərdi sahibkara alış aktı ilə rəsmiləşdirilməyən xərcin 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 58-ci və 71-2-ci maddələri ilə tənzimlənir.
Fərdi sahibkar 2019-cu ilin yanvar ayından vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün sahibkar tərəfindən dövriyyələr barədə vergi bəyannamələri verilməmişdir. Bilmək istəyirik ki, vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?
Bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.
Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir).
Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı və 58-ci maddələri ilə tənzimlənir.
Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?
Bildiririk ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.
Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 58-ci maddəsi ilə tənzimlənir.
Fərdi sahibkar kimi məişət cihazlarının təmiri ilə məşğulam. Fəaliyyətim zamanı bir sıra ehtiyat hissələri, az qiymətli dəzgahlar və digər mallar lazım olur ki, onları bazarlardan vergi orqanından uçotda olmayan şəxslərdən alıram. Alışı sənədsiz qaydada rəsmiləşdirilən və nağd qaydada alınan malların dəyəri gəlirdən çıxılan xərclərə aid ediləcəkmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda vergi ödəyicisinin çəkdiyi xərcləri mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Vergi ödəyicisi tərəfindən faktiki olaraq çəkilmiş xərclər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.
Belə ki, Vergi Məcəlləsinin 14.6.5-ci maddəsində qeyd edilmişdir ki, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi və malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadığı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır.
Əlavə olaraq bildirirk ki, alışı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilmədən alınmış malların alışına çəkilmiş xərclərin 10 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 14-cü, 16-ci, 58-ci və 108-ci maddələri ilə tənzimlənir.
Vergi orqanının operatov vergi nəzarətinin keçirilməsi haqqında qərarına uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 3 təsərrüfat subyektində eyni gündə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və hər 3 obyekt üzrə nöqsan aşkar edilərək nəticəsi barədə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktlar tərtib edilmişdir Həmin aktlar üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar qəbul ounarkən vergi ödəyicisinə təqvim ili ərzində birinci dəfə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi yanaşılaraq 1000 manat yoxsa təqvim ili ərzində birinci, ikinci və üçüncü dəfə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi yanaşılaraq 10000 (1000, 3000, 6000) manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır?
Bildiririk ki, vergi orqanının operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına uyğun olaraq vergi ödəyicisinə məxsus bir və ya bir neçə təsərrüfat subyekti üzrə operativ vergi nəzarəti həyata keçirildikdə həmin təsərrüfat subyektlərində aşkar olunmuş Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən eyni hal üzrə qanun pozuntularına il ərzində birinci dəfə yol verilən pozuntu halı kimi baxılır.
Buna əsasən, hər bir təsərrüfat subyekti üzrə aşkar olunan pozuntu hallarına müvafiq qaydada rəsmiləşdirilməklə il ərzində birinci hal kimi yanaşılmalı və vergi ödəyicisinə hər bir təsərrüfat subyekti üzrə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməlidir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 50-ci və 58-ci maddələri ilə tənzimlənir.
İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?
Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.
Eyni zamanda Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Qeyd olunanlara əsasən icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.
Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu və 16-4-cü maddələri ilə tənzimlənir.
Müəssisə işçiyə 2018 və 2019-cu illər üçün istifadə edilməmiş məzuniyyət görə 2020-ci ilin oktyabr ayında kompensasiya ödənilir. Müəssisənin fəaliyyəti qeyri-dövlət sektorudur və tikinti xidmətlərinin göstərilməsi ilə məşğul olur. Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən etibarən qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərin gəlirləri 8000 manatadək olduqda vergi sıfır (0) dərəc ilə tutulur. Bilmək istərdik ki, bu qayda əvvəlki illərə görə ödəniməmiş kompensasiyaya da aid edilirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.
Buna əsasən əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.
Eyni zamanda əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 2020-ci ildə ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 101-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Müəssisə işçinin kirayə haqlarını birbaşa kirayə verənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?
Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılr.
İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda isə həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.
Yuxarıda qeyd olunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə tənzimlənir.
Həyatın yığım sığortası üzrə bağlanan müqavilə üzrə sosial sığorta haqlarından azad edilməklə sığortaçı şirkətə ödənilən işçinin 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqları işəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilir. Bu məbləğlər işçinin gəlir verisinə və sosial sığortaya cəlb olunan gəlirlərinə aid edilirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.
İşçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.
Qeyd olunanlara əsasən sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Misal:
Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat
Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat
İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500*22%)
Bu halda işinin aylıq gəliri 1110 manat təşkil edir (1000 manat əmək haqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri ilə tənzimlənir.
Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətin işsizlikdən sığorta haqqı hesablanmalıdrmı?
Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.
Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.
Qeyd olunanlara əsasən işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.
Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 154-cü, 157-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddələri ilə tənzimlənir.
Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş 400 manat məbləğində güzəşt hüququ fiziki şəxsə hansı hallarda tətbiq edilir?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.
Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.
Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxslərin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Əlavə olaraq bildiririk ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı” ilə tənzimlənir.
İctimai birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində qalib olmuşdur və həmin qrant vəsaitlərindən işçilərə əmək haqlarının ödənilməsi həyata keçirilir. Bu halda İctimai Birlik dövlət büdcəsindən maliyyələşən təşkilat hesab edilirmi və işçilərə ödənilən əməkhaqqlarından gəlir vergisini güzəştli dərəcələrlə hesablaya bilərmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Bunlarla yanaşı, sorğuda qeyd olunan halda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqəsində qalib olmuş Birliyə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Buna əsasən Birlik qeyri-dövlət sektoru hesab edilir və Birlikdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” ilə tənzimlənir.
Sığorta şirkəti ilə 3 ildən az olmayan müddətə bağlanan həyatın yığım sığortası müqaviləsinə əsasən işəgötürən tərəfindən işçinin gəlirlərinin 50 faizi məbləğində olan hissəsi sığorta şirkətinə ödənilir. Bu zaman işçinin aylıq gəlirinin 50 faizindən çox olmayan və sığorta şirkətinə ödənilən sığorta haqları işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb edilməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.
Eyni zamanda sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından azad edilməmişdir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir.
Müəssisəmiz tikinti sahəsində fəaliyyət göstərir və bəzi zəruri tikinti avadanlıqları və qurğuları digər müəssisədən icarəyə götürür. Fəaliyyətə uyğun olaraq icarəyə götürülmüş əmlaklara görə müəssiəmiz tərəfindən mütəmadi olaraq təmir xərcləri çəkilir. Bu təmir xərclərini müəssisə gəlirdən çıxılan xərclərə aid edə bilərmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir. İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.
Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.
İcarəyə götürülən və icarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclərin gəlirdən çıxılması ilə bağlı bildiririk ki, Vergi Məcəlləsində icarəyə götürülən əsas vəsaitə çəkilən təmir xərcinin ya icarə haqqı ilə əvəzləşdirilməsi, yaxud icarəyə verənin vəsaiti hesabına çəkilməsi göstərilir. Vergi Məcəlləsinin 115.6-cı maddəsində göstərilir ki, bu iki halda təmir xərcinin gəlirdən çıxılmasına dair 115-ci maddənin müddəaları icarəyə götürənə tətbiq edilmir.
Vergi Məcəlləsinin 115.5-ci maddəsində əsas vəsaitlərin təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılması göstərilmişdir.
Belə ki, tərəflər arasında bağlanan müqavilədə əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı suallar qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.
Eyni zamanda, Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur.
Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır. Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 115.7-ci və 115.8-ci maddələrinə dair müddəalar balansda əsas vəsait kimi uçota alınan aktivlərə münasibətdə tətbiq edilir və uzunmüddətli icarə istisna olmaqla, icarəyə götürülən əsas vəsaitlərə münasibətdə tətbiq edilmir.
Beləliklə icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:
• İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;
• İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər - Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 115-ci və Mülki Məcəllənin 680-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaları ilə tənzimlənir.
Beynəlxalq daşıma ilə məşğul olan müəssisə tərəfindən xarici ölkədə yanacaq, ödənişli yollardan istifadə haqqı kimi çəkilmiş xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Buna əsasən müəssisənin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri ilə bağlı olan xarici ölkədə yanacaq, ödənişli yollardan istifadə haqqı kimi xərcləri həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə təsdiq edildiyi halda belə xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənir.
Sahibkarlıq subyektləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələr gəlirdən çıxılan xərclərə aid edilirmi?
Məlum olduğu kimi, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilmişdir. Qaydaya əsasən fondun maliyyələşmə mənbələrindən biri də fiziki və hüquqi şəxslərin könüllü ödəmələridir.
Bildiririk ki, Vergi Məcəlləsində vergi ödəyicisi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələrin gəlirdən çıxılan xərclərə aid edilməsi və ya onların gəlirlərinin (mənfəətinin) Fonda köçürülən hissəsinin vergidən azad olması nəzərdə tutulmamışdır.
Yuxarıda olunanlar Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə tənzimlənir.
Cəmiyyət ərzaq məhsullarının pərakəndə və topdan satışı ilə məşğuldur. Pandemiya dövründə dövriyyənin aşağı düşməsi səbəbindən icarəyə verən tərəfindən iki aylıq icarə haqqından imtina olunmuşdur. Ödəniş edilməyən icarə haqqı üzrə vergitutma məqsədləri üçün rəsmiləşdirmə hansı formada aparılmalıdır?
Bildiririk ki, ərzaq məhsullarının pərakəndə satışı fəaliyyət növü xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinə aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.
Qeyd olunanlara əsasən xüsusi karantin dövründə Cəmiyyətin fəaliyyət növü fəaliyyətinə icazə verilən fəaliyyət sahələrinə aid edildiyindən göstərilən halda Cəmiyyət tərəfindən icarə haqları üzrə ödəniş aparılmadığından həmin icarə haqqı məbləğləri cəmiyyətin satışdankənar gəlirinə və icarə haqqı üzrə öhdəliklər isə gəlirdən çıxılan xərclərə aid edilir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 13-cü, 104-cü və 108-ci maddələri ilə tənzimlənir.
Şirkətimiz yerli və beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. Hər iki fəaliyyətim üzrə işçilərə ödənilən əmək haqları, habelə şirkətin balansında olan nəqliyyat vasitələrinə görə çəkilən xərclər hansı formada gəlirdən çıxılmalıdır?
Bildiririk ki, sadələşdirilmiş vergiyə və mənfəət vergisinə cəlb olunan əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Hər iki fəaliyyət üzrə çəkilən və bölüşdürülməsi mümkün olmayan müştərək xərclərin gəlirdən çıxılan məbləği mənfəət vergisinə cəlb olunan gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 108-ci və 218-ci maddələri ilə tənzimlənir.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən binanın altında yerləşən torpağın alışına çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilirmi?
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi üzrə çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Buna əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən torpağın alınmasına çəkilən xərclər tikilən binanın dəyərini təşkil edən xərc elementi olduğundan, həmin binadan yaşayış və qeyri-yaşayış sahələri təqdim olunarkən təqdim edilən sahələrin dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir.
Müəssisə malların alınmasına görə güzəştli vergi tutulan ölkədə yerləşən qeyri-rezidentə avans olaraq 100.000 manat vəsait köçürür və həmin vəsaitdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutub dövlət büdcəsinə ödəyir. Növbəti ay isə bağlanmış müqavilənin şərtlərinə uyğun razılaşdırılmış şərtdə malların göndərilməsi mümkün olmadığından qeyri-rezidentlə bağlanmış müqavilə ləğv edilir və ona avans olaraq köçürülmüş vəsait müəssisənin bank hesabına geri qaytarılır. Bu halda tutulmuş vergilər azaldıla bilərmi?
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı hər il üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.
“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il 724 nömrəli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı yeni redaksiyada təsdiq edilmişdir.
Bildiririk ki, rezident şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə köçürülən məbləğlər aparılan əməliyyatın baş tutmaması səbəbindən rezident şəxslərin bank hesablarına geri qaytarıldığı hallarda həmin ödəmələrdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq tutulmuş 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi azaldılır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 125-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli və 11 iyun 2019-cu il 724 nömrəli Fərmanları ilə tənzimlənir.
Müəssiəmiz Gürcüstan Respublikasında tikinti sektorunda işçi qüvvəsinin verilməsi və avadanlıqların icarəyə verilməsi fəaliyyəti ilə məşğul olur. Gürcüstan Respublikasında filialımız vasitəsilə fəaliyyət göstəririrk. ABŞ-da yerləşən təchizatçı şirkətlə bağlanmış müqavilə əsasında avadanlıq əldə edilib və həmin avadanlığın ABŞ-dan Gürcüstana daşınması ilə bağlı qeyri-rezidentə daşıma xidmətinə görə ödəniş həyata keçirilir. Bu halda beynəlxalq daşımaya görə qeyri-rezidentə aparılan ödənişdən 6 faiz dərəcə ilə vergi tutulmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə görə yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab edilir.
Vergi Məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir zərbaycan mənbəyindən gəlirə aid edilir.
Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə ənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.
Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri ilə tənzimlənir.
Rezident müəssisə ilə qeyri-rezident arasında bağlanmış müqaviləyə əsasən qeyri-rezident xidmətlərin göstərilməsini həyata keçirir. Müqavilə şərtlərinə görə xidmətlər göstərildikdən sonrakı 30 gün ərzində rezident tərəfindən xidmətlərin dəyəri ödənilməlidir. Ödənişin gecikdirilməsinə görə hər gecikmiş gün üçün müqavilə dəyərinin 0,1 faizi həcmində cərimənin ödənilməsi müqavilədə şərt kimi nəzərdə tutulmuşdur. Bilmək istərdim ki, qeyri-rezidentə cərimə şəklində aparılan ödənişdən vergilər tutulmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrdən ödəmə mənəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Buna əsasən qeyri-rezident tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan məbləğin vaxtından gec ödənilməsi ilə bağlı qeyri-rezidentə ödənilən cərimə məbləği qeyri-rezident hüquqi şəxsin Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərinə aid edildiyindən cəriməni ödəyən rezident tərəfindən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.
Eyni zamanda rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 125-ci və 159-cu maddələri ilə tənzimlənir.
Rezident müəssisə ilə qeyri-rezident arasında bağlanmış müqavilə əsasında işlərin görülməsi 2018-ci ilin noyabr ayında tamamlanmış və ödəniş üçün rezident müəssisəyə hesab-faktura verilmişdir. Rezident müəssisə görülmüş işlərin dəyərini 2019-cu ilin yanvar ayında qeyri-rezidentə ödəmişdir. Bu halda qeyri-rezidentə görə büdcəyə ödənilməli olan ƏDV məbləği hansı hesabat dövründə hesablanmalıdır?
Bildiririk ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədən qüvvədə olan 169.3-cü maddəsinin redaksiyasına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Qeyd olunanlara əsasən 2018-ci ildə qeyri-rezidentdən əldə edilmiş xidmətlərə görə ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 01.01.2020-ci il tarixədək qüvvədə olan müddəaalarına uyğun olaraq qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərin müvafiq aktla təsdiq edilərək qəbul edildiyi ayın ƏDV bəyannaməsində əks etdirilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 169-cu və 173-cü maddələri ilə tənzimlənir.
Cəmiyyətlə qeyri-rezident şəxs arasında bağlanılmış müqaviləyə uyğun olaraq cəmiyyətin sifarişi əsasında qeyri-rezident şəxs tərəfindən proqram təminatının (mobil tətbiqinin) hazırlanaraq tam mülkiyyət hüququ ilə cəmiyyətə təqdim edilməsinə görə qeyri-rezidentə aparılan ödənişlər hansı vergilərə cəlb olunmalıdır?
Bildiririk ki, proqram təminatının (mobil tətbiqinin) sifariş əsasında tam mülkiyyət hüququ ilə cəmiyyətə təqdim edilməsinə görə qeyri-rezidentə aparılan ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin ödənişin tam dəyəri 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
Bununla yanaşı, mobil tətbiqinin təqdim edilməsinə görə qeyri-rezidentə ödəniş edən və ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezident müəssisə tərəfindən qeyri-rezidentə görə ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.
Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 125-ci, 169-cu və 175-ci maddələri ilə tənzimlənir.
Cəmiyyətimiz tərəfindən qeyri-rezident şirkətə xidmət göstərilmiş və həmin xidmətlər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə aid edilmişdir. Cəmiyyət həmin əməliyyatlar üzrə yaranan debitor borc məbləğini Cəmiyyətin gəlirdən çıxılmayan xərclərə aid edərək sildiyi halda silinmiş borc məbləği qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.
Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd olunanlara əsasən rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri ilə tənzimlənir.
Rezident müəssisə Türkiyə Respublikasında təşkil olunan sərgidə iştirakla bağlı Türkiyə şirkətinə ödəniş edir (sərgidə pavilyonun təşkili və digər zəruri xidmətlərlə bağlı). Qeyri-rezidentə aparılan bu ödənişdən ödəmə mənbəyində vergi tutulmalıdırdmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən xərclər çıxılmadan bu maddə ilə müəyyənləşdirilmiş dərəcələrlə vergi tutulur.
Buna əsasən qeyri-rezident tərəfindən təşkil olunan sərgidə iştirakla bağlı göstərilən xidmətlər görə aparılan ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmədiyindən ödəmə mənbəyində vergiyə cəlb edilmir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri ilə tənzimlənir.
Cəmiyyət həm dərman preparatlarının satışı, həm də ölkədaxili sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Məlum olduğu kimi, sərnişindaşıma fəaliyyəti ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən məhdudlaşdırılmışdır. Bu halda cəmiyyətin hər iki fəaliyyət üzrə istifadə etdiyi ofis binasına görə hesablanmış əmlak və torpaq vergilərinə münasibətdə Vergi Məcəlləsinin 224.1.1-ci maddəsində nəzərdə tutulmuş azadolma hansı qaydada tətbiq ediləcəkdir?
Bildiririk ki, Vergi Məcəlləsinin 224.1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi azadolmaları tətbiq edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.
Göründüyü kimi müvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı müəyyən edilmiş əmlak və torpaq vergiləri üzrə azadolma Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən vergi ödəyicilərinin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Digər fəaliyyət sahələri üzrə əməliyyatlardan əldə edilmiş gəlirlər isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunmalı və hesablanmış vergilər dövlət büdcəsinə ödənilməlidir.
Buna əsasən sualda göstərilən halda vergi ödəyicisi tərəfindən ofis binası müştərək fəaliyyət üzrə istifadə edildiyindən həmin əmlak tam məbləğdə əmlak vergisinə cəlb edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri ilə tənzimlənir.
Cəmiyyətimizdə çalışan əməkdaşlarımızdan birində Covid-19 virusu aşkarlandığı üçün bütün işçi personalımızı Covid-19 testlərindən keçirmişik. Bununla əlaqədar olaraq, testlərin keçirildiyi xidmət göstərən klinika ilə müqavilə bağlanılmış, klinika tərəfindən elektron qaimə-faktura göndərilmiş və Cəmiyyət tərəfindən klinikanın göstərdiyi xidmətlərin dəyəri nağdsız qaydada ödənilmişdir. Cəmiyyət tərəfindən çəkilən bu xərclər gəlirlərdən çıxılan xərclərə aid ediləcəkmi?
Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvəqqəti vergi rejimi tətbiq edilən fəaliyyət sahəsinə aid edilib-edilməməsindən asılı olmayaraq vergi ödəyicisi tərəfindən koronovirus testinin analizlərinə görə ödənilmiş vəsaitlərin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmiləşdirildikə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.
Belə ki, Vergi Məcəlləsinin 224.9-cu maddəsinə əsasən müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 224-cü maddəsi ilə tənzimlənir.
Şirkətimiz quru təmizləmə xidməti ilə məşğuldur və fəaliyyətimiz pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə aid edilməmişdir. Pandemiya dövründə kollektivin sağlamlığının qorunması məqsədilə zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə çəkilmiş xərclər (qoruyucu maska, eynək, tibbi spirt, dezinfeksiyaedici məhlul, ofisin (istehsalat sahəsinin) dezinfeksiyası olunması və s.) məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılırmı? Bu malların alınmasına görə əldə edilmiş elektron qaimə-fakturalar üzrə ödənilmiş ƏDV-nin məbləği əvəzlləşdirilirmi? İşçilərin iş vaxtı ərzində dezinfeksiya tədbirləri məqsədləri üçün alınmış mallar (qoruyucu maska, eynək, tibbi spirt, dezinfeksiyaedici məhlul s.) ilə təchiz edilməsi məqsədilə onlara əvəzsiz qaydada malların verilməsi vergiyə cəlb edilirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 224.9-cu maddəsinə əsasən müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. Bu maddənin müddəaları pandemiyadan zərər çəkib-çəkməməsindən asılı olmayaraq gəlir (mənfəət) vergisinin ödəyicisi olan bütün vergi ödəyicilərinə şamil edilir.
Bu maddə ilə əhatə olunan xərclər üzrə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.
Eyni zamanda çəkilmiş bu tipli xərclər üzrə alınmış malların işçilərə verilməsi ƏDV-nin vergitutuma obyektini yaratmır və belə xərclər işçinin vergi və məcburi dövlət sosial sığorta haqqı tutulan gəlirlərinə aid edilmir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 175-ci və 224-cü maddələri ilə tənzimlənir.
Cəmiyyətimiz pandemiya dövründə əhalinin həyat və sağlamlığının qorunması məqsədilə ölkə daxilində alınmış və idxal edilmiş tibbi vasitələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əvəzsiz təqdim etmişdir. Səhiyyə Nazirliyinə malların əvəzsiz təqdim edilməsi əməliyyatı üzrə Cəmiyyətin vergi öhdəlikləri yaranırmı? Əhaliyə pulsuz paylanılması məqsədilə Səhiyyə Nazirliyinə təqdim edilmiş həmin tibbi vasitələrin dəyəri Cəmiyyətin gəlirdən çıxılan xərclərinə aid edilirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir.
Buna əsasən sorğuda göstərilən halda cəmiyyət tərəfindən tibbi vəsaitlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidir.
Bununla yanaşı cəmiyyət tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə əvəzsiz olaraq verilən tibbi vəsaitlərə görə ƏDV və mənfəət vergisi öhdəliyi yaranmır.
Eyni zamanda Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 224.9-cu maddəsinə əsasən müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.
Bu maddənin müddəaları vergi ödəyicisinin müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirdiyi obyektlərdə (ofis, anbar, istehsal sahəsində, xidmət və ticarət obyektlərində) zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərə münasibətdə tətbiq edilir.
Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən tibbi vəsaitlərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə yardım məqsədilə təqdim edilməsi ilə bağlı xərclər Vergi Məcəlləsinin 224.9-cu maddəsinin təsiri dairəsinə düşmür və cəmiyyətin qeyri-kommersiya xarakterli xərcləri hesab olunmaqla gəlirdən çıxılan xərclərinə aid edilmir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.
Buna əsasən cəmiyyət tərəfindən Səhiyyə Nazirliyinə yardım məqsədilə alınmış tibbi vasitələrə çəkilən xərclər üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 175-ci və 224-ci maddəsi ilə tənzimlənir.
“A” MMC “B” MMC-dən aldığı malların dəyərini və ƏDV məbləğini satıcının bank hesabına və ƏDV depozit hesabına ödənilməsinə dair müştərisi olduğu bankda 30.09.2020-ci il tarixdə ödəmə tapşırığı təqdim edir. Bank malın əsas dəyərinin ödənilməsi barədə tapşırığı həmin gün, ƏDV-nin ödənilməsi barədə tapşırığı isə növbəti ayın birinci günü, yəni 01.10.2020-ci il tarixdə icra edir. Bu halda ödənilmiş ƏDV məbləği sentyabr ayının yaxud oktyabr ayının ƏDV bəyannaməsində əvəzləşdirilməlidir?
Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 17.09.2013-cü il tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 30.09.2013-cü il tarixdə 23201309170191 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) hesabına ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmasın. Bank hesabı müqaviləsində ödəniş tapşırığının müvafiq sahəsində köçürmənin konkret tarixinin göstərilməsi nəzərdə tutula bilər.
Qeyd olunanlara əsasən ƏDV ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) əsas dəyərinin və ƏDV məbləğinin digər şəxsin müvafiq olaraq bank hesabına və ƏDV depozit hesabına ödənilməsini özündə əks etdirən bank tərəfindən qəbul edilən ödəmə tapşırığının banklar tərəfindən növbəti günlərdə icra edilməsindən asılı olmayaraq (əsas məbləğin alıcının bank hesabına ƏDV məbləğinin isə depozit hesabına köçürülmə tarixindən asılı olmayaraq) vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV ödəniş tapşırığının banka verildiyi (qəbul edildiyi) ayın ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 175-ci maddəsi və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” ilə tənzimlənir.
Cəmiyyət Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat evlərinə yardım göstərmək istəyir. Lakin yardım pul şəklində köçümə yolu ilə deyil, natura şəklində ediləcəkdir. Bu halda natura şəklində müvafiq internat evlərinə göstərilən yardım üzrə hüquqi şəxsə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan azadolma tətbiq edilirmi? Bu əməliyyat üzrə vergi qanunvericiliyinə uyğun olaraq əlavə vergi öhdəliyi yaranırmı? Yardım məqsədilə natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 7.2-ci bəndinə əsasən bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.
Buna əsasən hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti cəmiyyətə tətbiq edilmir.
Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab edilir və həmin mallara görə vergi ödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir və ƏDV-nin və mənfəət vergisinin vergitutuma obyektini yaradır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü, 71-1-ci, 106-cı, 142-ci, 159-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir.
Təsisçidən alınmış faizsiz borc məbləğləri iki ildən sonra təsisçi fiziki şəxsə qaytarılır. Bu əməliyyat üzrə tərəflərin vergi öhdəliyi yaranırmı?
Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri ilə tənzimlənir.
Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icra haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.
“Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Qeyd olunanlara əsasən bildirirk ki, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 204-cü, 207-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Mənfəət vergisi ödəyicisi olan cəmiyyət mikro sahibkarlıq subyektidir. Cəmiyyət 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəmişdir. Daha sonra cəmiyyət 2020-ci ilin aprel ayında könüllü olaraq Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən ərizə ilə müraciət edərək 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bu halda 2019-cu ilin bölüşdürülməmiş mənfəəti hesabına fevral və mart ayında ödənilən dividend ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırmı?
Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 106-cı maddəsi ilə tənzimlənir.
Cəmiyyət Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat evlərinə yardım göstərmək istəyir. Lakin yardım pul şəklində köçümə yolu ilə deyil, natura şəklində ediləcəkdir. Bu halda natura şəklində müvafiq internat evlərinə göstərilən yardım üzrə hüquqi şəxsə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan azadolma tətbiq edilirmi? Bu əməliyyat üzrə vergi qanunvericiliyinə uyğun olaraq əlavə vergi öhdəliyi yaranırmı? Yardım məqsədilə natura şəklində internat evlərinə verilən mallara görə elektron qaimə-faktura təqdim edilməlidirmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azad edilmişdir. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 7.2-ci bəndinə əsasən bu Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulan vergidən azadolmaya əsas vermir.
Buna əsasən hüquqi şəxs tərəfindən internat məktəblərinə yardım natura formasında göstərildiyindən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti cəmiyyətə tətbiq edilmir.
Bununla yanaşı, vergi qanunvericiliyinin müddəalarına əsasən sorğuda qeyd olunan halda hüquqi şəxs tərəfindən internat məktəblərinə natura formasında yardımın göstərilməsi (uşaq yeməklərinin əvəzsiz qaydada verilməsi) malların təqdim edilməsi hesab edilir və həmin mallara görə vergi ödəyicisi olan qarşı tərəfə elektron qaimə-faktura təqdim edilməlidir. Təqdim edilən malların elektron qaimə-fakturada yardım kimi verilməsinin qeyd olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildiririk ki, hüquqi şəxs tərəfindən natura formasında yardımın verilməsi (uşaq yeməklərinin əvəzsiz təqdim edilməsi) Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada malların təqdim edilməsi hesab edilir və ƏDV-nin və mənfəət vergisinin vergitutuma obyektini yaradır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü, 71-1-ci, 106-cı, 142-ci, 159-cu maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə tənzimlənir.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Eyni zamanda Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən pandemiyadan zərərçəkmiş şəxslərin əldə edilən mənfəətin (gəlirin) 75 faizinin mənfəət (gəlir) vergisindən azad olunması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, mikro sahibkarlıq subyekti və eyni zamanda pandemiyadan zərərçəkmiş şəxs olan olan müəssisə 2020-ci ilin mənfəət vergisi məqsədləri üçün qeyd edilən hər iki maddə üzrə nəzərdə tutulmuş azadolmanı tətbiq edə bilərmi?
Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.
Eyni zamanda müvəqqəti vergi rejimi dövründə Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əldə edilən mənfəətin (gəlirin) 75 faizi məbləğində azadolma tətbiq edilir.
Buna əsasən vergi ödəyicisinin hər iki maddə üzrə güzəşt hüququ yarandıqda əldə olunmuş mənfəətin 75 faizi məbləğində azadolma hüququ bir dəfə tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 106-cı və 224-cü maddələri ilə tənzimlənir.
Müəssisə ƏDV ödəyicisidir və malların ölkə xaricindən idxal edərək topdan satışını həyata keçirir. Cari il ərzində avqust, sentyabr və oktyabr aylarında müəssisə tərəfindən mal idxal edilmişdir. Mallar idxal olunan zaman gömrük orqanı tərəfindən malların qiyməti statistik dəyər tətbiq edilməklə artırılaraq yenidən qiymətləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq idxal olunmuş malların anbara mədaxili zamanı invoys dəyəri, yoxsa gömrük orqanının təyin etdiyi statistik dəyər əsas götürülməklə həmin malların uçotu aparılmalıdır?
Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 162-ci maddəsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Müəssisəmiz yanacaq məhsulların topdan və pərakəndə satışı ilə məşğuldur. Müəssisənin bir sıra şirkətlərlə müqaviləsi vardır ki, şirkətlərin sürücülərinə ay ərzində təqdim edilmiş yanacağa görə həmin şirkətlərə elektron qaimə-faktura göndərilir. Qeyd etmək lazımdır ki, yanacağın bu formada satışı zamanı sürücülərə nəzarət-kassa aparatının çeki də təqdim olunur ki, bu zaman həmin məbləğlər dövriyyəyə iki dəfə daxil edilmiş olur. Müəssisə əlavə maliyyə itkisinə məruz qalmamaq üçün nə etməlidir?
Bildiririk ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir.
Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri ilə tənzimlənir.
Şirkətimiz ictimai iaşə fəaliyyəti ilə məşğul olur və digər vergi ödəyicilərinə də ketrinq xidmətləri göstərir. Şirkətin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ varmı?
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.
Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Bunlara əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 218-ci maddələri ilə tənzimlənir.
Fərdi sahibkar malları pərakəndə ticarət obyektində satmaqla yanaşı, onlayn verilən sifarişlər üzrə də malların fiziki şəxslərə çatdırılaraq satılmasını həyata keçirir. Onlayn alış-veriş zamanı alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilirmi?
Bildirirk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Sorğuda göstərilən halda pərakəndə ticarət qaydasında internet üzərindən təqdim edilmiş mallara görə hər bir alıcıya ayrıca nəzarət-kassa aparatının çeki verilməlidir.
Yuxarıda qeyd edilənlər Vergi Məcəlləsinin 13-cü, 16-cı, 71-1-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.