CANLI REJİM VAXTI PROQRAM MENYUSUNDAN İSTİFADƏ QAYDASI

Menyu
2  düyməsi seçildikdə vergi ödəyiciləri günün istənilən vaxtında avtomatik   rejimdə VÖEN-i daxil etməklə dövlət büdcəsinə olan borcları haqqında  məlumat ala bilərlər, burada operatorla əlaqə nəzərdə tutulmamışdır.

- Əyər Siz “Bir Pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı haqqında məlumat almaq istəyirsinizsə “1” düyməsini seçirsiniz. Bu zaman sahibkarlıq fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə qeydiyyatı, biznesə başlama prosedurları, tələb olunan sənədlər haqqında birbaşa müfəttiş-operatordan ətraflı məlumat ala bilərsiniz.

- Siz vergi borcunuz haqqında məlumatı almaq istəyirsinizsə “2” düyməsini seçirsiniz. Vergi borcu haqqında məlumat menyusu fasiləsiz və avtomatik rejimdə fəaliyyət göstərir. Bu zaman Siz müvafiq düyməni seçdikdən sonra əlavə olaraq telefon aparatında öz VÖEN-i yığmaqla vergi borcu haqqında məlumat ala bilirsiniz.

- Vergi işçilərinin hərəkət və hərəkətsizliyindən şikayət etmək istədikdə “3” düyməsini seçirsiniz. Telefon Mərkəzi tərəfindən canlı rejimdə vergi qanunvericiliyinin pozulması halları, o cümlədən vergi orqanlarının vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətləri (hərəkətsizliyi) barədə vergi ödəyicilərinin etdikləri şikayət, verdikləri məlumat qəbul edilir. Bu zaman aidiyyəti üzrə daxil olan şikayət və məlumat müfəttiş-operator tərəfindən qəbul edilir və «Vergi ödəyicisinin şikayət vərəqəsi» tərtib edilərək Telefon Mərkəzinin rəisinə təqdim edilir.

Şikayət edən öz adını, ünvanını (olduğu yeri) və telefon nömrəsini bildirmədikdə «Vergi ödəyicisinin şikayət vərəqəsi» tərtib edilmir. Vergi qanunvericiliyinə aid olmayan şikayət müfəttiş-operator tərəfindən qəbul edilmir.

Telefon Mərkəzinin rəisi «Vergi ödəyicisinin şikayət vərəqəsi»nin düzgün tərtib edildiyini, şikayətin vergi qanunvericiliyi baxımından əsassız və anonim olmadığını yoxlayır.

Şikayət operativ qaydada araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün aidiyyəti vergi orqanına göndərilir. Aidiyyəti vergi orqanı şikayətin mövcud qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırılmasını və nəticəsi barədə şikayətçiyə məlumat verilməsini təmin edir.

- Vergi ödəyicilərinin və vətəndaşların vergi qanunvericiliyi barədə suallarının cavablandırılması üçün isə “4” düyməsi seçilir.

Vergi ödəyicilərinin suallarının cavablandırılması müfəttiş-operator tərəfindən birbaşa əlaqə (canlı ünsiyyət) formasında qanunvericiliklə müəyyən edilmiş iş günlərində həyata keçirilir.

Birbaşa əlaqə vaxtı telefon danışığının (sualın və cavabın) müddəti ən çox 10 dəqiqə müəyyən edilmişdir. Vergi ödəyicisinin sualına göstərilən müddətdə tam əhatəli cavab vermək mümkün olmadığı halda onunla təkrar əlaqə yaradılması üçün müfəttiş-operator tərəfindən «Vergi ödəyicisinin sual vərəqəsi» tərtib edilir. Bu zaman müfəttiş-operator vergi ödəyicisinin rekvizitlərini və onunla razılaşdırılmış təkrar əlaqə vaxtını «Vergi ödəyicisinin sual vərəqəsi»nə qeyd edir.

Telefon Mərkəzinin rəisi operativ şəkildə vergi ödəyicisinin sualının araşdırılmasını və müəyyən edilmiş vaxtda onunla əlaqə yaradılmaqla sualın tam və düzgün cavablandırılmasını təşkil edir.

Xüsusi hallarda, yəni verilən sual ilə əlaqədar bilavasitə vergi orqanında araşdırma aparılması zərurəti olduqda vergi ödəyicisi aidiyyəti vergi orqanına dəvət edilir.
Vergi qanunvericiliyinə və vergi orqanlarına aid olmayan suallar müfəttiş-operator tərəfindən cavablandırılmır, sualın mahiyyəti üzrə aidiyyəti orqana müraciət edilməsi bildirilir.

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az